Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uzun, incə bir yoldayıq...
Uzun, incə bir yoldayıq...

Bəlkə də çox elə fərqinə varmadıq. Çox maraqlı şeylər oldu. İrandan Qarabağa gizlicə yük daşıyan maşınlardan... rüsum almağa başladıq. Bəzilərimiz bunu hətta sosial şəbəkələrdə bir başqa yerə yozdular: "Biz sərhəddə pul toplamağı bacarırıq" yazdılar. Doğrudan da, bacardıq. Gorus-Qafan yolunda post qurduq. İrandan gələn maşınları yoxlayıb buraxırıq. Polisimiz hələ ölkəyə giriş üçün, bir növ maliyyə sanksiyası olaraq, ödəniş də tələb edir. Vaxt gələr, oralarda ağıllı-başlı gömrük postlarımız olar.

Bundan qabaq İrana nota da verdik, Azərbaycandan icazəsiz, yəni qanunsuz olaraq Qarabağa yük daşıyan İran maşınlarından haqlı narazılığımız bildirdik. Amma elə İranlılar demişkən, çifayda! Bismillah deməklə olmurmuş doğrudan da. Darını qorumağın başqa yolu varmış. Post qurmaq, gələn-gedəni yoxlamaq... hə, bu, artıq əməli işdir, konkret addımdır. Dövlətin xarakter göstərməsidir. Və düşünürük ki, Azərbaycanın bu addımına dodaq büzənlər, dil sürüyənlər, hətta barmaq silkələmək cəsarətində bulunanlar kimin əmisioğlu olduqlarını sərgiləmiş oldular bu arada. Təkcə İranın deyil, elə Ermənistanın da...

Amma sağlam və xeyirxah tənqid etmək istəyən üçün də yer var; biz eyni postları Laçın dəhlizində də qurmalıyıq. Tək İrandan gələnləri deyil, elə ən birinci Ermənistandan gələnləri filtrasiya edə bilməliyik. İran maşınları da bir çox hallarda Ermənistana məxsus dövlət nömrə nişanları taxırdılar ki, Azərbaycan postundan rahat keçə bilsinlər.

Hə, elə məsələ də ondadır ki, niyə Ermənistan maşını Azərbaycan ərazisinə rahat keçməlidir, İranınkı yox?! Bizim Rusiya ilə sərhədimizdən Ukrayna maşınları da keçir, Belarusunku da, Moldovanınkı da, Avropadan gələnlər də, Rusiyanın özününkülər də. Biz Rusiyanı istisna edərək qalanını yoxlayıb buraxırıq?! Yox!

Burada – Qarabağda durum daha mürəkkəbdir; müharibədən bir il deyil çıxmışıq. Hələ də ərazimizin bir hissəsində nəzarətimizi bərpa etməmişik. Oraya "müvəqqəti olaraq" Rusiya "sülhməramlı"larının yerləşməsinə razılıq vermişik. Və həmin ərazilərdə hələ də separatçı-terrorçu ünsürlər var. Şuşanı, bəli, almışıq. Ancaq Şuşa ətrafında hələ də düşmənin nəzarətində olan kəndlər var. Hətta Şuşa yaxınlığında atəş səsləri də ara-sıra eşidilib.

Çoxları Şuşaya gedib gəldi. Onlardan da bəziləri ortaya bir tezis atıb:

“Şuşa kimdədirsə, Qarabağ ondadır” və ya “Şuşa kimdədirsə, Qarabağ da onundur”.

Belə söz oyunları mətnlərdə gözə, efirlərdə qulağa xoş gəlir, əlbət. Ancaq belə yersiz “leksik tənasüblər” heç də hər zaman doğru deyil. Hətta zərərli də ola bilir. Yadımıza salaq: bir il bundan qabaq Şuşa kimdə idi?! Bu, o deməkdir ki, Qarabağ ermənilərin idi?! Məncə, gəlin, ağ eləməyək. Bu, qorxuram ki, bir az da “Şuşa bizdədir, Xankəndinə getməsək də olar” kimi yozuma yol açar.

Xeyr! Qarabağ kimindirsə, Şuşa da onundur.

Həm də axı “Şuşa kimdədirsə” nə deməkdir?! Şuşa, təbii ki, bizdə olacaqdı. Bizim olan hər kənd, hər şəhər, hər qarış torpaq bizdə olasıdır. Biz sanki bir az da Şuşa eyforiyasının havasını aldıq son zamanlar. Bir şəhərin, yaxud bir neçəsinin ekstazına gəlib, qalanını unut(dur)maq olmaz ki! Hər kəndimizin, şəhərimizin bizim üçün özünəxas fiziki və mənəvi dəyər ölçüləri var. Şuşa da olsa belə, birini başqalarından çox üstün tutmaq da doğru olmaz. Anladıq: simvoldur, gerçək obrazdır və sair və ilaxır. Ancaq qarşı tərəf(lər)də “artıq Şuşa var, qalanları təfərrüat” təəssüratını yaratmış da olmayaq. Həm də bunu heç istəmədən...

Bəli, danılmazdır ki, çox böyük işlər görmüşük, bəlli. Dünya da bunun fərqindədir. Ancaq hələ görüləcək çox işimiz də var. Necə deyərlər, uzun, incə bir yoldayıq.

Azərbaycanın Ermənistanla sərhədlərini tam delimitasiya edəcəyimiz (keçdiyi xətti təsbitləyəcəyimiz) və demarkasiyası (sərhəd qurğularını quracağımız) günlər qabaqdadır. Bunların asan olmadığının da fərqindəyik. 30 ilə yaxın bir müddətdə davam etmiş münaqişəni “Qordi düyünü” kimi bir zərbə ilə kəsib açmaq illüziyadır. Biz isə illüziyalarla yaşamalı deyilik. Belə məsələlər real siyasi və riyazi hesablamalar tələb edir. Üstəlik, bu cür çətin qonşular varkən.

Torpaqları alıb geri qaytarmaq bir işdir. Onu yenidən yaşanacaq hala gətirmək eyni dərəcədə mühümdür; qələbələri geridönməz etmək baxımından qaçılmazdır. Bu, təkcə sülh müqaviləsi ilə olmaz (ki, o da hələ yoxdur). O müqavilədə nəyin necə yazılacağı da bir ayrı məsələ. Biz müqavilədən danışırıq, amma, baxın, bu gün məlum üçtərəfli bəyanatdakı müddəalardan hələ də, sadəcə, kağızda qalanlar var. Qələbələri əldə saxlamaq və əbədi etmək üçün atacağımız (yaxud qarşı tərəflərin atmalı olduğu) çox addımlar var...

P.S.

Düşünürük ki, mövzu nə qədər həssas olsa da, bəlli (təhlükəsiz) bir biçimdə dartışmaya da açıq qalmalıdır. Əgər ictimai fikir: "Niyə Xankəndinə gedə bilmirik?!" və ya "Niyə orda Rusiya nəzarəti qalmalıdır?!" kimi, xüsusilə də, "Ermənistan silahlı ünsürləri niyə hələ də orda var?!" deyə suallar verirsə, bu, ümumi məqsədlər baxımından xeyrimizədir; istər mümkün antiterror hərəkatlarında, istərsə də, diplomatiya cəbhəsində dövlətin əlini gücləndirir. Biz bu məsələyə dair sağlam tənqidləri, alternativ fikirləri boğsaq, bilmədən, istəmədən də olsa, öz gücümüzün qaynağını qurutmuş, qapatmış olarıq. 44 günlük müharibədəki milli birlik və həmrəylik isə bizə indi bəlkə də bir il əvvəlkindən daha çox lazımdır. Həmrəylik üçün, əvvəl də yazdığım kimi, ortada ən azı həm də rəy olmalıdır axı...

Bahəddin Həzi Bahəddin Həzi

Bizimyol.info

Paylaş »
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Prezident sabah xalqa müraciət edəcək
››› Sentyabrın 27-nə olan hava proqnozu
››› Tərtərdə "Vətən bağı - Şəhidlər parkı"nın təməli qoyulub
Son xəbərlər
Bütün xəbərlər »