Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sosial şəbəkədə Azərbaycan xalqını terrora səsləyən adamlar
Sosial şəbəkədə Azərbaycan xalqını terrora səsləyən adamlar

Əgər başqa ölkələrdə Taliban və İŞİD varsa, bizdə də onlardan geri qalmayan Tiktok və İnstagram fenomenləri var.

Əlbəttə, bu müqayisə hamıya aid deyil. Bəzi şəxslər var ki, minlərlə izləyicisi olan hesablarından bəzən xeyriyyə işləri üçün, bəzən reklam üçün istfiadə edir, kimisə sevindirməkə yanaşı, arada pul da qazanırlar. Bu, onların şəxsi seçimi və haqqıdır. Kimlərsə də o qədər “atmosferə düşürlər” ki, artıq bu şöhrətlə nə edəcəklərini bilmirlər.

Deyirlər, ağac bar verəndə başını aşağı salar. Amma nə incəsənətlə, nə musiqi ilə, nə də xüsusi intellektual əmək sərf etməklə məşhurlaşan adamlar adətən zamanla daha çox həyəcan, daha çox adrenalin istəyirlər. Həmçinin onların izləyiciləri də.

Mənəvi terror bildiyim cinayətlərin ən dəhşətlisidir.

Bu gün bəziləri sosial şəbəkədə narkotik, “patı”, anaşa təbliğ edir.

Bəziləri özlərinin içkili anlarını belə qeydə alıb paylaşır, sanki böyük uğura imza atıblar. Hətta izləyicilərdən çoxları onları söyəndə belə, orda-burda deyirlər ki, məni sevən minlərlə adam var.

Bir-birilə qırışmalar, atışmalar, qalmaqallar bitmədi... Artıq yeni “təkamül dövrü”nə qədəm qoydular. Kimlərisə döydürür, təhdid edir, mitinq çağırır, “xalqı başlarına toplayırlar”. Artıq deyəsən, bloggerlərimizə adrenalin azlıq edir.

Cəmiyyətdə qarşıdurma, xaos yaratmaq üçün əllərindən gələni edirlər. Bilmirəm, bu çağırışlar kimin sifarişidir. Amma “sosial eksperiment” olaraq, çox pis şeydir. Sabah bu tip adamlar başlarına 150-200 nəfər yığıb, kütləvi zəhər içməyə də gedərlər (Amerikada bu cür edən sektalar az deyil). Hərçən, mən deyərdim ki, lap yaxşı, hərəsi öz ağlında olan 50 nəfəri yığıb getsin, dağdan da tullansın... Amma “təəssüflər olsun” ki, biz dünyəvi, sekulyar dövlətdə yaşayırıq.

Kiminsə ölümünə və ya həyatda qalmasına qərar vermək mənim həddimə deyil. Hətta Ali Məhkəmənin də belə hüququ yoxdur. Çünki Azərbaycanda ölüm hökmü çoxdan yığışdırılıb.

Sən kimi bəyənirsən, bəyənmirsən, o sənin şəxsi məsələndir.

Ona qarşı nifrət saçmaq, insanlara çağırış etmək, təhqir və təhdidlərlə bəzəmək artıq nəyinsə yolunda getmədiyini xəbər verir. Belə olduğu halda, sənin terrorçudan bir fərqin qalmır.

Bu günlərdə bir rayonun polis idarəsinin rəisi mənə dedi ki, telefonla edilən təhdid sayılmır. Üz-üzə olsaydı, təhdid sayılardı. Xub, pakizə... Həmin təhdid edən adam üzbəüz keçərək, mənə bıçağı sancan anda, polis özünü çatdırıb onun əlindən tutacaq?

Əgər həqiqətən də belədirsə, o zaman qanunlarımızda ciddi boşluqlar var imiş!...

Görəsən, İnstagramda canlı açıb xalqın bir hissəsini, cibində Azərbaycan pasportu daşıyan şəxsləri terrorla, ölümlə təhdid edənlərin də əməli “mülki” məsələdir?

Azərbaycan Daxili İşlər Nazirliyi karantin vaxtı qarpız alıb yerə çırpan “youtuber” gəncə göstərdiyi həssaslığı bu cür “mülki” məsələlərə də göstərsə, çox sevinərəm, vallah!

İnanıram ki, o təhdidi edən xanım da hisslərinə qapılıb... Bir gün peşman olacaq. Amma sonrakı peşmanlıq fayda vermir.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İlham Əliyev Anım Günü ilə bağlı paylaşım edib
››› “Bir möcüzə baş verə, ev qapımız döyülə...” – Şəhid övladlarının ata həsrəti
››› Sabah hər kəs eyvanından bayraq assın...
››› Bakının bəzi yerlərində evləri yağış suları basıb
Son xəbərlər
Bütün xəbərlər »