Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Növbəsiz növbələrdə saçyoldu: Hökumət hamını çağırır, amma təşkil edə bilmir
Növbəsiz növbələrdə saçyoldu: Hökumət hamını çağırır, amma təşkil edə bilmir

Bir neçə ay öncə Almaniyadan səfərdən dönmüş bir dostumun dediklərinə özü də, mən də güldüm.

Həmişə rüşvətə, korrupsiyaya qarşı çıxış edən dostum dedi ki, geri gəlmək üçün uzun müddət növbələrdə dayanmalı olub: “Heyif deyilmi Azərbaycan, pulun varsa, ver, hər işini anında həll eləsinlər. Almaniyada nə növbədən bir addım irəli gedə bilərsən, nə də növbəsiz iş görə bilirsən, əlində pulun olsa da, işə yaramır”.

Bu, əlbəttə zarafat idi. Amma içində həqiqət payı olan zarafat. Bu gün sübh tezdən getdiyim klinikanın qarşısında peyvənd növbəsinə duranların sayı-hesabı yox idi. Amma hamı xaotik, qarışıq kütlə şəklində dayanmışdı, tez- tez qapının önündəkilər arasında kiçik sürtüşmələr olurdu. Biri o birinə, “mən səndən qabaq gəlmişdim axı” deyir, bir başqası da “mənim yerimə növbə tutmuşdular” söyləyir. Əslində növbəni polis çox asan şəkildə tənzimləyə bilər. Hərənin əlinə nömrə yazılmış xüsusi kağızlar vermək olar (ona görə xüsusi deyirəm ki, fəndgir tərpənib hərə əlinə istədiyi nömrənin yazıldığı öz kağız parçasını almasın).

Arxadan gələn evdar qadın olduğu bilinən, üz- gözündən dava yağan bir qadın ağına-bozuna baxmadı, “3 gündür gəlib-gedirəm, gözləmirəm” deyib irəli atılmaq istədi, amma arxadan ondan da qoçaq tərpənən ikinci qadın onun saçlarını doladı qoluna: “Hara gedirsən, bizi burda adam hesab eləmirsən?”. Başladı saçyoldu. Bizi xəstəlik öldürməsə də, onun yaratdığı psixoloji gərginlik, bölünmələrimiz, fikir ayrılığı, “vətəndaş mübahisələrimiz” öldürəcək.

Növbə dəhşəti azərbaycanlılara 90-cı illərdə tanıdıldı. Orta nəslin nümayəndələri uzun-uzadı ərzaq məhsulları, xüsusilə çörək növbələrində dayandıqları günləri unutmayıblar yəqin ki. Xüsusilə böyük şəhərlərdə çörək almaq üçün səhər saat 6-da növbəyə düzülüb, saat 11-də başı, gözü əzilə-əzilə bir çörəyi alıb evinə gələn insan özünü qalib gəlmiş sərkərdə kimi hiss edirdi. Elə o günlərdən başladı növbəsizlik mədəniyyəti. Kimin kimə gücü yetirdisə, abrına qısılıb sakit dayananı basıb keçməsi dəbə çevrildi. Həmin dövrdə tapılmayan, talonla satılan məhsullar, total defisit nəyin bahasına olursa, olsun, ayaqda qalmaq instinkti bizləri dəyişdirdi. Sovet dönəmində Rusiyadan gələn tipik azərbaycanlıların əksəriyyətinin işlətdiyi söz bu idi: “Rusiyada zalım balaları mədənidirlər də. Bir yerdə iki adam sırayla düzülür, nə alıb-almayacaqlarını bilmədən başqaları da gəlir sıraya düzülür. Heç kim bir-birini qabaqlamır”. Bu fikirləri yəqin çox eşitmisiniz.

Qıtlıqt dövrü bizə növbəsizliyi öyrətdi, halbuki Avropadan yayılmış növbə mədəniyyəti elə məhz qıtlıq dövrünün məhsuluydu.

30 il sonra peyvənd növbələri ilə eyni sınağa girmişik. İnsanların beynində bir xaos var. Hər kəs tələsir, hər kəsdə istəyinə tez çatmaq arzusu var. Əsas səbəb odur ki, bu gün istər məktəbdə, istər səhiyyədə, istərsə də müxtəlif dövlət strukturlarında bəzi qayda-qanunlara yetərincə əməl olunmur. Əgər şəxs haqqı olan şeyi daha gec əldə edirsə, gücü, tanışı, sözü keçərli olan daha irəli gedirsə, bu insanlarda bir inamsızlıq yaradır. Sanki, növbə mədəniyyəti insanların beynində özünü sübut etmək anlayışı ilə bağlıdır. Yəni mən də irəli keçə bilərəm, mən də bunu bacara bilərəm fikri növbə mədəniyyətinə təsir edir. İnsanların qanunlara inanması və qanunların aliliyini dərk etməsinin özü də kiçik bir qanundur.

Həyatımız 2 dönəmə parçalanıb. Qlobal böhrandan əvvəl və sonra. Heç o zamanlar da bəy kimi yaşamırdıq. Amma sonra elə oldu ki, o günlərin həsrətini çəkər olduq, azad nəfəs aldığımız günlərin sən demə, cənnət həzzi olduğunu dərk etdik. Ömrümüzün Əzrayılına çevirilən bu bəla bitmək bilmir. Görünən budur ki, bitməsi kimlərinsə marağında deyil. Əhalinin kütləvi şəkildə axışdığı poliklinikalarda, xəstəxanalarda yoluxduğunu göstərir. Əsas səbəb peyvənd yox, peyvəndləmə zamanı səriştəsiz səhiyyə qurumlarınn biabırçı təşkilatçılığıdır. Bakı şəhəri üzrə bu prosesi Səhiyyə Nazirliyi, digər şəhər və rayonlarda isə TƏBİB həyata keçirir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi əhaliyə randevu götürmədən peyvənd vurdurmağa getməməyi tövsiyə edir. Randevu götürənlər isə tibb müəssisəsində canlı növbə gözləməli olur. Adı könüllü, amma reallıqda məcburidir. Əslində bu məcburiyyəti ilk gündən qoysaydılar, bəlkə indiki kimi son ana qalanların bu dərəcədə sıxlığı müşahidə olunmazdı. Bu dəfə dərdim xəstəxanaların təşçkilatçılığından yox, özümüzdən yazmaqdır. Bizim növbə mədəniyyətimizdən.

Orta statistik azərbaycanlı öz övladına ayıq-sayıq, fərasətli olmağı tövsiyə edir. Biz övladlarımıza növbə mədəniyyəti aşılamırıq. Bu, insanın daxili mədəniyyəti ilə də uzlaşmalıdır. Əgər insan mədənidirsə, o növbə mədəniyyətini də gözləyəcək. Bizdə nə üçünsə böyük əksəriyyət nəyisə növbəsiz, kimisə aldadaraq əldə etməyi hünər hesab edir, bunu ballandıra- ballandıra ətrafındakılara danışır. Psixoloqlar növbə mədəniyyətinin azlığını natamamlıq kompleksi ilə izah edirlər. Görünür, növbədən kənar hərəkət etməklə insanlarımız özlərini təsdiq etmək istəyirlər.

Dünyanın ən təmiz ölkəsi Sinqapurda məhz cərimələrin hesabına nizam-intizama, təmizliyə nail olublar. Almaniyada Hitlerin zoraki tədbirlərindən sonra dəqiqlik, növbə və ödənişlərin zamanında edilməsi məsələsi həyat standartına çevrildi. Çox zaman özümüz barədə hansısa neqativlərdən danışanda “biz qılınc müsəlmanıyıq” sözünü işlədirik. Bilirik, amma düzəlmirik. Niyə?

İlhamə, Bizimyol.info

Paylaş »
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› Təkbaşına bütün İngiltərə ilə döyüşən və dövlət quran adam...
››› “Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”
››› Sosial şəbəkələrdə videosu yayılan qazi ilə bağlı rəsmi açıqlama - Video
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› “Paşinyan Ərdoğanla görüşüb müxtəlif vədlər verməklə vaxt qazanmaq istəyir”
››› “Ərdoğanın Moskva səfəri regiondakı gərginliyi azalda bilər”
Son xəbərlər
Bütün xəbərlər »