Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sosial şəbəkədən evlərə sızan qorxunc cinayət – Hər kəs özü özünü qorumalıdır
Sosial şəbəkədən evlərə sızan qorxunc cinayət – Hər kəs özü özünü qorumalıdır

Bir neçə gün öncə Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşovun başına gələnlər eyni qaydada Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirlinin başına gəlib. Bu dəfə onun pornoqrafik görüntüləri yayılıb. Hər iki görüntülərdəki xanım eynidir, təklif xanımlardan gəlib və bəylər pulla təhdid edilərək biabır ediliblər.

Hadisəylə bağlı onu deyə bilərik ki, bu kimi şantaj işlərini Azərbaycandan yox, xaricdə qeydə alınmış domenlərdən idarə edirlər. Hazır komüter proqramları ilə hansısa bir tanınmış şəxs tora salınır. Bir neçə dəfə zəng edilir. Onun şəkli qoyulmuş profillə saxta yazışmalar hazırlanır, daha sonra həmin şəxsin foto və videogörüntüləri əsasında saxta intim görüntülər yaradılır. Cəmiyyət də görər-görməz araşdırmadan, anlamadan başlayır görüntüləri yayılan adamın üzünə tüpürmyə, asıb-kəsməyə. Nə çoxdur, namus bəkçisi...

Osman Gündüz Osman Gündüz

Bu gün saxta hesablardan edilən bütün hücumların səbəbkarlarını tapmaq mümkün deyil. "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, hazırda Daxili İşlər Nazirliyi bu kimi hücumların arxasında gizlənən adamları tapmaqda çətinlik çəkir. “Məsələnin kriminal çalarları varsa, bunun hansısa texniki həll yolları ola bilər. Facebook, Instagram, Yotube və bir çox sosial şəbəkələrin idarəçiliyi xarici dövlətlərdə olduğuna görə, onlardan informasiya almaq asan məsələ deyil. Məsələn, Facebook məlumatların ötürülməsində bütün dövlətlərə eyni münasibət göstərmir. Bəlli bir yerdə oturan və serveri, eyni zamanda adı məlum olan şəxsin yazışmalarını müxtəlif üsullarla açmaq mümkün olsa da, saxta profil sahiblərini tapmaq mümkünsüzdür. Çünki həmin şəxs xarici ölkədən də yaza bilər, yerini də tez- tez dəyişə bilər. Üstəlik, bu işləri yaxşı bilən insan gizlənməyin də bütün yollarını bilir”.

Bir insanı biabır etməkdən də böyük cinayət varmı? İntim görüntüləri yayılan şəxs kişi olmayıb da qadın olsa, işin üstü açılana qədər mütləq şəkildə döyülə, hətta öldürülə bilər.

2019-cu il sentyabrın 29-da kütləvi informasiya vasitələrində Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevin “Facebook” sosial şəbəkəsində “Evez Vahidoviç” adlı sosial şəbəkə istifadəçisi tərəfindən ölümlə təhdid olunmuşdu.

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sosial şəbəkədə qeyd olunan statusları yazan şəxsin Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Fərid Quliyev olması müəyyən edilmiş və dərhal saxlanmışdı.

Amma kimlərinsə heysiyyatı ilə oynanılır, bu idarə sakit durub baxırmı? Söhbət onların vəzifəli və ya önəmli şəxslər olmasından getmir. Bu hər bir adi vətəndaşın başına gələ bilər. Azərbaycan kimi mentalitet sözünün çox işləndiyi bir ölkədə, qızların, qadınların ailələrindən qorxaraq şantaj hallarını gizlətmələrinin nəticələrinin ağır olduğu bəllidir.

Maraqlıdır ki, əvvəllər şantajçıların hədəfləri qadınlar idisə, indi imkanlı, vəzifəli şəxslərdir. Yəni hansısa qadından alınan 500-1000 manat kiçik məbləğ sayılır, amma bu görüntülərin qarşılığında vəzifəsini, nüfuzunu itirəcək vəzifə adamının verəcəyi qurban da, pul da böyükdür.

Bəs qorunma metodu nədir? Qanun nə deyir?

Azərbaycan Konstitusiyanın 32-ci maddəsinin 3-cü hissəsinə əsasən, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılması, saxlanılması, istifadəsi və yayılması qadağandır. Heç kəs özünün xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Şantaj edərək pul tələb etmə qanunvericiliyə əsasən cinayət məsuliyyətinə səbəb olur. Cinayət məcəlləsinin 182-ci maddəsinə əsasən, intim şəkillərlə və sair rüsvayedici məlumatların yayılacağı ilə şantaj edərək pul tələb edən şəxsi 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bu hərəkətlər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və ya zor tətbiq etməklə törədildikdə və ya təkrar törədildikdə və ya xeyli miqdarda (3-10 min manat civarında) pul tələb etməklə törədildikdə, təqsirkar şəxsləri 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Şantaj və ya fiziki zor tətbiq etməklə külli miqdarda (10 mindən yuxarı məbləğ) pul tələb edildikdə və bir sıra digər hallarda təqsirli şəxsləri 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. Xatırladaq ki, şantajla pul tələb etməyə görə cinayət məsuliyyəti 14 yaşdan yaranır. Yəni, 14 yaşına çətmış şəxs, şantaja görə cinayət məsuliyyətinə cəlb edilə bilər.

Şantaj qurbanına çevrilməmək üçün, şantajla bağlı vaxtında polisə müraciət etmək, psixoloji dözümlülük nümayiş etdirmək lazımdır.

Bu ilin 6 ayı ərzində biz deputat Elman Nəsirovun da şantaj olunmasının şahidi olduq. Bu deputatın iş həyatına hansısa bir təsir göstərmədi. Şantajçı bəlli olduğu üçün axtarışlarına da zaman sərf edilmədi.

YAP nümayəndəsi, sabiq deputat Hüseynbala Mirələmov, QHT sədri Qurban Qafarov, YAP nümayəndəsi Ramiz Göyüşovun intim görüntüləri yayıldı. Təbii ki, burada sifariş də var idi.

Ramiz Göyüşov onu şantaj edənləri məhkəməyə veribmi, bilmirik, lakin ondan bu görüntüləri yaymamaq müqabilində pul tələb etmiş gənc jurnalist Mahir Xəttabı ərizə yazıb həbs etdirə bildi. Əsas cinayətkar tonqalı qaladı. Oduna isinənlər də oldu, yananlar da.

Yəni bundan sonra kimin kimdən xoşu gəlmirsə, saxta hesab açıb onun haqqında olmazın iftiralar yazmaqla, hətta kriminal xarakterli açıqlamalar verməklə onun həyatını risk və təhlükə altına ala bilərmi? Kimin kimdən xoşu gəlmirsə, daha saçyoldusuna, dava-şavaya çıxmadan bu yolla vurub ya biabır edir, ya da döydürür. Və bu işin qarşısını almağa polisin gücü çatmır?!

Texnologiya inkişaf etdikcə cinayətkarlığın forması da dəyişir. Buna qarşı aktiv qanunvericilik və mübarizə üsullarının hazırlanması şərtdir.

Ona qədər isə hər kəs öz təhlükəsizliyini özü qorumaq, daha ehtiyatlı, daha ağılla davranmaq məcburiyyətindədir.

İlhamə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »