Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Söyüşlə kəskin danışmağı səhv salanların atdığı bumeranq kimə dəyir?
Söyüşlə kəskin danışmağı səhv salanların atdığı bumeranq kimə dəyir?

Sosial şəbəkələrdə axtarış apararkən təsadüfən qarşıma özünü müxalifət adlandıran gənclərdən birinin canlı yayımı çıxdı.

“Bəlkə ağıllı söz deyər” deyə bir neçə dəqiqə diqqət kəsildim və eşitdiklərim məni heyrətə saldı. Verdiyi şokedici faktlarla yox, siyasi etiketin kobud şəkildə pozulması, yüz minlərlə izləyicisi olan bir blogerin ağzından çıxan ifadələrin heç bir halda qəbuledilməz olması ilə. Elə ifadələr işlədilirdi ki, onu nəinki efirdən demək olmaz, hətta insan öz tərbiyəsindən ar edib düşməni üçün də işlətməz. Bu şəkildə özünü ifadə etmək ilk növbədə natiqi gözdən salır və iqtidarın qarşısına çıxmaq istəyən bu qüvvənin nə dərcədə cılız olduğunu nümayiş etdirir. Dediyi hər təhqirlə, hər kəlməylə əslində qarşısındakını yox, özünü pis vəziyyətə salır. Kəskin yazmaq, kəskin düşünmək, danışmaq başqası haqqında təhqiramiz ifadələr işlətməklə deyil, başqalarının dilə gətirməyə qorxduğu həqiqətləri qərəzsiz şəkildə, doğru və düzgün açıqlamaqdır.

Bu gün sosial şəbəkələr insanlara öz fikirlərini ifadə etmək üçün əla platformadır, istəyən bu meydana girib istədiyi şəkildə fikirlərini söyləyir. Bu istər siyasi fəaliyyətlə, istərsə də sosial həyatımızla əlaqəli olsun, kütləvi şəkildə özümüzü azad ifadə etmək bacarığımız yaranıb demək yanlış olardı.

Ürəyindən keçənləri açıq demək, tənqid etmək üçün çoxları saxta adlardan, saxta profillərdən istifadə edir. Hətta saxta profillə belə önəmli bir şəxsin haqqında tənqidi fikir yazanların üzərinə qarşı tərəfin “bəslədiyi” “troll” ordusu hücum çəkir. Fikirlər isə əsaslandırılmış faktlarla qarşı tərəfi susdurmağa yönəlmir, sadəcə qarşı tərəfi qurşaqdan aşağı təhqir etməklə susdurmaq praktikası həyata keçirilir.

Yəqin çoxlarına sirr deyil ki, önəmli dövlət müəssisələrində çalışan adamların şəxsi sosial şəbəkə hesablarına müdiriyyətləri səviyyəsində nəzarət var. Adam hər hansı bir siyasi ifadə işlədibsə, narazılıq ifadə edibsə, öncə yüngülvari xəbərdarlıq alır, fikrinin silinməsi tələb olunur, bunu da etmirsə, işini itirməklə təhdid olunur. Söhbət heç də dövlətə xəyanət, dövlət rəhbərlərinə təhqiramiz ifadə işlətməkdən getmir.

Bu qədər “sıxıb-boğmaq” qarşısında hansı yüksək iradəli, azad düşüncəli yeni nəsil yetişdirməkdən bəhs etmək olar?

Yaxın günlərdə müəllimlərin işə qəbulu zamanı yol verilmiş nöqsanlar barədə yazdığım məqalə əsasında dövlət kanallarından birində müzakirəyə dəvət olunmuşdum. Məndən xahiş etdilər ki, yazıda bəhs etdiyim haqqı tapdanmış müəllimlərdən birini də şikayətini dilə gətirməsi üçün proqrama dəvət edim. Mən təxminən 20 gənc və orta yaşlı müəllimə zəng etdim və onların hamısı efirə çıxıb problemdən danışmaq istəmədiyini bildirdi. Çəkinirdilər, qorxurdular, bu çıxışın sonrakı mərhələdə onların karyerasında problem yaradacağından qorxurdular. Bu qorxu, xof boş yerə yaranmayıb, ağzı süddən yananlar ayranı üfürə-üfürə içirlər. Biz heç də siyasəti müzakirə etməyəcəkdik. Bir insan öz haqqını müdafiə etməkdən bu qədər qorxursa onun hansısa bir siyasi fəaliyyətinin olacağı barədə danışmağa dəyməz.

Siyasi mədəniyyətin inkişafının ən mühüm şərtlərindən biri siyasi plüralizmin həyat normasına çevrilməsinə geniş imkan yaradılması və aşkarlığın genişlənməsidir. Siyasi aktivlikdə cəmiyyətin siyasi təcrübəsi siyasi fəaliyyətin üsulları, maraqlar, biliklər, inanclar, dəyərlər, normalar, adətlər, və nəhayət, insanların hakimiyyət haqqında təsəvvürləri mühüm rol oynayır.

Siyasi münasibətlərin formalaşmasında partiyalar, QHT və İB-lər, siyasi institutlar aparıcı rol oynamalı, təbliğat maşınına çevrilməli, vətəndaş bu fəaliyyətin real və faydalı nəticəsini görməlidir. Sistemin hər bir sahəsi elə fəaliyyət göstərməlidir ki, qanuna tam müvafiq olsun, demokratiyanın yaratdığı imkanlardan cəmiyyət faydalana bilsin.

Siyasi mədəniyyətin, fikir azadlığının və onun ifadə edilməsinin formalaşdırılmasında siyasi partiyaların üzərinə böyük yük düşür. Siyasi mədəniyyətin olmaması səbəbindən müxalifət birliklərinin özləri arasında parçalanma var, onlar özləri bir-birlərini bölür, parçalayır. Bu vəziyyətə tamaşaçı olan bitərəf, sadə vətəndaş döyülən, həbs edilən hansısa partiya nümayəndəsini görəndə başının dinc qalması üçün sadəcə, uzaq durur, susur.

Mövcud olan müxalifət bloklarında tərəf müqabilinə kələk gəlmək, onu yarı yolda qoymaq kimi halları görüb inamsızlaşırlar. Üstəlik, son zamanlar hətta iqtidar partiyası üzvlərinin belə əxlaqsız görüntülərini əks etdirən videoların yayılması üzdə olmaq, tanınan sima olmaq istəklərini sıfırlayır, çaşqınlıq yaradır. Sadə vətəndaşın “onlar hamısı özü üçün çalışır, bizi düşünən yoxdur” şəklində düşüncələrə düşməsi əslində təhlükəli tendensiyadır.

“Cəmiyyət zəifdir, siyasi fəallığı yoxdur” demək istəməzdim. Bir il öncə, Qarabağın işğaldan azad edildiyi o günlərdə biz xalq olaraq toparlanmağı, bir araya gəlməyi, yumruğa dönməyi bacardığımızı sübut etdik. Demək ki, ortaq maraq varsa, mənliyimiz, mənəviyyatımız, dövlətçiliyimiz, torpaqlarımızdan söhbət gedirsə, qarşımızda heç bir qüvvə tab gətirə bilməz. Belə bir potensialı olan qüvvədən hansısa partiyalar istifadə edə bilmirsə, ətrafına yığa bilmirsə, bu onların zəifliyidir.

Azərbaycan Respublikası vətəndaşlarının 11 faizinin siyasi mənsubiyyəti var. Siyasi mənsubiyyəti olmayan müstəqil ziyalıların, ictimai-siyasi xadimlərin siyasi fəallığı hiss olunur . Bu təqdirəlayiq haldır. Sabahımızı daha parlaq, daha güclü görmək istəyiriksə, biz susan, kənar gəzən, yalançı təriflər deyən yox, tənqidə açıq, fikirlərini savadlı şəkildə ifadə edən, yerli və beynəlxalq tribunalarda insan haqlarını müdafiə etməyi bacaran gənc nəslin yetişməsində maraqlı olmalıyıq. Demokratiyanı heç bir xalqa kənardan pay etmirlər.

İlhamə Rəsulova, Bizimyol.info

Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyini onlayn media subyektlərinin (veb-saytların) inkişafına maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.3. İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »