Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağ Qazisi: "İki qazini salıb ortaya özlərini reklam edirlər"
Qarabağ Qazisi: "İki qazini salıb ortaya özlərini reklam edirlər"

İkinci Qarabağ Müharibəsində xəsarət almış Gülməmmədov Elməddin Cəmil oğlu Ağstafa rayonunda yaşayır. Bu gün Elməddinin yardıma ehtiyacı var. Maddi və mənəvi dəstəyə ehtiyacı olduğunu deyən Elməddin, deyir ki, "kaş ki, şəhid olaydım"...

"Mənə bilirsən nə təsir edir? Oğullarımız torpaq altındadır. Bəzi şərəfsizlər isə toy edir. Bayraq qaldırır ki, "Qarabağı biz almışıq". Qazilər yada düşmür. Kaş ki, mən öləydim. Kaş ki, o torpağın altından çıxmazdım. Heç kimin yadına düşmürəm. Qapımı bir nəfər açmır. Heç kim demir ki, bu şikəst nə yeyir, nə içir? İki qazini salıb ortaya özlərini reklam edirlər. Sanki təkcə onlardır qazi, biz qazi deyilik. Mənə 100 dəfə söz veriblər, heç kim sözünün arxasında durmur",- deyən Elməddin, şəkillərinin çoxunu acıqla sildiyini deyir.

Elməddin İkinci Qarabağ Müharibəsində yaralanıb. Və həmin vaxtdan xəstəxanadadır. Deyir ki, bu günə qədər heç kimə ağız açmayıb. İstəməyib ki, kimsə desin ki, Elməddin nəsə istəyir. Elməddin danışır, danışdıqca əsəbləşir.

"Vəziyyətim olduqca çətindir. Evimiz başımıza uçur. Atam-anam məndən sonra xəstəlik tapıb. Bacılarım ailəlidir. Valideynlərim təkcə mənim ümidimədir, mən də bu gündə. Siqaret almağa belə pulum yoxdur" - deyən Elməddin, müharibədən öncə mühafizəçi və fəhlə kimi çalışıb.

İkinci Qarabağ Müharibəsi qazisi Gülməmmədov Elməddin Cəmil oğlu

Elməddin Gülməmmədov, Füzuli rayonu istiqamətində gedən döyüşlərdə xəsarət alıb:

"Əvvəlcə yaralansam da, yenidən döyüşə qatıldım. Bu dəfə, olduğum bunkerin yanında vuruldum. Torpağın altında qalmışdım".

Bədəninin müxtəlif hissəsindən xəsarət alan Elməddin deyir ki, onu əvvəlcə ölmüş bilib morqa gətiriblər. Hətta ailəsinə də "şəhid oldu" xəbəri verilib. Dediyinə görə, müalicəsi İsraildədir. Amma bu gün Ağstafa Rayon Xəstəxanasında müalicə alır.

"Bu müalicə sadəcə sakitləşdirmək məqsədilə aparılır. Ağrılarım çox olur, tutanda özümü idarə edə bilmirəm" - deyir Elməddin...

"Başım ağrıyır, başım xarabdı mənim. Deyirlər ki, qolunu da kəsməliyik. Sevdiyim qız da məni atdı, dedi ki, "şikəstsən, səni neynirəm". Bir çox qazilərin sevdiyi qızlar onları atıb, mənimki də məni atdı. Bir aydır ki, daha qızla əlaqəm yoxdur. Zəng elədim. Dedi ki, "məni narahat etmə". Mən də başa düşdüm nə demək istədiyini. İki il idi ki, sevirdik bir-birimizi" ,- deyə danışır.

Sözləri qırıq-qırıqdı, fikirləri natamamdır. Həyatdan bezdiyini deyir. Deyir ki, belə yaşamaq istəmir. Bu vəziyyətdə heç kimə lazım olmadığını düşünür. İnsanları görmək istəmir, səslərin çoxluğu onu narahat edir. Özünü yarım, lazımsız və dəyərsiz hiss edir. Deyir ki, dövlət qurumlarından heç nə istəmir:

"Mənə xalqım, millətim yardım etsin. Yoxsa ölürəm"...

YAŞAT Fondundan Bizimyol.info saytına bildirilib ki, qazinin məlumatları "YAŞAT" Fondunun məlumat bazasında mövcuddur. Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqamət üzrə müraciətləri təmin edilib:

"Nəzərinizə çatdırırıq ki, qazi və şəhid ailə üzvləri daima diqqət mərkəzimizdədir. Adı çəkilən qazimizin müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqamət üzrə növbəti müraciəti icradadır".

İlahin, Bizimyol.info

Paylaş »
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› "Yuxarı Qarabağda əhali Rusiyanın girovluğundadır"
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ÜST: Həkimlər və tibb bacıları xəstəxanaları tərk edirlər
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› Rusiya Dövlət Dumasına seçkilərlə bağlı ilkin məlumat
Son xəbərlər
Bütün xəbərlər »