Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Sühlməramlılarla bağlı problemlər yenə də olacaq”
“Sühlməramlılarla bağlı problemlər yenə də olacaq”

Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə "müəyyən müzakirələr hələ davam edir", Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə deyib.

O, Qarabağda Rusiya sülhməramlılarının fəaliyyəti və əməliyyatlarının Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 10 noyabr tarixli Üçtərəfli bəyanatına əsasən həyata keçirildiyini qeyd edib.

Hacıyevin sözlərinə görə, 10 noyabr Üçtərəfli razılaşması sülhməramlı qüvvələr üçün "siyasi və müəyyən dərəcədə hüquqi çərçivəni" müəyyən edib.

"Əlavə razılaşmalara və sülhməramlıların mandatı barədə əlavə hüquqi mexanizmlər məsələsinə gəldikdə, tərəflər arasında bu barədə ilkin kontaktlar olub və müəyyən müzakirələr hələ davam edir", - Hacıyev bildirib.

"Bütün Qarabağ Azərbaycanın suveren ərazisidir, beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və 10 noyabr bəyanatına uyğun olaraq sülhməramlı qüvvələr Azərbaycanın Qarabağ bölgəsinin müəyyən bir hissəsində müvəqqəti olaraq yerləşdiriliblər", - Prezidentin köməkçisi qeyd edib.

Onun sözlərinə görə, hazırda bütün işğaldan azad olunmuş ərazilərdə yeni rekonstruksiya işləri başlayır.

"Qarşımızda duran indi əsas məsələ həmin ərazilərdə quruculuq, rekonstruksiya işlərini həyata keçirməkdir. Son 30-40 ildə dünya miqyasında dövlətlərin bu qəbildən və bu miqyasda üzləşdikləri rekonstruksiya layihələri olmayıb", - Hacıyev vurğulayıb.

Ermənistan parlamentində "Şərəfim var" fraksiyasının üzvü Tiqran Abramyan isə öz Facebook səhifəsində yazıb ki, Rusiya sülhməramlı missiyasının mandat məsələsi 9 noyabr 2020-ci il tarixli Ermənistan-Rusiya-Azərbaycan formatında bir bəyanatla tənzimlənir: “Əgər əslində Rusiya Federasiyası ilə Azərbaycan arasında da oxşar bir proses gedirsə, bu, Ermənistanı "Artsax"la əlaqəli proseslərdən tədricən geri çəkilməyə cəhd ediləcəyi anlamına gəlir. Sadə dillə desək, hətta 9 noyabr tarixli biabırçı sənəddə Artsaxla bağlı məsələlərin üçtərəfli formatda həll ediləcəyi güman edilirdi, məsələ atəşkəs rejiminin qurulması və bundan irəli gələn addımlarla bağlıdır. Lakin Azərbaycanın məqsədi Ermənistanın Artsaxla bağlı məsələlərdə oyundan çıxması və bunu Rusiya-Azərbaycan ikitərəfli formatında davam etdirməsidir ”.

Hikmət Hacıyevin sözlərinə diqqət yetirdikdə, sühlməramlıların Qarabağa müvəqqəti yerləşdirildiyini vurğulaması diqqəti çəkir. Digər tərəfdən, sual yaranır ki, son zamanlar müşahidə olunan problemlər, sülhməramlıların himayəsi altında olan erməni dəstələrinin ordumuza qarşı təxribatları, rəsmi Bakının narazılıq və irad dolu bəyanatları... Bu mexanizmin hazırlanması ilə bitəcəkmi?

Həmçinin, Ermənistan tərəfinin də narazılıq etməsi və “sülhməramlıların mandatına dair” danışıqlarda üçüncü tərəf kimi iştirak etmək iddiası necə şərh oluna bilər?

Bu mövzuda Bizimyol.info saytına danışan politoloq Zərdüşt Əlizadə bilidirib ki, sülhməramlıların mandatı ilə bağlı hüquqi mexanizmlərin müəyyənləşməsinə həqiqətən də ehtiyac var idi.

Zərdüşt Əlizadə Zərdüşt Əlizadə

“Əvvəla, sülhməramlıların müvəqqəti olmasına dair Hikmət Hacıyevin fikrinə toxunum. Burda qeyri-adi heç nə yoxdur. Hamı bilir ki, onlar bizim torpaqlarda müvəqqəti yerləşdirilib, həmişəlik yox. Vaxtı gələndə gedəcəklər və bizim də hüququmuz var ki, sülhməramlılardan birtərəfli qaydada imtina edək. Lakin bu və digər məsələlərin tənzimlənməsi üçün, həqiqətən də bir mexanizmə ehtiyac var. Bu, bizim ziyanımıza yox, xeyrimizədir. Sülhməramlılar da bilməlidir ki, onlara nəyi etmək olar, nəyi yox”, - deyə Z.Əlizadə qeyd edib.

Onun sözlərinə görə, Rusiyanın dövlət siyasəti ilə Azərbaycanın dövlət siyasəti fərqləndiyi kimi, bizim də sülhməramlılardan yüz faiz razı qalmağımız qeyri-mümkündür: “Əlbəttə ki, rəsmi Bakıda sülhməramlılarla bağlı bir çox narazılıq və iradlar var. Bu iradların bəziləri mətbuata çıxarılmır, onu diplomatik səviyyədə həll etməyə çalışırlar. Düzdür, sülhməramlıların gəlişi bölgədəki vəziyyəti qaynar fazadan çıxardı. Lakin bir sıra problemlər var və onların həlli üçün də, Azərbaycan və Rusiya arasında danışıqlar getməli, bəzi problematik məsələlər müzakirə olunmalıdır. Problemlər yenə də olacaq, lakin onların qarşısını almalıyıq və ala biləcəyik”.

Politoloq erməni deputat Tiqran Abramyanın “narahat” açıqlamasını da şərh edib: “Sülhməramlılar Azərbaycan ərazilərində dislokasiya olunublar və təbii olaraq da, danışıqlar Rusiya ilə Azərbaycan arasında olmalıdır. Ermənistan isə bir zamanlar Azərbaycanı işğal etmiş qonşu ölkədir. Belə çıxır ki, İranı da dəvət etməliyik, Gürcüstanı da... Sülhməramlıların mandatı yalnız Bakı və Moskva arasında müzakirə olunmalıdır”.

Rüfət Əhmədzadə

Paylaş »
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› Təkbaşına bütün İngiltərə ilə döyüşən və dövlət quran adam...
››› “Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”
››› Sosial şəbəkələrdə videosu yayılan qazi ilə bağlı rəsmi açıqlama - Video
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› “Paşinyan Ərdoğanla görüşüb müxtəlif vədlər verməklə vaxt qazanmaq istəyir”
››› “Ərdoğanın Moskva səfəri regiondakı gərginliyi azalda bilər”
Son xəbərlər
Bütün xəbərlər »