Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xəstəxanalarda sərbəst gəzən xəstələr: Girişlərdə yoxlamalar bərbad səviyyədə
Xəstəxanalarda sərbəst gəzən xəstələr: Girişlərdə yoxlamalar bərbad səviyyədə

Əvvəllər hava xəbərlərini izlədiyimiz kimi indi də koronavirusa yoluxanların statistikasını hər gün izləmək adətkarı olmuşuq. Günü-gündən çoxalan aktiv xəstə sayları bizi nə qədər qorxutsa da, bir çox hallarda yenə də pandemiya qaydalarını pozmaqda davam edirik. Düşünmürük ki, hər an özümüz də bilmədən virus daşıyıcısı ilə rastlaşa, hətta təmasda ola bilərik.

Bir neçə gün əvvəl şəhərimizdə yerləşən xəstəxanalardan birinə baş çəkməli oldum. Qan analizi vermək üçün məndən öncəki xanımı qapının ağzında gözlədim. Xanım işini bitirdikdən sonra qapıya doğru gəldi və mənə sürtünərək, otaqdan çıxdı. İçəri daxil olmaq istəyən zaman tibb bacısı buraxmadı və başladı hər tərəfi spirtləməyə. Yenə də heç nə başa düşmədim…

Qan analizini verdim və bir az otaqda ləngidim. Çünki tibb işçisindən cavabların haçan çıxacağı, online formada əldə etməyin mümkün olub-olmadığı barədə məlumat alırdım. Elə bu zaman bir neçə dəqiqə otaqdan çıxan qadın yenidən otağa girdi və stolun üzərinə nəsə qoydu.

Birdən qadının nəfəs alması diqqətimi çəkdi. O qədər çətinliklə nəfəs alırdı ki, elə bil bu dəqiqə ciyərləri sıradan çıxacaq. Qadının heç ayaq üstə durmağa da halı yox idi. Rəngi isə sapsarı... Vəziyyətini görüb halına acıdım və şəfalar diləməyə başladım. Xanımın isə "sağ ol" deməyə belə halı yox idi. Yoldaşı tez yaxınlaşıb onu otaqdan çıxartdı və bildirdi ki, yuxarı mərtəbədə də hansısa analizi verməlidirlər.

Özümü saxlaya bilməyib qadın haqqında maraqlanmağa başladım. Tibb bacısı bildirdi ki, bir az əvvəl söhbətləşdiyim həmin qadın covid xəstəsidir. O an elə bil damarımda qan dondu… Bütün neqativ fikirlər beynimi yeməyə başladı. Axı onun oturduğu stolda oturub qan vermişdim, otaqdan çıxarkən mənə sürtünüb çıxmışdı, heç yarım metr məsafə saxlamadan söhbətləşmişdim. Bütün bu fikirlərin narahatçılığı ilə xəstəxanadan uzaqlaşdım. Dərhal yaxınlıqdakı aptekdən spirt alaraq özümü dezinfeksiya etməyə çalışdım. Nə dərəcədə xeyri olub olmayacağı isə yəqin ki, bir neçə gün sonra məlum olacaq…

Bu günə qədər özüm də bilmədən yüzlərlə covid xəstəsi ilə rastlaşmışam, hətta görüşmüş ola bilərəm. Lakin həmin qadının necə ağır nəfəs almasına şahid olmağım və onun covid xəstəsini olduğunu bilməyim psixoloji baxımdan mənə böyük zərdə oldu. Düşünürəm ki, xəstəliyi bu qədər yaxında hiss etdikdən sonra daha diqqətli olacağam.

İndi isə gələk başqa bir məsələyə… Hamımız çox yaxşı bilirik ki, covid xəstələrinə və ailə üzvlərinə evdən çıxmaq qadağandır. Bəs bu qadın necə evdən çıxıb, xəstəxanaya gəlib və hətta bütün mərtəbələri gəzə bilir? Bunun iki yolu var. Ya covid analizi vermədiyi üçün adı sistemə oturmayıb, ya da sistemə oturmuş olsa belə, hansısa yollarla evdən çıxmağı bacarıb.

Tutaq ki, evdən çıxmağı bacardı. Bəs xəstəxanaya necə daxil ola bilib? Necə bu qədər rahat şəkildə xəstəxananın bütün xidmətlərindən istifadə edə bilir? Axı qaydalara görə, bütün ictimai iaşə obyektlərinin, müssisələrin, idarələrin, xəstəxanaların və s. qapısında yoxlanış aparılmalı, hərarət ölçülməlidir.

Görünür, artıq bu qaydalara da əməl olunmur və hər an təhlükə altındayıq. Odur ki, özünüz-özünüzü qorumağa və sağlam qalmağa çalışın.

Leyla Mirzə

Paylaş »
››› Daha bir Türkdilli dövlətdə ruslarla bağlı qalmaqal
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Terror aktına görə danlanan idarə rəisi özünü öldürdü
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
Son xəbərlər
Bütün xəbərlər »