Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan ordusundakı “Rusiya seqmenti” 80 faiz ixtisar olunub”
“Azərbaycan ordusundakı “Rusiya seqmenti” 80 faiz ixtisar olunub”

“Azərbaycan və Türkiyə arasında hərbi əməkaşlıq son bir ildə özünün pik həddinə çatıb və silahlı qüvvələrimizin yenidən qurulmasında Türkiyə yaxından iştirak edir”.

Bu sözləri Bizimyol.info saytına danışan hərbi ekspert Elxan Şıxəliyev Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun və nazirin birinci müavini -Azərbaycan SQ Baş qərargah rəisi general-leytenan Kərim Vəliyevin​ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünü, habelə son birgə təlimləri şərh edərkən bildirib.

Elxan Şıxəliyev Elxan Şıxəliyev

Onun sözlərinə görə, müstəqillik illərində başlayan bu əlaqələr son birildə çoxşaxəli və daha miqyaslı şəkildə özünü göstərməyə başlayıb.

“Azərbaycan rəhbərliyi qələbədən arxayınlaşmadı və 44 günlük müharibənin gedişatı, bütün döyüşlər və proseslər sonradan detallı şəkildə təhlil edildi. Təbii ki, ordumuzda olan bütün çatışmazlıqlar, nöqsanlar və buraxılan səhvlər də nəzərə alındı. Son aylarda isə bütün boşluqların doldurulması, kadr islahatları, mütəxəssislərin hazırlanması, döyüş hazırlığının artırılması istiqamətində ciddi işlər gedir. Artıq Azərbaycan silahlı qüvvələrinin Türkiyə mini-modelinə, habelə NATO standartlarına keçidi sürətlə davam edir. Şuşa bəyannaməsindən sonra bu proses daha da sürətlə gedir və deyə bilərəm ki, bunun bəhrəsini yaxın illərdə görə biləcəyik. İstər XTQ, istər mühəndis qoşunları, istər HHQ, istərsə də HDQ ilə bağlı ciddi işlər başlanılıb”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, Azərbaycan silahlı qüvvələrində hərbi birliklərin təsnifatı, quru qoşunlarının hazırlığı, radio-elektron mübarizə sistemləri, hərbi doktrina, həmçinin xüsusi təyinatlı qüvvələr və mühəndis qoşunları kimi vacib amillərlə bağlı Türkiyə mini-modelini nümunə götürür.

“Azərbaycanda xüsusi təyinatlıların və mühəndis qoşunlarının sayının artırılması heç də təsadüfi deyil. 44 günlük müharibə zamanı bu birliklər çox əhəmiyyətli rol oynadılar. Həmçinin, rabitə sistemində məxfiliyin qorunması və radioelektron mübarizə sahəsində silahlı qüvvələrimiz çox irəlilədi. Birinci Qarabağ Müharibəsi zamanı Azərbaycan silahlı qüvvələrində çox ciddi məxfilik problemi var idi. Aprel müharibəsi zamanı isə şəxsi heyətlə bağlı problemlər özünü göstərdi. Lakin son müharibədə nəinki məxfiliyin qorunması, düşmənin tezliklərinin ələ keçirilməsi, radioelektron mübarizə ilə bağlı yüksək nəticə göstərdik. Demək olar ki, bütün hərbi hissələr ASELSAN istehsalı olan avadananlıqlarla, dördüncü nəsil texnologiya ilə təmin olunub. Hərbi təhsil verən müəssisələrimizdə dərsliklər NATO ədəbiyyatı əsasında tərtib olunub və artıq ABŞ-da müdavimlərin ingiliscə oxuduğu​ ədəbiyyatın eynisini bizim müdavimlər Bakıda öz dilimizdə oxuyurlar”, - deyə E.Şıxəliyev vurğuladı.

Ekspert vurğulayıb ki, ​ Ankara və Bakı arasında son aylarda baş verən qarşılıqlı səfərlər və intensiv təlimlər inteqrasiya və islahatlar prosesinin yeni vüsət aldığı mənasına gəlir: “Türkiyə Azərbaycana dörd general təyin edib. Biri hərbi ataşşe kimi, digəri Türkiyə-Rusiya Birgə Monitorinq Xidmətində nümayəndə kimi xidmət göstərəcək. Digər iki general isə Azərbaycanda gedən ordu islahatlarında və təlimlərdə yaxından iştirak edəcəklər. Düşünürəm ki, onlar növbəti mərhələdə Azərbaycan Silahlı Qüvvələrinin​ tam şəkildə Türkiyə mini-modelinə və NATO standartlarına keçidi üçün böyük töhfə verəcəklər”.

E.Şıxəliyev Azərbaycan SQ-də “Rusiya seqmenti”nin varlığı barədə sualı da şərh edib: “Əlbəttə, Azərbaycanın Türkiyə ilə əlaqələr qurmağa başladığından bəri, müxtəlif şəxslər və qruplar bu əməkdaşlığın inkişafına və NATO-yönümlü islahatlara qısqanclıqla yanaşıblar, zaman-zaman əngəl törətməyə çalışıblar. Lakin son zamanlarda aparılan kadr islahatları da onu deməyə əsas verir ki, Azərbaycan ordusunda olan “Rusiya seqmenti” 80 faizə qədər ixtisar olunub. Bu “seqment”in proseslərə təsiri isə minimuma, hətta sıfıra endirilib. Düşünürəm ki, yaxın illərdə Azərbaycan SQ-nin şəxsi heyətində daha peşəkar, daha hazırlıqlı və milli düşüncəli zabitlərin üstünlüyü tam təmin olunacaq”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »