Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan haqlı tərəfdirsə, İran tərəfinin ölçü götürməkdən başqa yolu yoxdur”
“Azərbaycan haqlı tərəfdirsə, İran tərəfinin ölçü götürməkdən başqa yolu yoxdur”

Dünən Ermənistan mətbuatında iki iranlı sürücünün Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı barədə məlumatlar yayılmışdı.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, Ehsan Zahidov​ mətbuata açıqlamasında bildirib ki, saxlanılan sürücülər qanunsuz yollarla Azərbaycan ərazisinə daxil olublar: “Ermənistandan qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Həmin avtomobillərin sürücüləri barəsində Azərbaycan Respublikasının qanunlarına uyğun müvafiq tədbirlər görüləcək”,– deyə Ehsan Zahidov vurğulayıb.

Həmçinin, sosial şəbəkələrdə bitum yükünün çatdırılma ünvanı “Stepanakert, Armenia” yazılan qaimələrin fotoşəkilləri də paylaşılıb.

Bizimyol.info saytına danışan təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bildirib ki, sözügedən məsələdə haqlı tərəfin Azərbaycan olduğu açıq-aydın görünür.

Ilham Ismayıl İlham İsmayıl

“İki gün əvvəl Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də İranın səfirini qəbul etmişdi. Azərbaycan tərəfi heç bir ritorika, qalmaqal olmadan bu məsələni həll etməkdə maraqlı olduğunu nümayiş etdirdi. İndi növbə İrandadır. Azərbaycan haqlı olduğu üçün, İran tərəfi öhdəsinə düşən addımları atmalıdır. Daha doğrusu, özündə iradə taparaq, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik hallarına son qoymalıdır. Tehranın bu istiqamətdə ölçü götürməkdən başqa yolu yoxdur”,- deyə ekspert vurğulayıb.

O qeyd edib ki, əslində bu yükdaşımalardan İran dövlətinin ən yüksək dairələrində xəbərdardırlar: “İranın yüksək siyasi dairələri, təhlükəsizlik xidmətləri xəbərdar olmadan, ordan Qarabağa quş da uça bilməz. Bu, ayrı-ayrı qrupların işi deyil. Hansısa yolla separatçılara dəstək vermək istəyiblər... Daha buna son qoymalıdırlar. Düşünürəm ki, rəsmi Tehran bu istiqamətdə özü üçün nəticə çıxaracaq”.

Politoloq Tofiq Abbasovun fikrincə, əgər problem üzə çıxırsa, onu həll etmək lazımdır.

Tofiq Abbasov Tofiq Abbasov

“Biz ermənilərlə yüz ildən artıq davam edən problemi ona görə həll edə bilmirik ki, erməni toplumu heç kimi eşitmək istəmir. Erməni lobbisi daim dünyada “məzlum” obrazı yaradaraq, başqa xalqları ittiham edir. İrana gəldikdə isə, müəyyən zamanlarda qarşılıqlı şəkildə müəyyən fikir ayrılıqları olub. Lakin son zamanlar baş verənlər dərin təəssüf doğurur. Aydındır ki, İranda erməni diasporu güclüdür və İranın siyasi dairələri də bəzən onlardan faydalanmağa çalışır. İranda hakimiyyət yenidən qurulur və kimlərsə bilərəkdən, ya da bilməyərəkdən Azərbaycanla münasibətləri korlayacaq addımları atır.​ Birincisi, “Stepanakert” adında şəhər yoxdur, hətta Ermənistanda belə yoxdur.​ İran tərəfi bunu etməklə, separatizmə açıq dəstək verir. Əgər İran hökuməti öz ərazisində - Xuzistan, Bəlucistan və kürd əsilli separatçılarla mübarizə aparırsa, nəyə görə qonşusu Azərbaycanın ərazisindəki separatçılara dəstək verir? Bu yolverilməz bir şeydir. Vaxtilə Heydər Əliyev İran-Azərbaycan münasibətlərini normallaşdırmaq üçün çox çalışdı, ondan sonra da İlham Əliyev həmin siyasəti davam etdirdi. Və dövlət başçısı dəfələrlə bəyan etdi ki, biz öz ərazimizdən İrana qarşı istifadə olunması üçün heç bir dövlətə şərait yaratmayacağıq”,- deyə T.Abbasov qeyd edib.

Onun sözlərinə görə, rəsmi Bakının etdiyi bütün jestlərin qarşılığında erməni separatçılarının dəstəklənməsi təəccüb və təəssüf doğurur: “Buna heç bir bəraət qazandırmaq olmaz. Əgər İran tərəfdə buna rəvac verən siyasi alverçilər varsa, onların qarşısı alınmalıdır. Rəisi də bəyan etmişdi ki, Azərbaycanla qonşuluq münasibətlərinə önəm verir. Belə olduğu halda, İran bölgədə sülhün və əminamanlığın bərqərar olunmasına səy göstərməlidir. Biz “altılıq platformasında” İranı da görürük, xoş münasibətlər saxlamağa çalışırıq. Bizim yeganə problemli münasibətlərimiz Ermənistanladır, bu da Ermənistan cəmiyyətində Azərbaycana qarşı alternativ münasibətin qoyulmamasından irəli gəlir. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısa, normal münasibətlərə yol açılacaq. Lakin Rusiya, Gürcüstan və İrana qarşı hər zaman mehriban qonşuluq siyasəti yürütmüşük. Rəsmi Tehran bir məsələni qəbul etməlidir ki, Azərbaycan müstəqil, suveren dövlətdir və onun iradəsinə hansısa təzyiqlər, təxribatlar təsir edə bilməz”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› Bal alarkən aldanmayın: Təbii balı tanımağın 5 üsulu - Ekspertdən məsləhət
››› Azərbaycan ordusu Türkiyə modelinə necə keçir...
››› Kainatımızı ali varlıqlar laboratoriya şəraitində yaradıblar - İlginc iddia
››› "Zəngəzur dəhlizi tamamilə Azərbaycanın öhdəliyinə verilməlidir"
››› Azərbaycanın "orijinal" müalicə müəssisələri: Sağlam adamı xəstələndirirlər...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Oktyabrın 25-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »