Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ramin Bayramlının istefası nəyisə dəyişəkmi ki?..
Ramin Bayramlının istefası nəyisə dəyişəkmi ki?..

Bu gün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı vəzifəsindən istefa verib. O, özünün Tvitter hesabında bu barədə məlumat verib.

Ramin Bayramlı Səhiyyə Nazirliyi ilə savaşmaqdan yorulub “pəs etdi”, yoxsa bu da baş qatmaq üçün məlum planlı addımlardan biridir? Bunu deyə bilmərik. Hər bir halda biz istefa mədəniyyətini alqışlasaq da, çox zaman “özün istefa ver” şəklində işdən qovulmalara da çox şahidlik etmişik. Adətən, kiçik adamlara “özün istefa ver” deyəndə ona kompensasiya verilməsindən can qurtarmaq üçün bunu edirlər. Ramin Bayramlının isə o cür “xırda-xuruş”a ehtiyacı olduğunu sanmıram.

Kişinin villasını sosial şəbəkələrdə göstərəndə ssenarinin bu sonluqla bitəcəyini düşünmək çətin deyildi. Amma bir “əmma” var. Bizdə kimisə korrupsioner adlandırmağın da öz anlaşılmaz mexanizmi var. Bu anlamda bir az qorxulu cəmiyyətik. Küyə gedib söyən söyənə qarışır. Halbuki illərlə hündür bər-bəzəkli hasarlarından çoxmərtəbəli villasının damı belə görünməyən o məmur evlərinin qabağından çox keçmişik. O evlər ki, elə bir tək darvazasının qiyməti 1 milyondur, hektarlarla ərazini əhatələmiş o mərmər üzlü, naxışlı hasarların tikintisinin qiymətinə 200 kasıba ev tikmək olar. Biz onlara susuruq, çünki yiyəsi “yekədir”, səsimizi çıxarsaq, vurmağın bir yolunu tapar. Qapazı elə yerdən yiyərik ki, fələk də baş açmaz kim vurdu (Bəlkə bu qorxulu nağılları da biz uydurmuşuq, onlara da bu nağıllar sərf edir deyə “belə də qalsın” deyib gülümsünüb, susurlar).

Bu gün TƏBİB rəhbəri istefa verdi, amma 2 ildir başımıza hörülən corablarda tək günahkar o idimi? TƏBİB Səhiyyə Nazirliyinin mafiozi xarakterinə zərbə vurmaq üçün gəlmişdi, ova gedərkən ovlandı. Bəla bir ikən iki oldu. Səhiyyə Nazirliyinə öz günahlarını başqasının üstünə yıxmaq üçün imkanlar yarandı. Xalq düşdü ötür-ötür oyununun içinə.

Bu gün İcbari Tibbi Sığortaya (İTS) “qaşın üstə gözün var” deyən yoxdur, baxmayaraq ki, bir ildir cibimizdən gedənlər birbaşa ciblərə axır. Nə yararlana bilirik, nə də bu sistemin doğru düzgün təşkili var. Ramin Bayramlı bu müddət ərzində nə ilə məşğul oldu? Hansı müsbət yeniliklər gördük? Deyəsən, heç nə. Qarışıq və çətin bir dönəmdə gəldi. Operativ Qərargah, Səhiyyə Nazirliyi, TƏBİB, İTS - qarışdılar bir- birinə. Hədəfimiz kimdir , onu bilmədik. Bax bu da işə yaradı.

Sistem düz işləmirsə, hansısa qurumun adını, ya rəhbərini dəyişməyin mənası yoxdur. Bunun adı olur gözdən pərdə asmaq.

Həkim Sona Rəsulova bizimyol.info-ya şikayətində deyir: “Məncə, bu baş verənlər məqsədli şəkildə olan prosedurlardır. Səhiyyə o zaman yaxşı olar ki, həkimin maaşı normal həyat tərzi yaşamaq üçün kifayət etsin, həkimin işlədiyi yerdə bütün lazımi müayinə üsulları əlinin altında olsun, həkim daima praktik təcrübəsini artırmaq və yenilikləri öyrənmək üçün müxtəlif kurslar təşkil olunsun. Həkimə 330 manat maaş ver, 5 ildən bir qorxulu yuxu kimi sertifikasiya imtahanından keçir, kəsilən həkimi işdən çıxar, adını da savadsızlıqla mübarizə qoy? Məcburdur ki, həkim o imtahandan keçmək üçün hansısa əlavə yollara əl atsın.

ATU-da rezidentura dövründə rezidentlər qan ağlayır, aparıcı həkimlər xəstəyə yaxın buraxmır, rezident həkimlər zülm çəkirlər. Ona görə də ölkədən axın gedir, bölgələrdə kəskin həkim qıtlığı yaşanır. Yaşadığım Ucar rayonunun kəndlərində tibb məntəqələrinin hamısına feldşerlər rəhbərlik edir, ali təhsilli həkim yoxdur. Bu tək bizim rayonda belə deyil. Bu gün oxuyan, savadına güvənən onlarla azərbaycanlı rezident özünə Almaniyanın müxtəlif vilayətlərində gözəl maaşla iş tapır və getmək heç də problem deyil. Bu şəraitdə gənclər əlbəttə qaçmaq, həyatlarını Avropa standartları ilə qurmaq istəyəcəklər”,- deyə həkim bildirir.

Ramin Bayramlının gedişinə nə demək olar? O da növbəti qurbana çevrildi. Yəqin ki, həbsə yox, istefaya getdiyinə sevinir. Səhiyyənin boğazına caynaq keçirənlər qalib gəldilər. Ramin Bayramlının yerinə kim gəlsə, guya nəsə dəyişəcək ki? Çətin. Toplananların yerini dəyişəndə cəm dəyişmir. Kral öldü, yaşasın Kral.

İlhamə Rəsulova, Bizimyol.info

Paylaş »
››› Türkiyədə dolların məzənnəsi rekord həddə yüksəldi
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı yenə dəyişib
››› Səfəvi səfillər
››› Paşinyan: “Regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm”
››› Şarl Mişel "Şərq Tərəfdaşlığı" proqramının pozitiv təsirinin olduğu ölkələri açıqlayıb
››› DİN Bakıda məktəbin qarşısında baş verən insidentə münasibət bildirib
Son xəbərlər
Bütün xəbərlər »