Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“İran Azərbaycanın ərazi bütövlüyünə hörmət etmədiyini bir daha təsdiqlədi”
“İran Azərbaycanın ərazi bütövlüyünə hörmət etmədiyini bir daha təsdiqlədi”

İran yük maşınlarının Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz daxil olmağa necə davam etdiyini göstərən eksklüziv videogörüntülər yayılıb.

Bizimyo.info “Caliber.az” saytına istinadən xəbər verir ki, 11 avqustdan 10 sentyabradək müxtəlif məqsədlər üçün 58 yük maşını, xüsusən yanacaq və sürtkü yağları ilə Xankəndiyə səfər edib, onlardan 55-i daha sonra geri qayıdıb.

“Həmçinin aldığımız məlumata görə, bunun üçün müxtəlif hiylələrə əl atılır. Məsələn, Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına yaxınlaşanda, Xankəndiyə gedən İran yük maşınlarının dəqiq sayını gizlətmək üçün İran yük maşınlarına Ermənistan qeydiyyat nömrələri qoyurlar. Onlara elə gəlirdi ki, bu hiylə ilə kimisə aldada bilərlər. İranlılar bu nömrələrin təkrarlanmasında, maşında dolaşmasında ​ səhv buraxdılar və əlimizdə konkret fotoşəkil dəlilləri var”, - deyə məqalədə bildirilir.

Məsələ ilə bağlı Bizimyol.info saytına danışan Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə bildirib ki, hər zaman İslam dəyərlərinə sadiq qaldığını iddia edən İran İslam Respublikası minlərlə müsəlmanın qanını tökən, yüz minlərlə müsəlmanı yurdundan didərgin salan Ermənistana dəstək verməklə İslam dünyasına xəyanət edir:

Asim Mollazadə Asim Mollazadə

“Azərbaycan heç vaxt bir dövlətin başqa dövlətlə münasibətlərinə müdaxilə etməyib. İranın Ermənistanla əlaqələri çox yaxşıdır və biz bu mövzuda heç vaxt İran qarşısında hər hansı tələb qaldırmamışıq. Lakin hətta müharibədən sonra Azərbaycan torpaqlarına qanunsuz şəkildə İrandan yük daşınması artıq İran tərəfinin separatizmi və terrorizmi dəstəklədiyini, Azərbaycana qarşı qərəzli siyasət yeritdiyi mənasına gəlir”,- deyə deputat qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan bu məsələni digər müsəlman dövlətlərinin də diqqətinə çatdırmalıdır.

“İrana digər müsəlman ölkələri tərəfindən də sərt reaksiya ifadə olunmalıdır. Görünən odur ki, İran tərəfi Azərbaycanın notasına əhəmiyyət vermədi. İran iyul və avqust aylarında baş verən təxribatların qarşısını almamaqla, ​ Azərbaycanın ərazi bütövlüyünə hörmət etmədiyini bir daha təsdiqlədi. Və bu təxribatların təkrarlanması İranın Azərbaycanla mehriban qonşuluq ​ münasibətləri saxlamaq istəyini ifadə edən bəyanatlarla ziddiyyət təşkil edir. Fikrimcə, Azərbaycan Qafan-Gorus yolunu tamamilə nəzarətə almalı və Laçın dəhlizindən keçən bütün şübhəli nəqliyyat vasitələri saxlanılmalı, sərt yoxlama həyata keçirilməlidir. İran iyul və avqust aylarında baş verən təxribatların qarşısını almamaqla, ​ Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizliyinə davam edir”.

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl hesab edir ki, bu yükdaşıma əməliyyatları İranda ayrı-ayrı qrupların yox, birbaşa İran dövlətinin mövqeyini, yanaşmasını ifadə edir.

Ilham Ismayıl İlham İsmayıl

“Bu, təxribat yox, rəsmi Tehranın mövqeyidir. Müharibədən əvvəl də belə idi, indi də belədir. Əgər nömrələrin dəyişməsi də bizə məlumdursa, deməli, biz Qafan-Gorus yolundan keçən bütün maşınları yoxlamalıyıq, vəziyyəti nəzarətə almalıyıq. O maşınları vurmaq da mümkün deyil. Sadəcə, dayandırmaq, qarşısını almaq, ciddi xəbərdarlıq etmək lazımdır. İran qarşısında da ciddi surətdə tələb qoyulmalıdır ki, separatçılara göstərilən dəstəyə son qoyulsun”,- deyə İ.İsmayıl vurğulayıb.

Onun sözlərinə görə, sülhməramlıların da məsələyə başdansovdu yanaşması ciddi suallar yaradır: “Bu artıq onu göstərir ki, Laçında sərhəd-keçid məntəqəsinə Azərbaycan nəzarət etməlidir. Ən azından, Rusiya sülhməramlıları ilə birlikdə, Azərbaycan sərhədçilərinin də o postda xidmət keçməsi təmin edilməlidir”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »