Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
At oğrusu kimi... - Video
At oğrusu kimi... - Video

"İran regionda güc balansını qoruyub saxlamağa çalışır". Bu, fikir qonşu İran İslam Respublikasının ekspert cameəsində dolaşır. Əslində bunu rəsmi Tehranın ekspertlərin dilindən səsləndirdiyi mövqe kimi də qəbul etmək olar. Çünki bu, İranın rəsmi dövlət agentliyi olan İRNA-nın təşkil etdiyi vebinarda səslənib.

Hansı güc balansını nəzərdə tuturlar? Azərbaycanla Ermənistan arasında (!). Əvvəla, Azərbaycanın iqtisadi, demoqrafik, geosiyasi, eləcə də, hərbi potensialı ilə 44 günlük müharibədə darmadağın edilmiş Ermənistan arasında necə balans yaratmaq olar?! Bu, cəmiyyət qanunları o yana qalsın, təbiətin qanunlarına da ziddir. İkinci və ən başlıcası, niyə?! Axı niyə İran da, Rusiyanın özü də Azərbaycanla Ermənistanın hərbi gücünü balanslaşdırmağa çalışır?! Məqsəd nədir?!

Rusiyanın adını çəkməyimiz təsadüf deyil; RF Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova: "Kiməsə silah satmaq suveren hüququmuzdur" demişdi. Yəni Ermənistanı silahlandırmaqda davam edəcəklərini bildirmişdilər. Bu məsələdə İran da Rusiyadan geri qalmır; Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərinə dayanmadan müxtəlif təyinatlı mallar və eləcə də, silahlar daşınır. Rusiyanın mövqeyi məlumdur: Qarabağdan əhalinin axını davam etsə, Rusiya sülhməramlılarının bölgədə qalmasına ehtiyac da aradan qalxar. İran da bu məsələdə eyni mövqeyi tutur. Rəsmi Tehranın davranışları onu deməyə əsas verir ki, o, Azərbaycan ərazilərinin işğalda, yaxud heç olmasa, Rusiya sülhməramlılarının nəzarətində qalmasında maraqlıdır. Bu ehtiras sağlam düşüncəyə qalib gəlib: İran öz yük avtomaşınlarına hətta Ermənistan nömrələri bağlamaq səviyyəsinə qədər enib. Minillik dövlətçiliyi ilə öyünən ölkə bunu özünə necə yaraşdırır?! Bu da başqa bir mövzudur. Üstəlik, bu əməllərini dostluq, mehriban qonşuluq deklamasiyaları ilə pərdələməyə çalışır. Bunun da adı başqadır. Və üzdə dostluqdan danışıb əməldə düşmənçilik etmək hansı dövlət əxlaqına sığar?! Bu da ayrı dərd.

Regionda balans məsələsinə bir ayrı baxımdan yanaşmaq istərdik. Bu bölgədə üç regional dövlət (Türkiyə, Rusiya, İran) və üç subregional dövlət (Azərbaycan, Gürcüstan, Ermənistan) var. Subregionallardan ikisinin arasında güc balansı yaratmaq cəhdi nəyə hesablanıb?! Bəlkə Ermənistanla Azərbaycanın hər zaman münaqişədə olmasına?! Bölgəyə sülhün gəlməsini ləngitməyə və ya mümkün olsa, tamamilə önləməyə?! Bəlkəsiz belədir. Bu bir məsələ.

İkincisi, "güc balansı" demaqogiyasını darmadağın edən bir arqument də var: İran, eləcə də, Rusiya bölgədə güc balansı axtarırsa, əvvəlcə elə böyük dövlətlərin burda güc balansını təmin etsinlər. Daha doğrusu, Türkiyənin iştirakını həzm etsinlər. Türkiyənin bölgədəki varlığı elə ən yaxşı güc balansıdır.

Bir də ki məsələ niyə güc balansı formasında qoyulur ki?! Niyə məhz hərbi balans axtarılır ki?! Azərbaycan Ermənistana hərtərəfli sülh müqaviləsi təklif edir. Əslində, haqlı olaraq tələb edir. Ermənistan gəlib otursun, masada sülhə imza atsın, bölgənin böyük dövlətləri bu müqaviləyə dəstək versin, olacaq əsl balans!

Yazının əvvəlinə qayıdaq. İran, eləcə də, Rusiya və başqaları 30 ilə yaxın bir müddətdə Ermənistanı dəstəklədi (açıq, gizli). Bunun sonu nə oldu?! 30 il dəstəklənən bir "güc" müharibədə 44 gün tab gətirə bilmədi. Tehran da, xüsusilə, Moskva da öz gözləri ilə gördülər ki, müharibədə Ermənistana verdikləri 30 illik dəstək 30 günə əridi, yox oldu. Hərbə deyil, sülhə dəstək versəydilər, indi at oğrusu kimi "kol dibində" gizlənə-gizlənə Xankəndinə mal daşımazdılar. Bu cür rüsvayçı və gülünc duruma da düşməzdilər. Quyuya su tökməklə quyu sulu olmaz. İran tərəfi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərə gizli-gizli ha mal daşısın, ha silah daşısın. O yolla həmin ərazilərimizdə separatizmi əbədi saxlaya bilməz. Xankəndidə, Ağdərədə, başqa ərazilərimizdə yaşayan yerli əhalinin ayaqda qalması, hətta, həyatda qalması Azərbaycanın tərkibində, Azərbaycanın bayrağı altında mümkündür. "Həyatda qalmaq" ifadəsini yersiz yerə işlətmədik: o ərazilərdə yaşayan yaxşı halda bir neçə on min nəfəri öz geosiyasi oyunlarınıza alət etmisiniz, Rusiya və İran. Xankəndi kimi şəhərdə əhaliyə suyu maşlnlarla daşıyıb paylayırsınız. Yardım paylayırsınız. İnsanları bu yolla uzun müddət bir yerdə tutmaq mümkün deyil. Onları daşınma su ilə, yavan çörəklə bir müddət təmin edərsiniz bəlkə, ancaq xoşbəxt gələcəklə heç vaxt təmin edə bilməyəcəksiniz! Onlar bir gün öz xoşbəxtliyini axtaracaq. Onda bu "at oğrusu" davranışlarınızla tarixin ən çirkli (çirkin) səhifəsi olarsınız. "Demədi" deməyin...

Bizimyol.info

Paylaş »
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› İstanbul səmasında qəribə görüntü: Tesla, yoxsa Voldemort - Video
››› “Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”
››› Rusiyada universitetdə silahlı basqın olub, ölən və yaralılar var - Video
Son xəbərlər
Bütün xəbərlər »