Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qadın 35 yaşında özünə daha inamlı olur və ona nəyin lazım olduğunu yaxşı bilir"
"Qadın 35 yaşında özünə daha inamlı olur və ona nəyin lazım olduğunu yaxşı bilir"

Azərbaycanda qadınlar, müəyyən yaş dövründən sonra iş tapmaqda çətinlik çəkirlər. Sahibkarlar işə götürən zaman qadınlar üçün yaş həddi və digər standartlar qoyurlar.

"Mənim 45 yaşım var. Bir neçə il əvvəl ATS -də işləyirdim. Sonra ağır xəstəliyə yaxalandım və işdən çıxmalı oldum. Hazırda xəstəliyim azalıb, işləmək istəyirəm, iş tapmıram. İş elanlarına baxıram. Vallah, adi ofisiant işi üçün belə standartlar qoyulur. Gənc olsun, baxımlı olsun. Gənc, baxımlı qız niyə ofisiant işləsin ki?" - deyə Bizimyol.info saytına danışan Kamilə İbrahimova deyir ki, hazırda bütün iş yerləri yaşı 35-ə qədər olan qadınları işə götürür.

Bəs həyatını qura bilməyən və ya hərhansı xəstəlik üzündən işsiz qalan qadın nə ilə dolanmalıdır?

Sosioloq Tərlan Abdullayevanın sözlərinə görə, əslində 35 yaş qadının ən gözəl yaşıdır. Qadın, 35 yaşında özünə daha inamlı olur və ona nəyin lazım olduğunu yaxşı bilir.

Mütəxəssis qeyd edir ki, çox zaman bəzi iş yerlərində 35 yaşından sonra qadınların işə götürülməməsi rəhbərlərin öz "istəkləri" səbəbilə baş verir.

"Məsələn; katibə, ofisiant işlərinə ancaq gənc qızları götürürlər. Burada məqsəd işə götürülən şəxsin "hər tərəfli" istismarıdır. Həm də təkcə yaş problemi deyil, bəzi iş yerləri var ki, hicablı, ailəli və ya uşaqlı qadınları da işə götürmür. Bəhanə kimi isə, onların özünü işə bütünlükdə verə bilməməsi göstərilir" - deyə sosioloq qeyd edib. O, əlavə edib ki, əslində qadınlar 30 yaşına kimi özünə karyera qurmuş olur. Ancaq bəzi səbəblərdən işdən ayrı düşmüş, ailə qurub boşanmış və s. qadınlar üçün həqiqətən də iş tapmaq çətindir. Belə qadınlar təhsilli olsa belə, yaşlarına görə iş tapa bilmirlər.

"Əslində, bu sterotipdir ki, qadın 35 yaşdan sonra özünə baxmır və ya işlərlə dərindən maraqlanmır. İşi əmək haqqı üçün işləyir və onun üçün gələcəkdə qazana biləcəyi uğurlar hədəfi yoxdur. Elə qadınlar var ki, 45-50 yaşında qarşılarına qoyduqları məqsədə çata bilirlər. Bəzən isə qadınlar, savadsız olduqları halda bacara bilməyəcəkləri iş üçün müraciət edirlər. Qarşılaşdıqları şərtlər təbii ki, onları qorxudur. Belə qadınlar adətən iş axtaranda "nə iş olsa işləyərəm" deyə axtarırlar"- deyən mütəxəssis, bütün ölkələrdə belə problemlərin yaşandığını qeyd edir.

Psixoloq Ramin Hacılının sözlərinə görə, kişilərdə 35 yaşından böyük qadınlara qarşı qəribə düşüncə olur:

"Bəli, 35 yaşından sonra qadın üçün çox ağıllı, məlumatlı və təcrübəli qadın deyə düşünülür. Təəssüflər olsun ki, bu gün iş yerlərində belə qadınlara deyil, işini bacarmayan, işini natamam görən, təcrübəsiz qadınlara üstülük verilir. Çünki heç bir rəhbərlikdə qadının irəli getməsi, qadının kişini üstələməsi qəbul edilmir. Niyə? Deyəcəyim fikir qəribə görünə bilər. Amma bizim cəmiyyətdə kişilər qadınlara paxıllıq edir. Qadının maşını var, mənim yoxdur, qadının evi var, mənim yoxdur. Bu və bunun kimi düşüncələr rəhbərlikdə olsa belə. kişilərin qısqanclığına, daha doğrusu paxıllığına səbəb olur. Kişilər hər zaman qadının, hətta bu qadın işçisi belə olsa, ondan asılı olmasını arzulayır. Yəni qadının bacarıqlı olması müdiri sevindirmir. Əksinə bəzi müdirlərə bacarıqsız, tənbəl işçilər sərf edir ki, öz eqosunu həmin işçi üzərində tətmin edə bilsin".

Mütəxəssislərin fikrincə, qadınların 35 yaşından sonra iş tapa bilməməsi bütün cəmiyyətlərdə var. Sadəcə olaraq, indi dünyada pandemiya tüğyan edir və bu problem daha ağrıdıcı vəziyyət alıb.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »