Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Anti-terror əməliyyatları bir nəfəs qədər yaxındır”
“Anti-terror əməliyyatları bir nəfəs qədər yaxındır”

Ötən gün müdafiə naziri Zakir Həsənov Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlıları arasında planlaşdırılan “Üç Qardaş - 2021” beynəlxalq təliminin keçiriləcəyi əraziyə baş çəkib, təlimə hazırlıq işləri ilə tanış olub.

Digər tərəfdən, bizim xüsusi təyinatlıların Laçında Türkiyə xüsusi təyinatlıları ilə birgə təlimi keçirilir. Türkiyədə isə eyni zamandazərbaycan və Türkiyə sualtı hücum və sualtı müdafiə qruplarının birgə təlim-məşqləri davam edir. Həmin təlimdə Azərbaycan Hərbi Dəniz qüvvələrinin xüssusi təyinatlıları qardaş ölkənin hərbi qulluqçuları ilə birlikdə əməliyyatların planlaşdırılması, şərti düşmənin terror-diversiya qrupunun zərərsizləşdirilməsi və onların müvəqqəti bazasının məhv edilməsi üzrə döyüş atışlı təlim tapşırıqları yerinə yetiriblər.

Həmçinin, Azərbaycan Hərbi Hava qüvvələrinin hərbi qulluqçuları Türkiyə Respublikasının Konya şəhərində keçirilən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərində iştirak edirlər və bu təlimlər sentyabrın 17-dək davam edəcək.

Düzdür, artıq neçə ildir ki, Azərbaycan və Türkiyə silahlı qüvvələri birgə təlimlər keçirir və bu təlimlər yeni xəbər sayılmaz. Lakin post-müharibə dövründə (44 günlük Vətən Müharibəsindən sonra – red.) bu təlimlərin intensiv xarakter alması və müxtəlif qoşun növləri üzrə birgə təlimlərin təşkili istər sadə vətəndaşlar, istərsə də xarici ekspertlər tərəfindən birmənalı qarşılanmır.

Xüsusilə də, Laçında keçirilən təlimlər Ermənistan parlamentində müxalif deputatları narahat edib və növbəti dəfə Paşinyan hökumətini tənqid atəşinə tutaraq, bu məsələ ilə “bağlı” mövqe bildirməyə çağırıblar.

Hətta “Şərəfim var” fraksiyasının üzvü Tiqran Abramyan Laçında keçirilən təlimin “Ermənistana qarşı növbəti təxribat olduğunu” deyərək, Paşinyanı dərhal reaksiya verməyə səsləyib.

Azərbaycanın sosial şəbəkə istifadəçiləri arasında da bu və digər təlimləri müharibəyə hazırlıq kimi dəyərləndirənlər də az deyil.

Bizimyol.info saytına danışan hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, sözügedən təlimlər yaxında müharibə olacağı anlamına gəlmir.

Elxan Şıxəliyev Elxan Şıxəliyev

“Lakin Azərbaycan ordusu daim hər bir təhlükəyə hazırlıqlı olmalıdır və hərbçilərimizin peşəkarlığı artırılmalıdır. Bu təlimlər onu göstərir ki, Qarabağda anti-terror əməliyyatları bir nəfəs qədər yaxındır. Minatəmizləmə işləri getdikcə, işğaldan azad edilmiş bütün ərazilərdə silsilə təlimlərin olacağı şübhə doğurmur”, - deyə ekspert bildirib.

O, Azərbaycan silahlı qüvvələrinin müxtəlif qoşun növlərinin davamlı olaraq Türkiyə ilə birgə təlimlərə qatılmasını, habelə, Rusiya, İran və Qazaxıstanda keçirilən beynəlxalq tədbirlərdə də iştirakını belə dəyərləndirib: “Bu, onu deməyə əsas verir ki, Azərbaycan müharibənin nəticələrindən heç də tam məmnun deyil və son kadr islahatlarını nəzərə alsaq, ölkə rəhbərliyi post-müharibə dövründə ordunu daha da təkmilləşdirmək üçün ciddi tapşırıqlar verib.”.

E.Şıxəliyev Ermənistan tərəfindən olan narahatlıqları şərh edərək deyib ki, qarşı tərəf Azərbaycanın arxayınlaşacağını, ordu islahatlarını dayandıracağını gözləyirdisə, məyus olacaq.

“Ermənistan da təlimlər keçirir və ordunu yenidən qurmaqla, eyni zamanda üçtərəfli bəyanatın icrasını yubatmaqla, revanş alacağına ümid edir. Onlar düşünürlər ki, müəyyən vaxtdan sonra Azərbaycana yenidən həmlə endirib, torpaqlarımızı işğal edə bilərlər. Lakin göründüyü kimi, Azərbaycan rəhbərliyinin başı qələbədən gicəllənməyib, arxayınlaşmayıb. Əksinə, bütün boşluqları doldurmaq, şəxsi heyətin döyüş qabiliyyətini artırmaq istiqamətinə ciddi işlər gedir. Bu təlimlərdə həm də ciddi siyasi mesajlar var. Yəni, siz yenidən nəyəsə ümid edirsinizsə, bilin ki, biz də boş oturmuruq. Ermənistanın siyasi elitası revanşizmdən çox sülh sazişinə köklənsə daha yaxşı olar”, - deyə ekspert vurğulayıb.

Ekspert bildirib ki, Şuşa döyüşlərindən sonra, Qərbin, xüsusilə də ABŞ-ın hərbi ekspertləri Azərbaycan xüsusi təyinatlıları ilə yaxından maraqlanmağa başlayıblar: “Hazırda bəzi ekspertləri Azərbaycanın xüsusi təyinatlıları dünyanın ən yaxşıları sırasında dəyərləndirirlər. Təəssüf ki, ümumi olaraq quru qoşunlarımızda bir sıra problemlər, çatışmazlıqlar var. Ümid edirəm, yaxın zamanlarda quru qoşunlarında da döyüş qabiliyyəti və peşəkarlıq səviyyəsini qaldırmaq üçün ciddi addımlar atılacaq”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Yuxarı Qarabağda əhali Rusiyanın girovluğundadır"
››› Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana gətirilib
››› “Artıq Dağlıq Qarabağ yoxdur, Azərbaycan var, başa düşdüz?!..” - Video
››› ÜST: Həkimlər və tibb bacıları xəstəxanaları tərk edirlər
Son xəbərlər
Bütün xəbərlər »