Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ədalətə inanmırsan, fəlakətə inan!
Ədalətə inanmırsan, fəlakətə inan!

COVİD-19 əleyhinə peyvəndin ilk dozası mənə bu il martın 3-də, ikincisi aprelin 6-da vuruldu. O zaman tibb məntəqələrində, demək olar, növbə yox idi. Birinci dəfə heç yox idi. İkincisində bir az adam çoxalmışdı.

Biz, başqa jurnalistlər, həkimlər, mütəxəssislər dəfələrlə yazdıq ki, gedin peyvənd olunun. Onsuz da olunacaqdınız. Bəlkə azı 10 dəfə şəxsən mən yazmışam bu haqda.

Biz dahi deyilik. Sadəcə, başqa sahələrdə çalışanlardan fərqli peşəmiz var; informasiyanın içindəyik. Pis-yaxşı, hadisələrin sonrakı inkişafını əvvəlcədən ya araşdırıb aşkara çıxara bilirik, ya da fəhm edə bilirik. Bu da bizim peşənin tələbidir; fövqəltəbii bir şey də deyil.

Dəfələrlə yazdıq, dedik ki, sonra adam əlindən tərpənmək olmayacaq. Növbələr, basabas olacaq. Gedin, peyvənd etdirin. Onsuz da hökumət gec-tez bunu hamıya yarızor, yarıxoş etdirəcəkdi; bunu əvvəlcədən görürdük axı. Deyirdik axı.

İndi, buyurun, Səhiyyə Nazirliyi, əlaqəli başqa xidmətlər bu işi düzgün təşkil edə bilmir. Bu bir dərd. Üstəlik də vətəndaşlar yatıb-yatıb indi ayılıblar ki, bəs vaksin olmasa, işə də gedə bilmirsən. Restorana gedə bilmirsən. Toya-yasa buraxmırlar...

Ayılıb cumublar poliklinikalara. Vaxtında az-az, növbəsiz, rahat etmək olardımı? Olardı. Amma indi?!

Ər-arvad gəlib Xətai rayonunda 7 saylı poliklinikanın qarşısında dava salıb, şüşələri sındırıb, üç həkimə xəsarət yetirib. Səhiyyə Nazirliyi də işi verib prokurorluğa. Ər-arvada cinayət işi açılıb. Lazım idi bu?!

Səhiyyə Nazirliyi də, bəli, o həkimlərə, baş verənlərə görə günahkardır. Adını "Nazirlik" qoyub, bir vaksin növbəsini düzgün qura bilmir. Adam tutdurmaq, şikayət etmək gələndə, hə, operativdir. Ancaq bütöv ailələr var, virusa yoluxublar, test veriblər, günlərlə cavabını gözləyirlər...

Doğrudur, yoluxma kütləviləşdikcə, sistemlər çökür; onsuz da Əli İnsanovla, Oqtay Şirəliyevlə, Ramin Bayramlı ilə çök(dürül)müş səhiyyənin gücü yetmir. Obyektiv səbəb də var, subyektiv də. Yəni təkcə bir tərəfdə deyil günah. Adamlar gəlmişdilər vaksin vurdurub özlərini virusdan qorusunlar, gəldilər, cinayət törədib polisə düşdülər. İndi cərimə ilə, şərti işlə canlarını qurtara bilməsələr, türməyə düşəcəklər. Orda necə?! Özlərini hansı virusdan necə qoruyacaqlar?! Bir az məsuliyətli olmaq olmaz yəni?!

Bu, əlbəttə, kiməsə kiçik bir hadisə kimi görünə bilər. Amma böyük fəsadları var axı. Daha da böyük ola bilər. Həm adamlar vaksin vurdurmağa gəlir, izdiham yaranır. Allah bilir, o izdihamda, o basabasda nə qədər yeni yoluxmalar baş verir.

Bizim camaatda bu ifrat skeptisizm, nihilizm olmaya da. Bunlar elə onsuz da ifratdır. Pis özəlliyimizdir. Hər şeyi son günə saxlayırıq. Virus təzə-təzə yayılanda deyirdilər: "İnanmayın, boş şeydir". Biz də yazmışıdq ki, ay adamlar, inanmırsınız, inanmayın da. Elə inanmaya-inanmaya özünüzü qoruyun! Kimə deyirsən?!

Başa düşürəm, rəsmi qurumlardan, çox ciddi əmilərdən o qədər yalanlar eşidiblər ki, daha heç nəyə inam qalmayıb. Ancaq... deyilirsə: "Göydən daş yağacaq", deyənə inanma, barı deyilənə inan.

Deyilənə də inanmırsan. Yaxşı! Aç bir kitab oxu, gör, "meteorit yağışı" deyilən bir təbiət olayı, kosmik olay var, ya yoxdur?! Varsa, o oxuduğuna inan. Axır ki inan!

Fəlakətlərlə dolu erada yaşayırıq. Ondan da başqa minillərdir, epidemiyalar var. Milyonlarla, on milyonlarla, yüz milyonlarla insan qırılıb. Daha sizi necə inandırmaq olar?!

Biz deyəndə ki, virus yayılır, dodaq büzənlərin indi çoxunun dodaqlarına oksigen aparatı yapışdırılıb. Nə olar, bir az ciddi olaq da. Axı biz ciddi bir toplumuq. Dövlətimiz var axı. DÜNYADA 5000 xalq arasında öz dövlətini qura bilmiş 200 xalqdan biriyik. Niyə hər şeyi lağa düzüb, vedrə bağlayırıq?!

Baxın, nə qədər insan ölür! Bundan daha ciddi durum necə olur?! Bu ölkədə yaşayırıq. Anladım: səadətə ümidimiz yox. Ədalətə də güvənmirik - səbəbimiz var. Mərhəmətə heç inanmırıq - dəfələrlə aldanmışlığımız var. Onda heç olmasa, barı fəlakətə inanaq da vaxtında! Çoxmu çətindir?!

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, bizimyol.info

Paylaş »
››› Bakıda klinikada çəplik üçün əməliyyata girdi, görmə qabiliyyətindən oldu
››› Raketi görməyənlər, şəhid ailəsinin daşı ilə özünə tualet tikənlər – Qısası, İcra Hakimiyyətləri
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› İnsanlar beynini qida ilə sıradan çıxarır
››› Pandemiya ilə bağlı vəziyyət daha da ağırlaşır
››› Putinin istəyinə çatması Rusiyaya nəyin bahasına başa gələcək...
››› “30 ildir yaşadığım evin mülkiyyət sənədini almağıma imkan vermirlər”
Son xəbərlər
Bütün xəbərlər »