Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Evlənən cütlüklər mütləq psixoloji testlərdən keçsinlər
Evlənən cütlüklər mütləq psixoloji testlərdən keçsinlər

Bu sabah xəbər gündəminin başında yenə bir ailədaxili münaqişə xəbəri dayanır. Qaynata və qaynananın gəlinə verdiyi işgəncələrdən söhbət gedir. Bir il ərzində Azərbaycanda 19 gəlin özünə qəsd edib. Bu özlüyündə ciddi bir siqnaldır. Ailə institutumuz dağılır və ya bizdə çox şey düzgün qurulmayıb.

Ailə içində söz-söhbətin başlamasının ilk səbəbi əksərən iqtisadi səbəblər olur. Lakin yaxın qohumların müdaxiləsi məsələsinə də göz yummaq olmaz. “Evin bir oğludur, son oğludur, atadan, anadan ayrı yaşamamalıdır” kimi daxili “qanunlar” əsasında gəlin qaynana və qaynata ilə yaşamalı olur. Pis fikir oplmazdı, lakin anlamırıq ki, ömrünü başqa bir ailənin tərbiyəsi altında keçirmiş bir insanın yeni ailəyə yovuşması, onların huyuna-suyuna uyuşması zaman alacaq. Deyirlər, gəlin gəlin olmaz, getdiyi yer gəlin olmalıdır. Yəni qaynata, qaynana, evdəki baldız, qayın da yeni qaydalarla yaşamağa alışmalıdır. Çox zaman niyəsə gəlini evə gələn qulluqçu, deyilən hər sözü götürməli olan, susmalı olan şəxs kimi qəbul edirlər. Mən dəfələrlə şahid olmuşam, ömrünü Rusiya bazarlarında keçirən gənc oğlanlar kənd yerlərində ata-analarına, ev-eşiyə hayan olmaq üçün bir kənd qızı alır, toydan bir həftə sonra çıxıb gedirlər. İllərlə geri dönmür, yalnız pul göndərməklə kifayətlənirlər. Kiminsə balasını öz ailələrinə qulluqçu deyə “Vağzalı” səsiylə gətirirlər. Bu ailə olur? Əlbəttə belə yarım-yamalaq evliliyin söz-söhbəti də olacaq, tərəf rolunda da qaynana-qaynata və gəlin dayanacaq.

Ailə faciələrinin böyük qisminin başqa bir səbəbi gənclərin valideynlərlə bir evdə yaşamalarıdır. Çox zaman maddi çətinliklər gənclərin ayrı yaşamasına imkan vermir. Valideyn evlənən gəncləri ayırsa, gedin özünün dolanın desə, ara-sıra da dəstək versə, onlar problemlərini özləri həll edə-edə təcrübə qazanacaq, həqiqi ailə sahibinə çevriləcəklər. Gənclər mütləq ayrı yaşamalı və valideynlər müdaxilə etməməlidirlər. Lakin gəldiyi evi dəyişməyə çalışan, orda ilk gündən öz sözünü deyib göz qorxutmağa çalışan hegemon gəlinlər də az deyil. Sanki ailəyə yox , savaşa gedirlər.

Ailə qurmazdan öncə gənclər mütləq şəkildə psixoloqla görüşməlidrlər. Ən az bir həftə. Əsl ailə həyatının hansı çətinliklərdən, hansı aşırımlardan keçəcəyi barədə onlara təcrübəli bir ailə psixoloqu il peşəkar söhbətlər edilməlidir. Əks halda dostun, tanışın, oğlanın, qızın, dostlarının, qohumlarının üst-üstə düşməyən fikirləri gənclər üçün yol göstərən mayak ola bilməz. Gənclərin evlənmədən əvvəl gözləntiləri olur. Amma ailə qurduqdan sonra vəziyyət tamamilə dəyişir. Tərəflər testdən keçməlidirlər. Bunun üçün gənclərin qohumları da bu işdə maraqlı olmalıdırlar.

Ola bilər ki, evlənən iki insan sonradan yola gedə bilməsin. Bir-birini anlaya bilməsin. Belə olan halda bəzən problemin həlli üçün boşanma ən yaxşı yoldur. Amma bizim milli mentalitet də buna yaxşı baxmır. Boşanma qeyri-adi qarşılanır və buna mənfi yanaşılır. Bəlkə də o insanlar boşansa, daha yaxşı olardı. Amma bədbəxt hadisə baş verəndən sonra təəssüflənirlər ki, kaş boşanaydılar. Bu məsələnin həlli üçün profilaktik tədbirlərlə, maarifləndirmə ilə xüsusi qurumlar məşğul olmalıdır. Ailədə yaranan münaqişələrin sonda qətllə nəticələnməsinin səbəbi kimi bəzi insanların vaxtında tədbir görməməsindən irəli gəlir. Məsələn, ana öz övladı barədə polisə məlumat vermir və ya qadın öz həyat yoldaşından şikayət eləməyi özünə sığışdırmır. Arada olan münaqişə isə qalır və getdikcə dərinləşir.

Xüsusi qurum dediklərimiz, dövlətdən maaş alanlar isə işlərinin adını unudaraq, ailə məsələlərinə qarışmağı mentalitet məsələsi bilirlər. Susmayaq. Harada qorxudan ağlayan uşaq, şiddətə məruz qalmış qadın (bu kimi də ola bilər) görürüksə, bu barədə anonim də olsa, məlumat verilməlidir. Polisin qaynar xəttinin işi düzgün qurulmalı, iş bitib qan töküləndən sonra gəlməli deyil, ilk cücərtilərdə reaksiya verməlidir ki, ruhu zalım olan hər kəs “istədiyimi edə bilərəm” anlayışını tərgitsin.

İlhamə Rəsulova, Bizimyol.info

Paylaş »
››› Türkiyədə dolların məzənnəsi rekord həddə yüksəldi
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı yenə dəyişib
››› Səfəvi səfillər
››› Paşinyan: “Regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm”
››› Şarl Mişel "Şərq Tərəfdaşlığı" proqramının pozitiv təsirinin olduğu ölkələri açıqlayıb
››› DİN Bakıda məktəbin qarşısında baş verən insidentə münasibət bildirib
Son xəbərlər
Bütün xəbərlər »