Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Eldar Həsənov məhkəmədə yıxılıb
Eldar Həsənov məhkəmədə yıxılıb

Həbsdə olan keçmiş Baş prokuror və səfir Eldar Həsənov öz məhkəməsində müvazinətini itirərək, yıxılıb. Bu, sentyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş verib.

Bizimyol.info xəbər verir ki, məhkəmə iclası başlayanda Eldar Həsənov onun işi üzrə məhkəmə iclaslarının həftədə bir dəfə keçirilməsini xahiş edib. O bildirib ki, səhhətindəki problemlər həftədə iki dəfə məhkəməyə gətirilib-aparılmasına imkan vermir.

Eldar Həsənov həmçinin onun işi üzrə məhkəmə prosesinin qapalı keçirilməsini istəyib. O bildirib ki, yeyinti, cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılması və s. əməllərdə ittiham olunur. Ona 15 epizod üzrə ittiham verilib. Söhbət xarici ölkələrdə səfirliklər üçün binaların alınması, təmir-tikinti işlərilə əlaqədar ayrılmış vəsaitlərdən 18 milyon manata yaxın mənimsəmədən, 12 milyon manata yaxın cinayət yoluyla əldə olunmuş vəsaitin leqallaşdırılmasından gedir: “Mən ittiham olunduğum 15 epizodun hər biri üzrə ifadə verəndə adlar açıqlamalıyam, ətraflı danışmalıyam. İstəmirəm ki, həmin məsələlər ictimailəşsin. Çünki məlumat sızsa, xarici ölkə liderlərinin ölkəmizə münasibətinə təsir göstərə bilər. Ölkələr arasında münasibətlər korlanar”.

Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası bu cinayət işində dövlət sirri təşkil edən məlumatların olmadığını əsas gətirib, məhkəmənin qapalı keçirilməsi haqda vəsatəti təmin etməyib.

Daha sonra Eldar Həsənov ifadə verib. O bildirib ki, səfirlik üçün binaların alınması səfirliyin səlahiyyətində olmayıb. Səfirlik üçün binaların alınması məsələsi Xarici İşlər nazirinin müavininin rəhbərlik etdiyi komissiyanın nəzarətində edib. Hansı binanın alınması, neçəyə alınması və s. məsələlərdə komissiya qərar verib: “Rumıniyadakı binanın alınması üçün Xarici İşlər nazirinin müavini Vaqif Sadıqovun sədrliyilə komissiya yaradılmışdı. Belqraddakı binanın alınması da nazir müavininin rəhbərliyilə komissiyanın qərarıyla olub. Onlar gəliblər, təklif olunan binalara baxıblar, qərar veriblər”.

Eldar Həsənov istintaqdan narazılıq edib, heç bir əsası olmayan ittihamların irəli sürüldüyünü vurğulayıb. Onun sözlərinə görə, ortada 50 cildlik cinayət işi var, amma içində əsaslı faktlar, lazımi sənədlər yoxdur.

Məhkəmədə dövlət ittihamını müdafiə edən prokuror sabiq səfirin istintaqla bağlı dediklərinə etiraz edib, ondan ittihamın mahiyyəti üzrə danışmasını istəyib. Bu zaman Eldar Həsənovun cavabı sərt olub: “Mən verilən ittihamdan danışıram. Mənə ağıl öyrətməyin. Mənə yol göstərməyinə 40 il var. Yerini, həddini bil...”

Bir qədər sonra Eldar Həsənovun vəziyyəti pisləşib və o, məhkəmə zalında yıxılanda ətrafdakılar tutublar. Məhkəmə binasına təcili tibbi yardım çağırılıb.

Sabiq səfirin vəziyyəti pisləşdiyinə görə məhkəməni davam etdirmək mümkün olmayıb. Məhkəmə prosesi sentyabrın 17-də davam edəcək.

Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. 2001-ci ildə Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib və 12 il bu vəzifədə çalışıb. 2013-cü ildə isə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. Bu vəzifədə işləyərkən – 2020-ci ilin avqustunda Bakıda Xarici İşlər Nazirliyinə gedərkən DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.

Eldar Həsənov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (külli miqdarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.

Keçmiş səfir bu ittihamları qəbul etmir, özünü təqsirli bilmir.

Bizimyol.info

Paylaş »
››› “Əgər Ermənistan bizə dəhliz vermirsə, o zaman biz də Laçın dəhlizini nəzarətə götürməliyik”
››› Boşanmanın qadağan olunduğu ölkə: Cütlüklərin yarısı evlənmir
››› Azərbaycanın peyvənd pasportu Türkiyədə qəbul olunmadı
››› Yur dövrünün qayıdışı reallığa çevrilir: Mamontları canlı şəkildə görə bilərik
››› İcra başçısının bacısı oğlu həbsdən buraxıldı
››› TƏBİB-in "gizli" dərman paketi
››› "Prostat xəçənginin yaranma səbəbləri daha ağrılıdır"
Son xəbərlər
Bütün xəbərlər »