Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan və Türkiyəni Minsk qrupu ilə “qorxutmağa” çalışırlar”
“Azərbaycan və Türkiyəni Minsk qrupu ilə “qorxutmağa” çalışırlar”

ATƏT-in Minsk qrupunun rusiyalı yeni həmsədri İqor Xovayev Ermənistanda səfərdədir.

APA-nın məlumatına görə, bu gün o, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. Ermənistan XİN görüşün digər detallarını açıqlamayıb.

Qeyd edək ki, İ.Xovayev bir həftə əvvəl Bakıya səfər edərək Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşmüşdü. XİN-in Mətbuat xidməti idarəsindən bildirilib ki, nazir Ceyhun Bayramov qarşı tərəfi təyinatı münasibətilə təbrik edib. İqor Xovayev cari səfərinin tanışlıq xarakteri daşıdığını söyləyib.

Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədəki cari vəziyyət, Azərbaycanın münaqişə sonrası mərhələdə həyata keçirdiyi tədbirlər, işğal faktorunun aradan qaldırılması ilə Ermənistanla beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin normallaşdırılmasının mümkünlüyü, habelə qarşı tərəfin sərgilədiyi revanşist mövqeyin heç bir perspektivinin olmaması, tərəflərin yaranmış əməkdaşlıq imkanlarından faydalanmasının vacibliyi barədə məlumat verib.

Tərəflər, üçtərəfli bəyanatdan irəli gələn müddəaların həyata keçirilməsi və etimadın qurulması tədbirlərinin reallaşması ətrafında fikir mübadiləsi aparıblar.

Rusiyalı həmsədrin bölgəyə səfəri ilə bağlı yaranan sualları Bizimyol.info saytına şərh edən siyasi şərhçi, Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, rusiyalı həmsədr yeni təyin olunub və həm vəziyyətlə tanış olmağa, həm də bir diplomat kimi öz bacarıqlarını göstərməyə çalışır.

Tofiq Zülfüqarov Tofiq Zülfüqarov

“ATƏT-in Minsk qrupunun bölgədə heç bir nüfuzunun qalmadığını, Azərbaycan cəmiyyəti tərəfindən də heç bir etimad olmadığını həmsədrlər özləyi yaxşı anlayırlar. Son illərdə Minsk qrupu ümumiyyətlə heç bir fəaliyyət göstərmirdi, hətta hansısa görüşlər üçün təşəbbüslər belə müşahidə olunmurdu. Yalnız 44 günlük müharibədən sonra, ermənilər və Qərbdəki erməni diasporu ATƏT-in Minsk qrupunu yenidən gündəmə gətirdilər. Azərbaycan dövlətinin mövqeyi isə aydındır, bizim mənasız danışıqlara, xüsusilə də “status” mövzusu ilə bağlı danışıqlara vaxtımız yoxdur. Biz Qarabağdakı ermənilərə Konstitusiyamıza görə ən yüksək status – Azərbaycan vətəndaşlığı verə bilərik. Kim qanunlarımıza hörmət edib Qarabağda yaşamaq istəyəcəksə, ona Azərbaycan vətəndaşlığı verilə bilər. 25 min erməniyə başqa hansı statusdan söz gedə biilər?”, - deyə T.Zülfüqarov qeyd edib.

O vurğulayıb ki, Rusiya bölgəyə yanaşmasında iki xətt üzrə fəaliyyət göstərir – Birincisi, Türkiyə ilə bölgədə əsas tərəfdaş olaraq, ikincisi isə Minsk qrupunun həmsədri olaraq.

“Rusiya əsasən Rusiya-Türkiyə tandemi xəttilə siyasət yürüdür, çünki, Moskva və Ankara arasında müəyyən kontakt mövcuddur, bir sıra problemləri müzakirə edə bilirlər. Digər tərəfdən isə, Rusiya özünün Minsk qrupundakı həmsədrliyini də itirmək istəmir və bu formatda da özünü fəal göstərərək, bölgədəki vacibliyini vurğulamağa çalışır. Əgər Rusiya-Türkiyə tandemində Moskvaya qarşı gərgin yanaşma, dərin narazılıq olarsa, o zaman həmsədr kimi meydana çıxacaq. Qısa olaraq, Moskva Ankara və Bakıya “xətrimə dəysəniz, geriyə ATƏT-in Minsk Qrupunda qayıda bilərəm” mesaj verir. Rusiya bölgəyə yanaşmasında əlində olan bütün kartlardan faydalanmağa çalışır. Aydın məsələdir ki, Azərbaycanı Minsk qrupu ilə “qorxutmağa” çalışırlar”,- deyə sabiq nazir söyləyib.

T.Zülfüqarovun fikrincə, Ərdoğanın Putinlə razılaşdığını bildirdiyi yeni format bölgənin inkişafı üçün həqiqətən səmərəli olacaq.

“Lakin məlum məsələdir ki, müəyyən qüvvələr buna imkan vermək istəmir. Əsasən də, ABŞ və Fransa Minsk qrupunun tamamilə səhnədən silinməsinə qarşıdırlar. Bu format onlara bölgədəki proseslərdə rol oynamaq imkanı verir. Lakin Rusiya bu formatda da öz fəallığını artıraraq, bir növ hər kəsə fərqli-fərqli mesajlar verir. Əlbəttə ki, Minsk qrupuna qayıtmaq bizim üçün təhlükəlidir. Ona görə də çalışmalıyıq ki, Ermənistanla olan bir sıra problemləri Rusiya-Türkiyə tandemi çərçivəsində həll etməyə nail olaq”, - deyə T.Zülfüqarov əlavə edib.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› “Əgər Ermənistan bizə dəhliz vermirsə, o zaman biz də Laçın dəhlizini nəzarətə götürməliyik”
››› Boşanmanın qadağan olunduğu ölkə: Cütlüklərin yarısı evlənmir
››› Yur dövrünün qayıdışı reallığa çevrilir: Mamontları canlı şəkildə görə bilərik
››› İcra başçısının bacısı oğlu həbsdən buraxıldı
››› TƏBİB-in "gizli" dərman paketi
››› "Prostat xəçənginin yaranma səbəbləri daha ağrılıdır"
››› Çörəyin bahalaşmasının qabağı indilik alındı, bəs sonra?
Son xəbərlər
Bütün xəbərlər »