Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Biz dünyadakı texnologiyanı izləyən və özünü daim yeniləyən bir şirkətik" - Həsən Yıldız
"Biz dünyadakı texnologiyanı izləyən və özünü daim yeniləyən bir şirkətik" - Həsən Yıldız

Türkiyədə tanıtım və təşkilatçılıq sahəsində "Yıldızlar Tanıtım Organizasyon" şirkətinin öz yeri var. 30 ildən çoxdur ki, Yıldız qardaşları tərəfindən yaradılan şirkət bu günə qədər Türkiyədə minlərlə layihəyə imza atıb. Eyyub və Həsən qardaşlarının uğur hekayəsi elə "Yıldızlar"la başlayıb.

"Yıldızlar Tanıtım Organizasyon" LTD-nin rəhbəri, rejissor-prodüser Həsən Yıldız, 1974-cü ildə Ərzurumda dünyaya göz açıb. Kasıb ailədə dünyaya gələn Həsən, kiçik yaşlarından işləməyə başlayıb.

Hasan Yıldız və qardaşları

Simit, su satan, ayaqqabı boyayan Həsənin hər zaman bir arzusu olub. Heç kimin edə bilməyəcəyi bir uğura imza atmaq. Sonra yazı maşını təmirçiliyi ilə məşğul olub. Hərbi xidmətini başa vurduqdan sonra isə "Yıldızlar" doğulub. Uşaq yaşlarından əməyə alışmasının nəticəsidir ki, bu gün Türkiyədə sayılan, seçilən bir firmanın rəhbəri olmasına baxmayaraq, sadəliyini, səmimiliyini qoruyub saxlayıb. Həsən Yıldızla danışdıqca, onu daha yaxından tanımaq olur. Bu səbəblə, özünü Azərbaycan oxucusuna tanıtma məsuliyyətini elə müsahibimizin özünə veririk:

- Həsən Yıldız özünü Azərbaycan oxucusuna necə tanıtmaq istəyər?

- Həsən Yıldız işləməyi, həyatı çox sevən, insanlara yardım etməyi sevən, zəhmətkeş, vaxtdan səmərəli istifadə etməyi bacaran, yaşadığı ölkədə universitet tələbəsi olan gənclərə zaman ayıraraq, gənclərin gələcəkləri ilə əlaqədar təcrübələrini paylaşan birisidir. Həsən Yıldız, Türkiyədə öz sektorunda müvəffəqiyyətli və ilklərin arasında olan və eyni zamanda da bütün gənclərin gələcəkdə uğurlu olmaları üçün onlara zaman ayıran böyük qardaşlarıdır.

- Həsən bəy, bu sahəni seçməyinizə səbəb nə olub?

- Mənim 1992-ci ildə ilk işim daktilo (yazı maşını) təmirçiliyi olub. O zamanlar komputerlər yox idi. 2003-cü ildə qardaşım Eyyub Yıldızla "Yıldız Tanıtım Orqanizasyon" şirkətini yaratdıq. Qardaşım bu sektorla bağlı çox məlumatlıdır. Şirkət olaraq Türkiyənin hər yerində böyük konsertlər verdik, festivallar təşkil etdik. Siyasi partiyaların seçim işləri, konqreslər, iclaslar, açılışlar, təməl qoyma mərasimləri hazırladıq. Eyni zamanda Türkiyədə TRT, TRT1, TRTavaz, TRT Haber və TRT Belgesel üçün müxtəlif mövzularda proqramlar hazırlamışıq. Bura mədəniyyət, incəsənət, müsabiqələr və moda ilə bağlı müxtəlif proqramlar çəkmişik. Bizi digər firmalardan ayıran odur ki, biz təkcə agentlik və ya təşkilatçılıq şirkəti deyil, eyni zamanda layihələr departamenti, ictimaiyyətlə əlaqələr departamenti, insan resursları departamenti, texniki qrup,öz tərkibində mühəndisləri olan şirkət olmaqla yanaşı Türkiyənin beş şəhərində - İstanbul, Antalya, Ankara, İzmir və Ərzurumda eyni zamanda 4-5 böyük konsert verməyə qadir, texniki bünövrəsi olan, texnoloji avadanlığı olan bir firmayıq. Biz kənardan heç bir xidmət almadan hər şeyi öz gücümüzə edən, dünyadakı texnologiyanı izləyən və özünü daim yeniləyən bir şirkətik. Belə olan təqdirdə, axtaran deyil, axtarılan ola bildik. Biz "Yıldızlarıq" və "Biz ancaq Yıldızlarla işləməliyik" deyiləcək vəziyyətə gətirdik. Burada güclü bir qrup işləyir.

Super Səhnə Tır Modulu Turna

- Bu vəziyyətə gəlmək çətin oldumu?

- Əlbəttə. Hansı iş asanlıqa alınır ki? Ancaq özünə inam, cəsarət olmalıdır. Hər birimizin xəyalları var. Çətinliklər onsuz da heç vaxt bitməyəcək. Çətinliklərin adı, forması, tərkibi dəyişəcək, amma heç vaxt bitməyəcək. Biz də çətinliklərlə bacardığımız zaman uğurlu ola bilərik. Biz işimizi çox sevirik. Əgər işinizi sevərək həyata keçirsəniz, bu sizi digər şəxslərdən fərqli edəcək. "Yıldızların" fərqi də budur. İşini sevgilə görməkdir.

- Həsən bəy, mən çox şahidi olmuşam ki, insanlar çox zaman yüksəldikcə "ulduz xəstəliyinə" yoluxurlar. Amma siz fəaliyyətlərinizə, uğurlarınıza baxmayaraq, çox səmimisiniz. Bu nədən irəli gəlir?

- Çox gözəl bir sual verdiniz. Əslində "ulduz xəstəliyinə" yoluxanların çoxu unudur ki, bir gün hamımız öləcəyik. Qazandığımız heç bir şey bizimlə getməyəcək. Dünyada ən böyük xoşbəxtlik, ən böyük nailiyyət təcrübə və biliyin paylaşılmasıdır. Mən də deyirəm ki, özüm 30 il əvvəl ayaqqabı boyayan biri idim. Su və simit satırdım. Həyatımda çox şey dəyişdi, amma mən o anki hisslərimi heç bir zaman unutmadım. Bu gün də o hisslərlə yaşayıram. Bilirəm ki, dünyada hər 5-10-15-20 ildən bir pul və vəzifə əl dəyişdirir. Həyatda hər şeyə sahib ola bilərsn, ən böyük qazancın isə, yaxşı insan ola bilməkdir. Mən universitetlərdə gənclərə hər zaman deyirəm ki, yaxşı insan olun, yaxşı nəsillər yetişdirin. Yaxşı nəsillər yetişdirə bilsəniz, ölkə olaraq dünyada söz sahibi ola bilərsiniz.

Bu günə qədər 120 -yə yaxın universitetdə heç bir təmannasız konfranslar keçirib, çıxış etmişəm. "Gelecek henüz avuçlarınızda" adlı bir kitab yazdım. O kitab da pulsuzdur. Bizim yaşadığımız ölkəyə borcumuz var. Borcumuzu necə ödəyəcəyik? Təcrüblərimizi, məlumatlarımızı, hər şeyimizi gənclərlə paylaşaraq, bu borcu ödəyə bilərik. Gənclərimiz nə qədər güclü olsa, bu ölkənin bayrağını hər yerdə dalğalandıracaq. Millətini, bayrağını sevəcəksən, özünə inanacaqsan. Özündən sonrakı nəsillərlə təcrübələrini paylaşsan özündən sonra izin qalar. Heç bir şey insanı mənfi istiqamətdə dəyişdirməməlidir.

- Həsən bəy, gələcək üçün nə kimi hədəfləriniz var?

-(Gülür) Gələcəkdə gənc qalmağı, yaşlanmamağı hədəfləyirəm. Gənc qalmağın təməlində isə, həyata pozitiv baxmaqdır. Bizim gələcək üçün öz sektorumuzda layihələrimiz var. Mütəmadi olaraq işləyirik, güclü bir qrupumuz var. Pandemiyadan sonra fərqli bir dünya olacaq. Biz də postpandemiya dövründə həqiqətən sosial həyatımızda, iş dünyasında, öz sektorumuzda, tədbirlərdə, konsertlərdə, konqreslərdə, iclaslarda bir daha yaxşı nə edə biləcəyimizlə bağlı düşünür və yeniliklər etməyə çalışırıq. Özümüzü yeniləyirik.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »