Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“İran Azərbaycanla münasibətlərdə nə istədiyini, nə gözlədiyini aydın ifadə etməlidir”
“İran Azərbaycanla münasibətlərdə nə istədiyini, nə gözlədiyini aydın ifadə etməlidir”

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə yenidən görüşüb.

"Report"un məlumatına görə, İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi görüşlə bağlı tviter səhifəsində paylaşım edib. Görüşdə ikitərəfli münasibətlər müzakirə olunub.

Qeyd edək ki, H.Hacıyev sentyabrın 13-də də İran Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşmüşdü.

Asim Mollazadə Asim Mollazadə

Bu mövzuda Bizimyol.info saytına danışan Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib ki, İran İslam Respublikası minlərlə müsəlmanın qanını tökən, yüz minlərlə müsəlmanı yurdundan didərgin salan Ermənistana dəstək verməklə böyük bir rəzalətə imza atıb: “Hətta Azərbaycan ərazi bütövlüyünü təmin edəndən sonra da, terrorçulara İran tərəfdən dəstəyin davam etməsinin şahidi oluruq. Bunun qarşısı mütləq alınmalıdır. Azərbaycan sərt tədbirlərini həyata keçirir. İran isə müsəlmanların qatillərinə dəstək verməsinin səbəbini İslam dünyasına açıqlamalıdır. İran erməni terrorçularına verdiyi dəstəyə görə, bütün İslam dünyasına izahat borcludur”.

O qeyd edib ki, Ermənistan post-müharibə dövründə Azərbaycana qarşı İrandan istifadə etməyə, Tehran və Bakı arasında gərginlik yaratmağa çalışır.

“Azərbaycan isə əksinə, heç bir qalmaqal, ritorika mübadiləsinə getmədən, İran tərəfini dialoqa çağırır. Bir həftə içində artıq ikinci dəfədir ki, İranın səfiri Prezidentin köməkçisi ilə görüşür. Bu istiqamətdə rəsmi Tehran öz mövqeyini ortaya qoymalıdır. “Həm sizinləyik, həm onlarla” anlayışı qəti qəbul edilə bilməz. Azərbaycanın mövqeyi aydındır və biz İran tərəfdən də eyni konkretlik gözləyirik. İran tərəfi Azərbaycanla münasibətlərdə nə istədiyini, nə gözlədiyini aydın ifadə etməlidir. Bir də ki, Azərbaycanın öz silahlı qüvvələrini daim inkişaf etdirməsi, Türkiyə ilə, Pakistanla, yaxud hər hansı digər ölkə ilə qurduğu sıx əlaqələr heç kimi narahat etməməlidir. Azərbaycan bütün tərəfdaşlıq münasibətlərini öz suverenliyini qorumaq və möhkəmləndirmək üçün qurur”, - deyə deputat vurğulayıb.

Siyasi şərhçi Gülsel Səfərova isə ötən gün Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən Gorus-Qafan yolunda iki iranlı sürücünün saxlanılması və yol bəyannamələrində “Stepanakert, Armenia” yazılmasını xatırladıb.

Gülsel Səfərova Gülsel Səfərova

“Bu kimi hallar beynəlxalq hüquqa ziddir. Və proseslərin gedişatı da göstərir ki, Azərbaycan tərəfi İrana qarşı hər hansı böhtan və ya şərləmə kampaniyası aparmır, əksinə, öz suverenliyini müdafiə etmək üçün gərəkən addımları atır. Nədənsə, biz beynəlxalq təşkilatların susduğunu müşahidə edirik. Lakin düşünürəm ki, əslində beynəlxalq təşkilatlar, o cümlədən BMT səviyyəsində məsələyə münasibət bildirilməli, gərəkən mesajlar verilməlidir. ​ Qarabağ münaqişəsi bitibdir, İran da rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Belə olduğu halda, İran tərəfi bu məsələ ilə bağlı bütün gərəkli nüansları nəzərə almalıdır”, - deyə G.Səfərova qeyd edib.

Onun sözlərinə görə, bütün baş verənlərə baxmayaraq, Azərbaycan İranla münasibətləri korlamaqda maraqlı deyil.

“Cənab Prezidentin də məsələni nəzarətə aldığı şübhə doğurmur. Əgər bir həftə ərzində Prezident köməkçisi Hikmət Hacıyev iki dəfə İranın səfirini qəbul edirsə, deməli, ölkə rəhbərliyi məsələyə həssas yanaşır, bu və digər problemlərin qısa zamanda həllinə, Tehran-Bakı münasibətlərinin normallaşmasına səy göstərir. Azərbaycan rəhbərliyində yaxşı anlayırlar ki, Azərbaycanın qonşuları ilə münasibətlərini korlamaq istəyən provokatorlar çoxdur. Bu istiqamətdə Bakı təmkin və xoş niyyət göstərməkdə davam edir. İran tərəfindən də təmkin və anlayış göstəriləcəyinə ümid edirəm. Bizim İranda milyonlarla soydaşımız yaşayır, xalqlarımız arasında tarixi bağlar var. Dövlətlərarası münasibətlərdə bu kimi nüanslara da ​ diqqət yetirmək lazımdır”, - deyə siyasi şərhçi əlavə edib.

Rüfət Əhmədzadə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »