Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhid xanımı: O gələr deyə qapını bağlamadıq
Şəhid xanımı: O gələr deyə qapını bağlamadıq

Onun yaşıl gözlərində oğurlanmış bir gəncliyin, səadətin qüssəsi yatır.Qarabağın işğalı hərəmizin ömründə bir iz buraxdı, hər ömrə bir yara vurdu. Onun sınağı bir az daha ağır keçdi, payına düşən imahan çox uzun çəkdi, düz bir igidin ömrü qədər -29 il. 29 il itkin polisin, cəmi 7 ay evli olduğu həyat yoldaşının yolunu gözlədi Solmaz xanım. Hələ də gözləyir. Bu gün sizə sevgi, sədaqət və müharibənin bir ömrə gətirdiyi hicran barədə inanılmaz bir həyat hekayəsindən bəhs edəcəm.

“Mən Şirəliyeva Solmaz Kürdəmir rayonunda anadan olmuşdum. Ağsu rayonunun Musabəyli kəndində anadan olmuş Babayev İslam Əhmədağa oğlu ilə 1991-ci ilin sentyabrında ailə qurdum. Bibim oğlu idi. İkimizin də 23 yaşı var idi onda. İslam Çevik Polis Alayının əməkdaşı idi. Toydan 1 ay sonra bildik ki, övladımız olacaq. Çox sevindik. Amma İslama oğlunun üzünü görmək qismət olmadı.

1992-ci ilin aprel ayında İslamgili Qarabağa döyüşə apardılar. 60 polis işçisi Şuşa uğrunda döyüşlərdə iştirak etdi. İslam Bala Kirs deyilən ərazidə postda dayanırdı. O, Əfsun və Şahin . Mayın 8-də Şuşa işğal olunan gün İslamın itkin düşməsi xəbərini aldıq , dünya başımıza yıxıldı. O 3 nəfərdən başqa 57 polis sağ salamat geri qayıtdı. Biz İslamın axtarışlarına başladıq.

Şəhid Babayev İslam Əhmədağa oğlu və həyat yoldaşı Şirəliyeva Solmaz Şəhid İslam Babayev və həyat yoldaşı Solmaz Şirəliyeva

İndiki kimi deyildi, nizami ordu yox idi, başıpozuqluq idi. Qırmızı Xaç Cəmiyyətinə, Daxili İşlər Nazirliyinə, əlimiz çatan hər yerə müraciət etdik, bütün xəstəxanaları, morqları gəzdik ki, bəlkə ölüsündən, dirisindən xəbər tutaq. Qaynatamla, qayınlarım günlərlə evə gəlmədilər, bir soraq çıxar deyə mümkün olan hər yerə gedirdilər. Sonra Füzuli rayon sakini olan bir kişi , adına Seyid Əhəd deyirdilər, dedi ki, mən sizin adamı tapıb gətirə bilərəm. Guya araşdırdı, dedi İslam əsirlikdədi, əsir dəyişmək lazımdır. O zaman əməlli başlı insan alveri gedirdi. Seyid Əhəd bizə pul müqabilində yaralı bir erməni gətirdi, dedi buna baxın, İslamla dəyişəcəyik. Leon idi erməninin adı. Elə gündəydi ki, bitin birənin, yaranın xoranın içində. Gizli gətirmişdilər. Düz 6 ay Leona evdə gizlicə baxmışıq. Yaralarını sardıq, sağaltdıq ki, ölməsin, İslamla dəyişə bilək. Ayağı qanqren olmuşdu, müalicə elədik. 6 ay sonra Leon dedi ki, mənə elə yaxşı baxırsınız, deməsəm ürəyim dözməyəcək. Məni sizin oğlunuzla dəyişməyəcək ermənilər. O polisdir, mən isə heç döyüşdə də olmamışam. Məni Marneuli qatarından tutub döyə- döyə gətirdilər öz ermənilərimiz. Sonra da azərbaycanlılara satdılar. Əsir dəyişilməsi üçün belə oyunlar gedirdi o zaman. Leonun atası- anası Moskvada yaşayırmış. Özü də döyüşə filan aidiyyəti olmayan 45 yaşlı bir adam idi. Qaynatamgil araşdırdılar, hətta Moskvada ailəsini də tapdılar. Sonra Leonu dövlətə təhvil verdilər.

Seyid Əhədin həmin ərəfədə uşağı qəzaya düşmüşdü. Onun da xərcini bizimkilər çəkdilər , nədir ki, islamdan bir xəbər gətirəcək deyə. Hər gün sabah olacaq deyirdilər, amma heç nə olmurdu. Ondan sonra da bir gürcü çıxdı ortaya, dedi tapmışam gətirirəm, bir həftə Qazaxda oturub gözlədi qaynımla qaynatam. 65 min manata qədər pul tökdülər, xəbər gəlmədi, gürcü də aradan çıxdı. Bizim kimi çox adam var idi, əsirlərinin, itkinlərinin dalınca düşüb onları geri almaq istəyən.Tapa bilmədik.Getsin o günlər gəlməsin. Amma elə hey gözümüz yollarda qaldı, dedik bəlkə bir xəbər gələr. Torpağın üzü soyuqdur deyirlər. Öləni bilirsən ki, öldü getdi. Itkini olmaq ağır dərddir. Hardadır, nə edir, bəlkə zülüm çəkir, sənə ehtiyacı var. Amma sən bilmirsən. Gözünə yuxu gedərmi? Oddan köynək geymişdik ailəlikcə, rahatlıq nədir bilmirdik. Qaynanam illərlə qapının arxasını bağlamağa qoymadı ki, İslam gələr, eşitmərik. Bala dərdi çəkə - çəkə köçdü dünyadan o da qaynatam da”,- deyir Solmaz.

Gözlərinə baxınca anlayırsan ki, özü burda olsa da, xəyalları o ağır illərdədir.

“Oğlum Əhmədin 4-5 yaşı olardı, qaynanam dedi ki, sağ olsa xəbər çıxardı İslamdan, gəlmir. Gəncsən. Sən evlən, ailə qur. Söz yaman xətrimə dəydi, küsdüm, hətta acıladım bibimi. “İslam ölməyib ki, itkin düşüb, gələcək mütləq” dedim. İnanırdım, həmişə inanırdım ki, bir gün mütləq gələcək. Müharibə başa çatanda elə bildim ki, nə qədər əsir var, hamısını tapıb qaytaracaqlar. Yaman ümidlənmişdim. Ürəyim səksəkədə hər gün yol gözlədim. Amma yeni əsirləri qaytarsalar da, köhnələr barədə heç nə demədilər. Düzdür, DİN islama şəhid statusu verib, amma axı öldüsü qaldısı məlum deyil. Çox istərdim ki, dövlət bizə yardım etsin, bir məlumat əldə edək. İllər öncə gəlib bizdən DNT üçün qan analizi falan götürdülər. Amma heç bir xəbər çıxmadı.Tək istəyim onun barəsində bir xəbər bilməkdir. Bəlkə də həlak olub Şuşa dağlarında. Şuşa boyda dağım var mənim. Yollar hamının üzünə açılsın, İslamın döyüşdüyü, qanı töküldüyü o torpaqlara mən də ziyarət edəcəm”.

Solmaz peşəkar dərzidir. Balasını da evdə paltar tikə-tikə böyüdüb, başa çatdırıb. Sonralar dövlətin özünüməşğulluq proqramından yararlanıb, ƏƏSMN ona işlərini qurmaq üçün tikiş maşınları verib. İş yeri var, yenə də işləyir, ailəsinin başında dayanır. Oğlu Əhməd evlənib, bir nəvəsi də var. Oğlu, gəlini, nəvəsi və özü 2 otaqlı bir mənzildə yaşayırlar. DİN-ə mənzil şəraitlərinin genişləndirilməsi üçün müraciət edib. Ümid edir ki, şəhid ailəsinə dövlət bu dəstəyi əsirgəməz. Biz də buna ümid edirik.

Bəlkə bir gün gələr ümidiylə bir ömür yaşamaq asan deyil. Hər telefon zənginə, hər qapı səsinə ürəyi diksinir Solmaz xanım. İçində bir ümid yanır, sönür. Amma heç ölmür o ümid. Ürəyində daşıdığı sevgi yaşadığı müddətcə də ölməyəcək.

İlhamə Rəsulova

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
››› 22 milyonluq yeyintidə ittiham olunan “Şöhrət” ordenli Muradov məhkəməyə nə vaxt çıxarılır
Son xəbərlər
Bütün xəbərlər »