Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AZAL prezidentinin xanımı ildə iki dəfə təkcə “İdeal”dan milyonlarla gəlir götürür
AZAL prezidentinin xanımı ildə iki dəfə təkcə “İdeal”dan milyonlarla gəlir götürür

“İdeal” mağazalar şəbəkəsinin gəlirlərindən ildə iki dəfə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevaya böyük məbləğdə gəlirlər ödənilirmiş.

Bizimyol.info xəbər verir ki, bu barədə “İdeal Kompani”nin mühasibi işləmiş Samirə Quliyeva məhkəmədə məlumat verib. O, “İdeal Kompani”nin yaradıcısı və keçmiş sahibi, hazırda həbsdə olan iş adamı İlqar İsmayılovun məhkəməsində şahid qismində dindirilib.

İlqar İsmayılov “İdeal Kompani”ni 1999-cu ildə yaradıb. Zərifə Həmzəyeva 2011-ci ildə şirkətin 50 faizini alıb və həmtəsisçiyə çevrilib.

Şahid Samirə Quliyevanın dediyinə görə, “İdeal”ın gəlirlərindən İlqar İsmayılovla yanaşı, digər təsisçiyə də ildə iki dəfə, dəyəri milyonlarla ölçülən divident ödənilirdi. Şahid əlavə edib ki, bu dividentlərin ödənişi hesabatlarda “Gazelli” adı altında sənədləşdirilirdi.

Qeyd edək ki, kosmetik məhsulların istehsalıyla məşğul olan “Gazelli”nin prezidenti də AZAL prezidentinin xanımıdır.

İş adamının məhkəməsində bundan əvvəl belə fikirlər səslənirdi ki, Fuad Şahvəliyev adlı şəxs şirkətdə Zərifə Həmzəyevanı təmsil edirdi. Samirə Quliyeva Fuad Şahvəliyevi tanıdığını deyib. Onun sözlərinə görə, şirkətdən çıxarılan istənilən məbləğdən həm İlqar İsmayılovun, həm də Fuad Şahvəliyevin xəbəri olurdu.

Samirə Quliyeva onu da bildirib ki, elə hallar olurdu, bankdan İlqar İsmayılovun adına kredit ayrılıb, amma həmin vəsaitlər “İdeal”ın xəzinəsinə köçürülüb. Ayrılmış kredit şirkətin fəaliyyətinə sərf olunduğuna görə sonradan həmin kreditin aylıq ödənişi üçün də şirkətin kassasından İlqar İsmayılova pul ayrılıb.

İlqar İsmayılovun adına Zərifə Həmzəyevaya məxsus indi “Premium Bank”, o vaxt isə “SilkWay Bank” adlanan bankdan 5 milyon manat kredit ayrılıb. İş adamı məhkəmədə bildirib ki, həmin vəsait şirkəti inkişaf etdirmək, mağazaların sayını artırmaq üçün digər təsisçi Zərifə Həmzəyeva ilə məsləhətləşmədən sonra ayrılıb. Qarşı tərəf məsləhət görüb ki, kredit şirkətin adına yox, İlqar İsmayılovun öz adına rəsmiləşsin. O da razılaşıb. Lakin kredit məbləği şirkətə çatıb.

İş adamının vəkilləri şahid Samirə Quliyevaya İlqar İsmayılovun şirkətin kassasına ümumilikdə 5 milyona qədər vəsait mədaxil etməsinə dair kassa mədaxil qəbzlərini göstəriblər. Həmin qəbzlərdə mühasib kimi, Samirə Quliyevanın da imzası var. Şahid həmin imzaların ona məxsus olduğunu və bu vəsaitləri İlqar İsmayılovun şirkətə mədaxil edildiyini təsdiqləyib.

Şahid vurğulayıb ki, bankın inkassatorunun nağd şəkildə “İdeal Kompani”nin kassasına pul gətirib köçürdüyünü xatırlayır. Samirə Quliyeva əlavə edib ki, həmin kreditlər üzrə aylıq ödəniş qrafikləri əsasında ödənişlər şirkətin kassasından ödənilirdi: “Səhv etmirəmsə, həmin kredit üzrə aylıq ödəniş 36 min manat idi...”

Samirə Quliyeva əlavə edib ki, şirkətin xəzinəsindən edilən bütün əməliyyatlar barədə günün sonunda hesabatlar hazırlanırdı. Ertəsi gün səhər həmin hesabatlar İlqar İsmayılova, Fuad Şahvəliyevə və maliyyə məsələlərinə məsul olan digər vəzifəli şəxslərə göndərilirdi.

İlqar İsmayılov 2011-2017-ci illərdə vəzifəsindən sui-istifadə edərək, “İdeal”ın 680 min manata yaxın vəsaiti mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda məınimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Lakin o, ittihamları qəbul etmir.

İş adamı isə deyir ki, 2011-ci ildə “İdeal”ın 50 faizini AZAL prezidentinin xanımına satıb. Daha sonra özündə qalan 50 faizin 25 faizini də satmaq məcburiyyətində qalıb. Qalan 25 faizlik payını və əmtəə nişanını vermək istəmədiyinə görə 2017-ci ildə şərlənərək həbs edilib. 3 ay 10 gün həbsdə saxlandıqdan sonra məcburiyyət qarşısında şirkətdəki payından və əmttə nişanı hüququndan imtina etməsi haqda sənədləri imzalayıb. Bundan sonra həbsdən buraxılıb, az sonra barəsindəki cinayət işinə də xitam verilib. Başına gələnlər haqda bir müddət susub danışmasa da, 3 il sonra hüquqlarının bərpasını tələb etməyə başlayıb, müxtəlif dövlət orqanlarına şikayətlər yazıb, mediaya bu haqda müsahibələr verib. Bundan sonra yenidən həbs olunacağı barədə xəbərdarlıq edilib. Susmadığına görə bu ilin aprelində yenidən həbs olunub.

İlqar İsmayılov həbsinə və şirkətin əlindən alınmasına görə AZAL rəhbəri Cahangir Əsgərovu ittiham edir.

Zərifə Həmzəyevanın hüquqşünası İlqar İsmayılovu böhtana görə xüsusi ittiham qaydasında məhkəməyə versə də, məhkəmə iş adamının təqsirsiz olduğu qənaətinə gəlib.

“İdeal”ın idarəçiləri 2020-ci ildə “Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət “Adore Company”ə daxil edilib.

Bizimyol.info

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
››› 22 milyonluq yeyintidə ittiham olunan “Şöhrət” ordenli Muradov məhkəməyə nə vaxt çıxarılır
Son xəbərlər
Bütün xəbərlər »