Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Miranda qaydası”ndan daha çox...
“Miranda qaydası”ndan daha çox...

Miranda qaydası haqqında eşitmişik, oxumuşuq. Hamımız Amerika filmlərini izləmişik, izləyirik də; az və ya çox “dozada” Amerika kütləvi mədəniyyətinə “yoluxmuşuq”. Eləcə də, Mərkəzi və Cənubu Amerikada intişar tapmış karnaval mədəniyyətinə...

Adətən Amerikada çəkilmiş polis filmlərində belə bir səhnə olur: cinayətdə şübhəli bilinən şəxs tutularkən ona birinci öz hüquqları belə edilir:

“Sizin susmaq hüququnuz var. Sizin deyəcəyiniz hər bir söz məhkəmədə Sizə qarşı işlənə bilər və işlənəcək...”

Bu hüquq norması 1966-cı ildə ABŞ Ali Məhkəməsinin çıxardığı bir qərardan gəlir və məqsədi budur ki, şübhəli şəxsin özünün özünə qarşı şahidlik edə bilməmə hüququ işləsin. Yəni, saxlanılan şəxsə öz hüquqları izah olunana qədər dediyi hər bir söz məhkəmədə sübut olaraq əsas götürülə bilər.

Bu norma ilk dəfə cinayətkar Ernesto Arturo Mirandaya tətbiq olunub. Qaydanın adı da burdandır.

“Susmaq hüququ”nun məğzi anlaşıldı. Ancaq, ümumiyyətlə, belə görünür ki, Amerika ordusuna... susdurmaq hüququ da verilir. Almaniyanın Süddeutsche Zeitung nəşri yazır ki, ABŞ-ın İndiana ştatında Naval Surface Warfare Center-də işləyən Kristofer Braun adlı ixtiraçı ölümcül olmayan susdurucu silah yaradıb. Patent üçün artıq ərizə də verib. Acoustic Hailing And Disruption (AHAD) adlanan bu sistemin prinsipi qulaqcıqlardakına oxşayır. AHAD parabolik antennanın və yönləndirilmiş mikrafonun köməyi ilə insanın səs dalğasını tutur, gücləndirir və iki dəfə səsləndirir – bir dəfə dərhal, bir dəfə də 200 milli saniyə sonra. Bu ikili səsləndirmə zamanı süni əks-səda və xarici mənbədən gələn səs bir-birini boğur; insanın nitqini, faktik bloklamış olur. “İxtiranın patent təsvirində yazıldığına görə, bu, təkcə fiziki deyil, psixoloji effekt də yaradır; yubanan akustik əks-əlaqə insanın fikri konsentrasiyasını pozur, danışığı çətinləşdirir”, - deyə alman nəşrində müəllif Patrik İllinger yazır.

Bu günə qədər bilirdik ki, elmi-praktik eksperimentlərin, müxtəlif psixoanalitik testlərin könüllülərini, xüsusi hallarda istintaq altında olanları, eləcə də, hərbi əsirləri danışdırmaq – onlarn öz xoşuna söyləmək istəmədikləri şəxsi, hərbi, dövlət sirrlərini ala bilmək üçün müəyyən üsullar və vasitələr icad olunub. Ancaq danışanları susdurmaq...

Hə, bax, bunu bacarmaq çətin idi.

Başqa canlılardan fərqli olaraq insan təbiətcə susmağa deyil, danışmağa meyllidir. Bəzi insanlarda isə, bu boşboğazlıq deyilən zərərli həddə olur. Belə adamları mühüm sirrlərə əlçatan mövqelərə yaxın buraxmaq olmaz. Çünki, necə deyərlər, boşboğaz xəfiyyələrin şikarıdır. Eləcə də, mobil operatorların...

Qısası, çox danışmağın da öz fəsadları çıxır. “Danışmaq gümüşdürsə, danışmamaq qızıldır”, “əvvəl düşün, sonra danış”, “qılınc yarası sağalar, söz yarası sağalmaz”... kimi xeyli hikmətli sözlər də insanların çox danışmağını deyil, susmağını stimullaşdırmaq ehtiyacından doğub. Fikir verirsinizsə, daha dərin ağlı, daha zəngin erudisiyası, daha geniş dünyagörüşü, daha miqyaslı düşüncəsi olan adamlar və müdriklər, adətən, az-az və qısa danışırlar. Demək istədikləri onlardan qabaq deyilibsə, ümumiyyətlə, susmağa üstünlük verirlər. Xüsusilə də adamların bildiklərini danışmadığı, əksinə bilmədiklərini danışdığı yerdə. Bu isə hər yerdir – boz çoxluğun adamları, adətən, bildiklərini deyil, bilmədiklərini... daha çox danışır. Ovçular, məsələn, ən böyük yalançılar sayılır; vura bildiyi dovşanlardan danışmaq əvəzinə, vura bilmədiyi ceyranlarla... qürrələnir.

Çağımızda insanın aşırı – yararsız “kəlmə ifrazı” verbal ictimai fəzanı o dərəcədə yükləyir ki... Hətta zəhərləyir. Buna "kəlmə ishalı" da deyərdik, demirik; çox amansız alınar. Hərçənd, bu ifadəyə layiq olanlar daha bizim ən azı eşitmə orqanımıza qarşı çox, həm də çox amansızdırlar. Baxın, o qədər yalan danışılır ki, nəticədə həqiqəti yalandan ayırmaq çətin olur. Bu haqda əvvəl də yazmışdıq. İnsanları susdurmaq silahının bəlkə belə bir hədəfi də var...

Ancaq susdurmağın motivləri çeşidli ola bilər. Yazının əvvəlində biz “hüquqi susdurma” normasından – Miranda qaydasından danışdıq. Bizim qanunla da istintaq altındakı adamın susmaq hüququ var. Bir də var Kristofer Braunun “texniki susdurma” icadı. Sükut silahı, əgər belə demək mümkündürsə. Bu, insanlara fiziki zərər vermədən də (öldürmədən) susdura bilər (əlbəttə, patent təsdiqlənsə).

Onun hədəfi tam olaraq nədir?! Bu silahla hansı insanı və məhz nə məqsədlə, nə qədər müddətə susdurmaq lazım gələcək? Burası hələlik müəmma!

Siyasi, ictimai susdurucular... bunlar əsrlər boyu var; dini dünyagörüşü cəfəng sayan - kosmik fəzanın sonsuzluğuna inanan adamı tonqala atıb... susduranlar, məsələn. İnkvizisiya...

“Dürlü-dürlü” işgəncə maşınları... susanları danışdırarkən, ifrat mühafizəkar Avropa kilsələri və Şərqin amansız şəriət məhkəmələri danışanları susdururdu. Nə qədər misilsiz dühalar, dini eretiklər, siyasi dikbaşlar... tarixin “ədalət” fasadının arxasında gizlənən bu “ictimai ƏTALƏT” maşınından - "ƏT maşını"ndan keçib məhv oldu. Elə günümüzdə də siyasi, dini görüşlərinə... görə məhkum olunanlar az deyil. Həm də tək Dünyanın “bu tərəfində” deyil, hər tərəfində!

Dünya həbsxanaları siyasi yumoristlərlə, kreativ karikaturistlərlə, tikanlı jurnalistlərlə, üsyançı bloqçularla, "əyləcsiz" sanqviniklərlə, ədəbi eretiklərlə, “neştərli” satiriklərlə... dolub daşır. Onlara qarşı hansı silahdan “atəş” açılıb?! İfşaedici görüntülər, oğurlanmış uyğunsuz şəxsi yazışmalar - böhtan, şantaj, iftira... Qadına “deyilən” komplimentə görə həbs olunmaq var hələ bu misalların içində (Sonra o qadının özünü başqa cinayətə görə tutmaq da (?!))

Dünyanın hər iki tərəfində - daha çox da bizim mental “yarımkürə”də fərqli fikirlərin boğulmasının şahidləriyik. Bir yandan da bu Amerikalı Braunun icadı çıxdı başımıza. İndən sonra belə getsə, insanı öldürmədən, hətta özünün də xəbəri olmadan... susduracaqlar. Fərqli fikri desən də, deməmiş olacaqsan. Əvvəla, deyə bilməyəcəksən. Sonra da ki eşidilməyəcəksən. Vəssalam!

Bu, əslində insanı salamat saxlayıb, fikri... öldürməkdir. Əvvəllər yenə fikir deyilmiş olurdu; insanı öldürsələr də, fikri yaşayırdı. İndi isə...

Deməli, yenə də... yaşasın, Əlahəzrət Mətn!

Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyini onlayn media subyektlərinin (veb-saytların) inkişafına maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.3. İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması

Paylaş »
››› İki oğlu şəhid olan ananın şikayətinə cavab gəldi
››› "Region dünyanın barıt çəlləyinə çevrilib, partlayış bir qığılcıma bənddir"
››› “Yardımlının axundunu rayonda tapmaq olmur”
››› FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› Ərdoğan: "İğdırdan Azərbaycana yol çəkəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »