Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ordudakı problemlərin müzakirə olunması normaldır"
"Ordudakı problemlərin müzakirə olunması normaldır"

Sentyabrın 6-da Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məlikzadə Məmmədağa Zakir oğlunun həmin gün odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Gəncə hərbi prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən​ verilən məlumata görə, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, iş üzrə şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və zəruri istintaq hərəkətləri həyata keçirilib.

Cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülməklə, istintaqın davam etdirilməsi Hərbi Prokurorluğun İstintaq idarəsinə həvalə edilib. Hazırda iş üzrə zəruri tədbirlərin görülməsi davam etdirilir (apa.az).

Hüquq müdafiəçisi, vəkil Əsabəli Mustafayev bildirib ki, müharibədən sonra cəmiyyətimiz istər qazilərimizlə, istərsə də xidmətini davam edən hərbçilərlə bağlı xəbərlərə daha həssas yanaşır.

Əsabəli Mustafayev Əsabəli Mustafayev

“İstənilən ölkədə, hətta müharibə vəziyyətində olmasına baxmayaraq, həmin ölkənin ictimaiyyəti orduda baş verənlərə görə narahat olur. Bizdə də insanların ordudakı intihar hadisələrinə həssas yanaşması​ anlaşılandır. Ordu rəhbərliyi ehtimal edə bilər ki, əgər cəmiyyət ordudakı xoşagəlməz hallardan xəbər tutsa, hərbi sirr açıqlanar, yaxud ümumi psixoloji vəziyyətə təsir edər. Lakin əksinə, bu və digər halların qapalı qalması daha da inamsızlıq və güvənsizlik yaradır. Kim ki deyir, orduda baş verənlər gizli qalmalıdır, onlar sadəcə bəhanə edirlər, məsuliyyətdən qaçırlar”, - deyə Ə.Mustafayev bildirib.

Onun sözlərinə görə, ordu üzərində ictimai nəzarət təmin edilməli və bəzi məsələlərdə şəffaflıq təmin edilməlidir.

“Əsgərlərin psixoloji durumunu da nəzarətdə saxlamaq üçün, tez-tez profilaktik söhbətlər aparılmalı, hansısa problemi olan şəxslər dinlənilməlidir. Mən ümid edirəm ki, prokurorluq orqanları bu məsələni araşdıracaqlar. Lakin bu və digər məsələlərdə ictimaiyyət nümayəndələri də məlumatlandırılmalı, ifrat qapalılıq siyasətindən əl çəkilməlidir. Hökumət ordudakı problemlərin yazılmasından qorxmamalıdır. Orduda xidmət edənlər də bizim övladlarımızdır”,- deyə Ə.Mustafayev əlavə edib.

Hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, ordu canlı orqanizm olduğu üçün, hər hansı qoşun birləşməsində xoşagəlməz hadisə baş verdikdə, digər fərdlərə də təsir edir.

Elxan Şıxəliyev Elxan Şıxəliyev

“Hərbi qulluqçular insanlardır. Hər birinin fərqli problemləri ola bilər. Adətən, belə halları nazirlik cəmiyyətə açıqlamır. Lakin belə hal baş verəndə, əmin olun ki, ən az 5-6 zabit cəzalandırılır. Heç bir zabit istəməz ki, onun tabeçiliyində olan hərbi hissədə və ya taqımda belə bir hadisə baş versin. Əlbəttə, belə hallar əvvəl də olub, yenə də olacaq. Lakin biz çalışmalıyıq ki, hər hansı problemin qarşısını vaxtında alaq. Dünyanın əksər ölkələrində ordu üzərində ictimai nəzarət koalisiyası var. Bizdə isə bu yoxdur. Fikrimcə, bizdə ictimai nəzarət koalisiyasının heç bir ziyanı olmayacaq, əksinə, bir sıra problemlərin qabağını vaxtında ala biləcəyik”- deyə E.Şıxəliyev bildirib.

Ekspert əlavə edib ki, MAXE kimi tanınan müqaviləli hərbi qulluqçuların sayı artdıqca, Azərbaycan silahlı qüvvələrində “devovşina” da aradan qalxmağa başlayıb.

“Əvvəl “dedovşina”nı daha çox əsgərlər yaradırdı. Hazırda manqaların 70-80 faizinə MAXE-lər rəhbərlik edir. Onlar maaş alır və məsuliyyət daşıyırlar. Peşəkar orduya keçid “dedovşina”nın da aradan qalxmasına yardımçı olur”, - deyə E.Şıxəliyev söyləyib.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› İcra başçısının bacısı oğlundan kənd camaatına qəribə qadağa...
››› Bu il məktəblərdə gül buketi “gül pulu” ilə əvəz olundu: Əlində gül yox, cibində pul gətir
››› Zaxarova Gorus-Qafan yolunda Azərbaycanın İranın yük maşınlarını saxlamasına münasibət bildirib
››› İran Xankəndini Ermənistan ərazisi hesab edir - Foto
››› Vampir hekayələri gerçəkləşir -  Hər gün qan içməsə, dayana bilmir
››› Dama-dama göl olan 15 qəpiklər – Deputatın çıxışı xalqı qəzəbləndirdi
››› “İran Azərbaycanla münasibətlərdə nə istədiyini, nə gözlədiyini aydın ifadə etməlidir”
Son xəbərlər
Bütün xəbərlər »