Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Birlikdə çörək kəsmək, yoxsa birinin çörəyini kəsmək...
Birlikdə çörək kəsmək, yoxsa birinin çörəyini kəsmək...

Bir dəfə kriminal proqramında efirə iki oğru çıxmışdı. Biri yaşlı, biri cavan. Cavan yaşlının üzünə durmuşdu, yaşlı oğru da əsəbləşib “haram olsun ona verdiyim çörək, ona bu peşəni mən öyrətmişəm, əlini çörəyə çatdırmışam” demişdi və bu sözə çox gülmüşdüm. Cavan oğrunu abad günə çıxarmış kimi başına qaxınc da edirdi etdiyini.

“Əlindən tutub çörək verib”, “Filankəsin çörəyini yeyirsən” ifadələri bütün lovğalığın, yaltaqlığın, haramın əsasını qoyur. Kimsə bir tikə halal çörək yeyirsə, bunu zəhməti bahasına, alın tərinin, zamanının sərf edilməsi bahasına yeyir, kiminsə hesabına yox. İnsan Allahın mülkünü, ruzisini çəpərləyib ondan misqal-misqal digərlərinə verməklə Allahlıq iddiasına düşür.

Kimsə kiməsə bir misqal yaxşılıq edirsə, onun bir pud şəklində geri qayıtmasını tələb edir, içinə minnət qatılaraq edilən yaxşılqı əslində yaxşılıq deyil, sadəcə, gələcəyə hesablanmış bir plan!

Hər kəs ilk addımı atmaq üçün bir yerdən başlayır. İnsanıqsa, mütləq çevrəmizdə insanlar olacaq, ölən günə qədər yollarımız kimlərləsə kəsişəcək, toqquşacaq. Ömrümüzə girən hər insan isə mütləq müəllim rolunu oynayacaq. Birindən inciməyi öyrənəcəyik, birindən bərk dayanmağı, birindən aldadılmağı, digərindən kürəyə xəncər yeməyi, digərindən inanmamağı, bir başqasından güvənməyi, kimdənsə əksinə, güvənməməyi. Gəlib gedən insan sayları çox olduqca mələk donlu iblisləri də tanıyacaqsan, çirkab içində itmiş gözəllikləri də. Hər kəs mütləq nəsə öyrədəcək. Kiminsə yanında təcrübə qazana-qazana böyüyəcəyik. Dərdimizlə, sərimizlə, çox zaman yediyimiz çörəyimiz duzlu dadacaq, üstünə axıtdığımız göz yaşlarına görə. Və günün birində səni ağladan, verdiyi əziyyətlərlə gücləndirən, özü də bilmədən böyüməyinə kömək edən (bilsə, bu acı sənə güc verir, öldürər, amma onu da etməz paxıllığından) o “müəllim” deyir sənə çörəyi mən vermişəm.

Sən kiminsə cavabını verməyib könlünü qırmaqdan çəkindiyin müddətcə, səni qırıq-qırıq edirlər, şüşə parçaları kimi - “çörək vermişəm”lərlə. Başına çəkic kimi dəyir bu ifadə. Qapazaltı edir səni.

Dünən sosial şəbəkələrdə bir xəbər müzakirə mövzusuna çevrildi. Tanınmış müğənni Könül Kərimova bildirdi ki, “Laçınım” adlı məşhur mahnının müəllifi özü imiş və bir zamanlar duet ortağı olduğu Məhəbbət Kazımova bu musiqini o yazıb veribmiş.

Mümkündür. Könül xanımın bəstələri var və “Laçınım” da onun əl işinə, ilhamının məhsuluna bənzəyir. Zamanında müəllif kimi Müəllif Hüquqları Agentliyinə müraciət edə bilərdi, heç indi də gec deyil. Sözüm onda deyil. Sözüm bu xəbərə gələn reaksiyalardadır. Demək olar ki, böyük əksəriyyətin ümumi fikri belədir. “Məhəbbət Kazımov Könül Kərimovaya çörək vermişdi, birlikdə oxumuşdular, o gərək bunu deməyəydi”.

Nə çörək, hansı çörək? Adamlar duet ortağı olublar, hər ikisi zəhmət çəkib el şənliklərində ifa ediblər. Könül xanım bu gün “mahnının müəllifi mənəm” deyir sadəcə, Məhəbbət Kazımovu təhqir etmir axı. Dərhal o çörək sözünü ortaya soxuşdurmağın, hətta fərqli baxış sərgiləyənlərin təhqirə keçməsinin anlamı nədir?

Çörək vermək nə deməkdir. Heç feodolizm dövründə də bəy nökərinə çörək verməmişdi. Çünki ikincinin əməyi, zəhməti olmasaydı, birincinin bəylik statusu olası deyildi, ona görə yaranmışdı bəlkə də o baməzə məsəl. “Sən ağa, mən ağa, inəkləri kim sağa?”. Çörək bəşəriyyətin ən böyük tapıntısıdır, elə ona görə müqəddəsdir. Elə ona görə bütün xalqlarda duz-çörək anlayışı mübarək anlayış olub.

Kimdənsə haqqını tələb etmək çörək itirməklik deyil, iş qurub maaşı ilə adam işlətmək də çörək vermək deyil. Çörək verməklə çörək verdiyinə istənilən həqarəti söyləyib, onu istədiyin qara işlərə məcbur etməyin adı da çörək vermək deyil. Bunun adı nədir, mən hələ bilmirəm, sadəcə, insan işi deyil.

İlhamə Rəsulova, Bizimyol.info

Paylaş »
››› Daha bir Türkdilli dövlətdə ruslarla bağlı qalmaqal
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Terror aktına görə danlanan idarə rəisi özünü öldürdü
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
Son xəbərlər
Bütün xəbərlər »