Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Atasına dedi ki, mən Polad Həşimovdan artıq deyiləm"
"Atasına dedi ki, mən Polad Həşimovdan artıq deyiləm"

İkinci Qarabağ Müharibəsinin ildönümünə sayılı günlər qalıb. Ötən il bu vaxt Azərbaycan torpaqları işğal altında idi. Örən il bu vaxt minlərlə igid ailəsi ilə danışır, vəziyyətin hər an dəyişə biləcəyini dilə gətirirdi. Ötən il bu vaxt minlərlə uşaq atasız qalacağını, minlərlə ana övladına həsrət olacağını, minlərlə gəlin həyat yoldaşını itirəcəyini düşünə də bilmirdi. Ötən il bu vaxt 19 gün sonra nə baş verəcəyini bilmirdi...

İkinci Qarabağ Müharibəsi şəhidi kapitan Şirəliyev Niyət İmran oğlu 1990-il fevral ayının 9-da Şamaxı rayon Ovculu kəndində anadan olub. Ailədə 7 nəfər idilər. Niyətin atası İmran, anası Gültəkin, qardaşları Ötkəm, Nəimi, Eldar və bir bacısı var.

Şəhid haqqında Bizimyol.info saytına qardaşı Eldar danışıb: "Niyət 1997-ci il sentyabr ayının 1-i Babacan Alıyev adına Ovculu kənd orta məktəbinin 1-ci sinifinə getmişdi. Məktəb illərində çox sakit, tərbiyəli, nümunəvi, vətənpərvər şagird kimi həm sinif yoldaşlarının həm də müəllimlərin hörmətini qazanmışdı".

2007-ci ildə həmin məktəbin 11-ci sinifini bitirən Niyət, elə həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olur. 2011-ci ildə hərbi akademiyanı bitirən gənc, leytenant rütbəsi alır və zabit olaraq Müdafiə Nazirliyinin Təlim-Tədris mərkəzində öz ixtisası üzrə biliklərini artırır. 2012 -ci ildən etibarən müdafiə nazirliyinin Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsində tağım komandiri vəzifəsində xidmətə başlayır. 24 iyun 2014-cü ildə baş leytenant hərbi rütbəsi verilir.

"2016-cı ildə şanlı tariximizə 4 günlük aprel zəfəri kimi qeyd olunan aprel döyüşlərində iştirak edir. Həmin döyüşlərdə də ordumuz şəhidlər verdi. Allah rəhmət eləsin, bütün şəhidlərimizə.

2018-ci il iyun ayının 25-i Müdafiə Nazirliyinin müvafiq əmri ilə növbəti Kapitan hərbi rütbəsi verildi.

2019-cu ilin yay aylarına qədər həmin hərbi hissənin taborlarında MTTB rəisi (maddi-texniki təminat bölməsi) vəzifəsinə qədər yüksəlir. Elə həmin ilin avqust ayında, Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissənin taboruna tabor komandirinin Maddi-Texniki Təminat üzrə müavini vəzifəsinə təyin olunur. Orada da qısa müddət ərzində öz xidməti ilə seçilən Niyət, 2020-ci ilin aprel ayının 17-si müdafiə nazirliyinin müvafiq əmri ilə "N" saylı hərbi hissənin qərargah rəisi, hərbi hissə komandirinin müavini vəzifəsinə təyin olunur. 30 yaşında hərbi hissənin qərargah rəisi vəzifəsi bu Niyətin nümunəvi xidmətinə verilən qiymət idi" - deyə Niyətin qardaşı danışır.

2020-ci ildə Tovuz rayonunda düşmən növbəti dəfə təxribat törətmək və yeni ərazilər işğal etmək məqsədilə yenidən hücuma keçəndə, Azərbaycan ordusu düşmənə sarsıdıcı zərbələr endirdikdən sonra düşmən geri çəkilməyə məcbur oldu. Həmin döyüşlərdə  iştirak edən Kapitan Şirəliyev Niyət, tabeçiliyində olan şəxsi heyətlə birlikdə düşmən hücumlarının qarşısının alınmasında iştirak etdi:

"Həmin döyüşlərdə ordumuz yenə şəhid verdi. Döyüşlərə rəhbərlik edən general-mayor Polad Həşimov da Tovuz döyüşlərində şəhadətə yüksəldi. Polad Həşimov şəhid olanda Niyət çox pis olmuşdu. Çünki cənab general həqiqətən onlara nümunə olan general idi.  Niyət sonuncu dəfə xidmət yerinə qayıdarkən atası ona ehtiyatlı olmağı, özünü qorumağı tapşıranda o dedi ki: "Ata mən Polad Həşimovdan artıq deyiləm"."

2020-ci ilin sentyabr ayının 27-si...

Mənfur düşmənlərimizin təxribatlarinin qarşısını almaq üçün ordumuzun başlatdığı əks hücum əməliyyatlarında rəhbərlik etdiyi şəxsi heyətlə birlikdə Kəlbəcər uğrunda gedən döyüşlərdə Murovdağda olan yüksəkliklərin işğaldan azad edilməsi əməliyyatlarında birbaşa iştirak edərək, düşmənin dərinliklərinə sızıb onların çoxlu sayda canlı qüvvəsini məhv edib və özü də qəhrəmancasına şəhid olub.

"Ürəyi Kəlbəcər eşqi ilə döyünən Cənab Kapitanım, döyüşə gedərkən otağına Kəlbəcər yazıb getmişdi. Amma çox təəssüf ki, Kəlbəcərin işğaldan azad edilməsini görə bilmədi. Ruhun şad olsun, Cənab Kapitanım, Kəlbəcər işğaldan azad olundu. 30 illik həsrət bitdi. Sən və sənin kimi qəhrəman şəhidlərimiz hər zaman qəlbimizdə əbədi olaraq yaşayacaqsınız. Qürur yerimiz şəhidlərimiz. Damarlarında azərbaycanlı qanı axan hər bir qeyrətli Azərbaycan övladı üçün siz hər zaman baş tacı olacaqsınız" - deyə qardaşı danışır.

İkinci Qarabağ Müharibəsi şəhidi kapitan Şirəliyev Niyət İmran oğlu

Kapitan Şirəliyev ailəli idi. Vətənə əmanət iki övladı qalıb. Oğlu Nicat (4 yaş) və qızı Zeynəb. Zeynəbin 2 yaşı tamam olan gün atasının şəhid xəbəri gəlib.

Tanrıdan şəhidimizə rəhmət, ailəsinə və xalqımıza baş sağlığı diləyirik. Ruhu şad olsun.

İlahin, Bizimyol.info

Paylaş »
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Yuxarı Qarabağda əhali Rusiyanın girovluğundadır"
››› Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana gətirilib
››› “Artıq Dağlıq Qarabağ yoxdur, Azərbaycan var, başa düşdüz?!..” - Video
››› ÜST: Həkimlər və tibb bacıları xəstəxanaları tərk edirlər
Son xəbərlər
Bütün xəbərlər »