Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Damarda qan donduran hadisə: Günahkar kimdir?..
Damarda qan donduran hadisə: Günahkar kimdir?..

30 avqust 2021-ci il tarixində Niftəliyeva Aytən İlham qızı övladı Niftəliyeva Tahirə Rəhman qızı ilə birlikdə həyat yoldaşı Niftəliyev Rəhman İlqar oğlu tərəfindən zorakılığa məruz qalıb , həlak olublar.

Ailənin kişisi Rəhman Niftəliyev Aytəni döyüb, o da qucağında yaş yarımlıq uşağı ilə 3 mərtəbəli şəxsi evlərinin damına çıxıb və dava burda da səngiməyib. Balaca Tahirə anasının qucağından yerə yıxılıb. Daha sonra Tahirə də sürüşüb, əlini tutmaq imkanı olsa da, özünə gücü yetməyib, ərindən yardım istəyib, lakin əri arvadının damdan yıxılmasına göz yumub, kömək istəyinə cavab verməyib.

Balaca Tahirə hadisə yerində dünyasını dəyişib. Anası isə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib - 64 sınıq, iki ciyərin parçalanması diaqnozu ilə...

Körpəsinin ölümündən bixəbər olan Aytən ona öz anasının baxmasını vəsiyyət edərək, gözlərini dünyaya yumub. Rəhmanı isə polislər hava limanında saxlayıblar. Kişi istirahətə gedirmiş guya. Ailəsi qan içində, xanımı, övladı məhv olub, ata istirahətə gedir? Xəbəri yox idi? Üzrü ganahından betər.

Sonu ölüm və fəlakətlə bitmiş bu ailə həyatının ömrü 3 il çəkib. 3 ilin hamısı anlaşılmazlıq, qalmaqal içində keçib. Ailə şiddətli münaqişələr içində olub. Aytənin atası 2 ay öncə kovid səbəbi ilə həyatını itirib, ailədaxili münaqişə, dava-şava böyüməsin deyə o sirrini ailəsinə, qardaşlarına aça bilməyib. Boşanmaq istəyəndə oğlan evi boşanmağa narazılıq etməsə də, uşağı ona verməyəcəklərini bəyan ediblər.

Yenə hadisə olur, yenə bir ana, bir gəlin ailə-məişət zəmninində davada həyatını itirir və sual ortaya çıxır. Niyə? Kimdir müqəssir, kim səbəb oldu? Ailələr, tərəflər bu dramın qarşısnı vaxtında ala bilməzdimi?

Bizdə qadının da, kişinin də hüquqlarını qoruyan bütün qanunlar var. Lakin bu qanunlar işləkdirmi? Qanun şalban kimi yolun ortasına dikilib. Üstündən atılmaq olmur, lakin yanından rahatlıqla keçib getmək olur.

Ailələrdə dramların ilk yaranma səbəbi bizdə hökmranlıq edən bir streotipdir - ailənin işinə qarışılmaz, ər-arvad dalaşar da, barışar da. Bu fikir səsləndirilsə də, ailənin işinə hər kəs qarışır, heç kəs yeni yaradılan ailəni rahat buraxmaq istəmir. Problemləri ətrafdan görənlər həll etmək əvəzinə bunu bir-birlərinə qarşı qaxınc kimi, silah kimi istifadə edirlər. Barıt çəlləyinə kibrit çəkənlər kənardan durub seyr edir, sonda da “biz nə edə bilərdik ki” deyirlər.

Dövlət isə qurulan nikahların möhkəm ailəyə çevrilməsi üçün tədbirlər görməlidir. Hər məhəlləyə nəzarət edən sahə müvəkilləri var. Hansılar ki, hamıdan, hər şeydən xəbərdardırlar. Hər yerdə xəbər aparıb-gətirənləri var. Ailə içi şiddətdən xəbər tutmalı, maraqlanmalı, lazımdırsa, ailəyə psixoloq dəstəyi göstərilməli, danışılmalı, xəbərdarlıq edilməlidir.

Polisə ərindən şikayətçi olan qadınlara verilən cavab çox zaman belə olur “Döyüb? Döyməyibsə, biz heç nə edə bilmərik”. Gərək mütləq öldürə, sonra gələ polis? Öləndən sonra o evdə döyülən qadına polis yox, molla lazım olur. Olmazmı ki, ailə qurmazdan öncə evlənən cütlüklərdən məcburi şəkildə sağlamlıq kağızı, kovid pasportu tələb olunduğu kimi ən azı 1 həftəlik də ailə psixoloqu ilə söhbət sertifikatı tələb olunsun. Ailə psixoloqları nikah evlərində ştat kimi açılsın, ailənin gələcəkdə qarşılaşa biləcəyi bütün problemlər, hətta intim uyğunluq barədə də məlumat versin. Məncə, bu olmalıdır. Sevmək, evlənmək hələ ailəyə hazır olmaq demək deyil. Heç kim ailə qurarkən boşanmaq, bədbəxt olmaq üçün addım atmır bu yola. Əksinə, həyata çəhrayı gözlük taxaraq baxır gənclərimiz, xüsusən də gənc qızlar. Ər evinə şahzadə olmaq üçün yox, evinin həm xanımı, həm qulluqçusu olaraq getdiyini anlamalıdır qızlarımız. Oğlanlar da ailəsinə sahiblənməyin qadınla kölə kimi rəftar deyil, onu bir xəzinə kimi qorumaq demək olduğunu dərk etməlidirlər. Ailə psixoloqu ilə 1 həftəlik söhbət həmçinin gənclərin psixoloji vəziyyətini də araşdırmağa kömək edər. Kənardan normal görünüb psixopat ruhuna malik o qədər insan var ki. Və hər ailə övladını etibar etdiyi insanın – bu, qız ya oğlan olsun fərqi yoxdur - sağlam ağıl və düşüncə sahibi olduğuna əmin olmalıdır.

Hər hadisəyə hazırlıqlı insanın fəlakətləri daha asan qarşılamaq, onları önləmək, onlardan sovuşmaq üçün müdafiə mexanizmi olur. İmmuniteti yaranır. Dövr, zaman dəyişib. Hər zaman haqqında dərin hörmətlə danışdığımız o müqəddəs ailə modeli də dəyişib, müəyyən formalara bürünüb. Bunda internetin, sosial şəbəkələrin rolu böyükdür. İndi insanlar özlərini başqaları ilə evdən çıxmadan da müqayisə edə bilir, pisi yaxşını seçir. Bu, ayrı bir müzakirənin mövzusudur. Lakin əli heç yerə çatmayan qadınların bir çoxu da köməyi sosial şəbəkələrdə axtarırlar. Yardım əlini uzadanlar isə heç də həmişə xeyirxahlar deyillər. Bu kimi halların da monitorinqi aparılmalı, kömək istəyən qadınlara əl uzadılmalıdır. Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin birbaşa məsuliyyəti bu deyilmi? Əslində bu komitənin özünün adı da mənə maraqlı gəlir. Sadəcə ailə problemləri yox, ailə deyir, qadın və uşaq deyir, amma kişi demir. Belə çıxır ki, bütün ailələrdə problemləri yalnız kişilər törədir? Sizcə?..

İlhamə, Bizimyol.info

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »