Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Türkiyə zabitlərinə vətəndaşlıq verib Müdafiə Nazirliyində vəzifələrə təyin etməliyik”
“Türkiyə zabitlərinə vətəndaşlıq verib Müdafiə Nazirliyində vəzifələrə təyin etməliyik”

Son günlərdə sosial şəbəkələrdə belə məlumatlar yayılır ki, Bakıda və Ağdamda Azərbaycan və Türkiyənin birgə təlim mərkəzləri olacaq.

Həmçinin, türkiyəli zabitlər üçün həm Müdafiə Nazirliyində, həm də hərbi hissələrdə xüsusi ştatların yaradılacağı haqda da iddialar var. Türkiyə SQ zabitləri general-leytenant Bəxtiyar Ersay, general-mayor Abdullah Katırcı və general-mayor Ender Günerin də bu və digər proseslərə rəhbərlik edəcəyi barədə məlumatlar Türk mediasında da dolaşmaqdadır.

Bu məlumatları Bizimyol.info saytına şərh edən hərbi ekspert Mehman Qarayev bildirib ki, bu istiqamətdə bir çox məlumatlar və iddialar yayılır, lakin Azərbaycan Müdafiə Nazirliyi hələ açıqlama verməyib.

“Xüsusilə, Bəxtiyar Ersayın adı hallanır. Bu şəxs 44 günlük Qarabağ müharibəsində də qeyri-rəsmi olaraq bir müşavir qismində Azərbaycan ordusuna böyük dəstək verib. Lakin mən də istərdim ki, Azərbaycan bir sıra türkiyəli zabitlərə vətəndaşlıq versin və ya ikili vətəndaşlıq formatında onlar Müdafiə Nazirliyində müxtəlif vəzifələrə təyin olunsunlar”, - deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanda Türkiyəyə aid hərbi bazanın yaradılması hazırda mümkün deyil, lakin birgə təlim mərkəzinin yaradılması və ordularımızın inteqrasiyası üçün müxtəlif proqramların həyata keçirilməsi daha səmərəli və perspektivli görünür.

“Azərbaycan Qoşulmamaq Hərəkatının üzvü və hazırda sədridir, Türkiyə isə NATO üzvüdür. Lakin buna baxmayaraq, fərdi qaydada Azərbaycan və Türkiyə arasında hərbi sahədə yüksək tərəfdaşlıq var və 15 iyun 2021-ci il tarixli Şuşa Bəyannaməsi də özlüyündə bir sıra vacib nüanslar ehtiva edir. Şuşa Bəyannaməsinə də uyğun olaraq, intensiv təlimlərin keçirilməsi, hətta bu təlimlərin birgə təlim mərkəzlərindən idarə olunması mümkündür. Açığı, Ağdamda yaradılan Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzini mən səmərəli hesab etmirəm. Ona görə də, işğaldan azad edilmiş torpaqlarda sülh və əminamanlığı bərpa etmək üçün, Türkiyə ilə birgə addımlar atmağımıza, müdafiə və təhlükəsizlik mövzularında inteqrə olunmağımıza ehtiyac var. Laçında keçirilən son təlimlərdən də görürük ki, artıq iş başlayıb və bu, Ermənistana və Rusiyadakı ermənipərəst dairələrə qıcıq yaradır” – deyə ekspet əlavə edib.

Hərbi ekspert Telman Əbilov da hesab edir ki, əgər belə təlim mərkəzlərinin yaradılması baş tutarsa, Azərbaycan ordusunun döyüş qabiliyyətinə müstəsna təsiri olacaq.

“İlk növbədə milli kadrlarla bağlı problem var. Düzdür, 1992-ci ildən Türkiyədə təhsil alıb gələn, general rütbəsinə qədər yüksələn zabitlərimiz oldu. Şəhid general Polad Həşimovun da adını çəkə bilərik. Lakin bu zabitlərin çoxu heç yüksək rütbələrə qalxmadan, müxtəlif vasitələrlə ordudan sıxışdırılıb çıxarıldı, müxtəlif təzyiqlərə məruz qaldı. Hələ Birinci Qarabağ Müharibəsində ordumuzun formalaşmasında türkiyəli zabitlərin rolu yüksək idi, sadəcə olaraq, bu, Rusiyada təhsil alan və Moskvaya bağlı olan şəxslərin xoşuna gəlmədi, zaman-zaman bu inteqrasiya prosesinin qarşısını aldılar. Əgər bir az da geciksəydik, 44 günlük müharibəni biabırçı şəkildə uduzacaqdıq. Azərbaycanda Ali Hərbi Məktəbdə də müəllimlərin çoxu Türkiyədən gələn mütəxəssislər idi. Düşünürəm ki, bu istiqamətdə ciddi addım atmaq lazımdır, zabit yetişdirilməsində türkiyəli mütəxəssislərdən maksimum faydalanmalıyıq”, - deyə Telman Əbilov vurğulayıb.

O qeyd edib ki, Şuşa Bəyannəməsinin ardınca birgə təlim mərkəzinin yaradılması yeni mərhələ olacaq: “Bəyannamənin imzalanmasından sonra intensiv təlimlər başladı, hətta düşünürəm ki, Şuşada türkiyəli hərbçilərin yerləşdirilməsini də görəcəyik. Lakin mən sizə deyim ki, bu addımlar Müdafiə Nazirliyinə yox, birbaşa prezidentlər arasında olan razılığa, Azərbaycan və Türkiyə dövlət başçılarının iradəsinə əsasən atılır. Təəssüf ki, hələ Müdafiə Nazirliyimizi tam “milli” adlandıra bilmərik. Çünki Nəcməddin Sadıqovun kadrları hələ də orduda qalmaqdadır və onlar vaxtaşırı olaraq ordumuzu gücləndirmək üçün atılan addımlara mane olmağa çalışacaqlar”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »