Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu dəfə Rusiya Əfqanıstana deyil, Əfqanıstan Rusiyaya “daşacaq” - Kreml üçün çətin sual
Bu dəfə Rusiya Əfqanıstana deyil, Əfqanıstan Rusiyaya “daşacaq” - Kreml üçün çətin sual

ABŞ prezidenti Co Bayden bildirib ki, ABŞ-ın başqa ölkələr üçün yeni ölkə yaratmaq erası başa çatıb. Əfqanıstan barədə qərarımız yalnız Əfqanıstanı əhatə etmir. Bu, başqa ölkələrin də quruluşlarını dəyişmək dövrünün bitməsi deməkdir”,- deyə Bayden NBC telekanılı ilə əhaliyə müraciətində bildirib.

ABŞ prezidenti qeyd edib ki, Amerika Çin və Rusiyaya qarşı yeni çağırışlara hazır olmalıdır.

O, Taliban qüvvələrinin gəlişindən sonra Kabildən təxliyənin təmin edilməsində Amerika hərbi qüvvələrinin səylərini "hərbi missiya deyil, mərhəmət missiyası" adlandırıb. Bununla belə o Şərq dövlətlərindən qaçqın əfqanlara sahib çıxılmasını istəyib. ABŞ prezidenti Birləşmiş Ştatların Əfqanıstan kampaniyasına başlamasından fərqli olaraq, hazırda terror təhlükəsinin mütləq Əfqanıstanla əlaqəli olmadığını bildirib. O, İŞİD-in öz fəaliyyətini davam etdirdiyi Yəmən və Somali kimi ölkələri qeyd edib. Prezident Bayden bu problemin hələ də həll edilmədiyini vurğulayıb. Bütün bu deyilənlərdən belə nəticə çıxır ki, ABŞ kənara çəkildiyini desə də, əslində ilanı Seyid Əhməd əli ilə tutacaq, təsiri və təzyiqi davam edəcək. Başqa ölkələrə demokratiya adı altında qan və dağıntı aparanlar viran qoyduqları məmləkətlərin insanlarına sahib çıxmır, onları başqa dövlətlərin ərazilərinə səpələyirlər. Dünya yeni konfliktlərə hamilədir.

Bu çalxalanan dənizdə Azərbaycan-Əfqanıstan münasibətləri bizə nə vəd edir? Bizimyol.info bu məsələni politoloq Anar Əliyevlə müzakirəyə çıxarır.

Anar Əliyev Anar Əliyev,

Tarix üzrə fəlsəfə doktoru, politoloq

“Hazırda İŞİD-in Xorasan qolu Əfqanıstanda çox güclüdür. Burada Suriyadan gəlmiş çeçen silahlıları, yerli özbəklərdən ibarət birlik, Əhməd Məsudun tərəfdarları və bu qruplaşmalar arasında toqquşmalar, İŞİD-in növbəti terror aktları onu göstərir ki, Əfqanıstanda növbəti Suriya yaradılır. Həm də məqsədli şəkildə. İndi ABŞ taktikasını dəyişdirib. Münaqişə yalnız Əfqanıstan çərçivəsində qalmayıb, kənarlara da çıxacaq. Kənarlar isə Rusiya, Özbəkistan, Tacikisitan, Qırğızıstandır. Rusiyaya axın edəcək terror proqnozları var.

Talibanda ruslara qarşı patoloji nifrət var. Onlar hər nə qədər indilik dilə gətirməsələr də, bu günə qədər başlarına gəlmiş, vətənlərini xarabaya çevirmiş hadisələrin arxasında rusları görürlər. Öncə Soveti və onun davamı olaraq Rusiyanı. ABŞ gözəl bilirdi ki, Taliblərin əsas hədəfi Rusiya olacaq. ABŞ Rusiyanı Əfqanıstan bataqlığına sürümüyə çalışdı. Bunu Rusiyada bilir. Bu dəfə Rusiya Əfqanıstana girməyəcək, lakin Əfqanıstandakı hadisələr sərhədlərini aşıb, Rusiyaya girəcək. KTMT üzvü olan dövlətlər üzərindən Rusiyaya daşacaq. Rusiya üçün məqsədli şəkildə yeni mübarizə meydanı yaranıb. Hədəflərdən biri də Çindir. Bayden də çıxışında bunu açıq dilə gətirdi ki, ABŞ-ın Çinə və Rusiyaya qarı yeni çağırışları var.

Çindən başlayıb Avropaya uzanan böyük bir layihə həm də Əfqanıstan ərazisindən keçir. Əfqanıstanda terrorçu qüvvələrin hakimiyyətdə olması təbii ki, bu layihələrin reallaşamsına mane olur. Çin bu xəttin gerçəkləşməsini istəyir, Hindistan isə bu yolun cənubdan, öz üzərindən keçməsində maraqldıır. Hindistan Çinə mümkün qədər çox problem yaratmaq istəyindədir. Və burada iqtisadi maraqlar toqquşur. Ona görə çox mürəkkəb və qarışıq proseslər gedir.

Maraqlıdır ki, Türkiyə qəflətən öz qoşunlarını Əfqanıstandan çıxardı. Baxmayaraq ki, Taliblər Türkiyə ilə dostluq mesajı vermişdilər və Amerika da Əfqanıstandakı missiyasına nəzarəti Türkiyəyə həvalə etdiyini bildirmişdi. Lakin Türkiyə anladı ki, ABŞ onu Əfqanıstanda yeni bir oyunun içinə çəkir, Rusiya ilə üz-üzə qoymağa çalışır. Həm Taliban elan eləmişdi ki, Türkiyə də daxil olmaqla qoyduğu müddətdən artıq ölkəsində qalan bütün dövlətlərin qoşunlarına işğlaçı kimi yanaşılacaq. Türkiyə və Rusiya bir çox sahələrdə üz-üzə qalmalı olublar və son olaraq hər iki ölkənin liderləri ortaq dil tapmağı bacarıb. Ona görə Türkiyə Əfqanıstanda ehtiyatlı davrandı. Bununla belə Taliblər üzərində Türkiyənin təsir imkanları qalmaqdadır. Pakistan da bu hadisələrə cəlb olunub, təsir edə bilir. Pakistan və Türkiyə münasibətləri hazırda ən yüksək səviyyədədir və bu ittifaq Əfqanıstandakı problemlərin Cənubi Qafqaza, Azərbaycana sıçramasının qarşısını almaq gücündədir. Taliban Əfqanıstanının Pakistan və Türkiyəyə olan münasibəti Azərbaycana da öz təsirini göstərəcək”,- deyə politoloq bildirib.

Talibanın sosial şəbəkələrdə yayılan, lakin hələ rəsmi təsdiqini tapmamış bir videogörüntüsündə isə Talibanın məsul şəxslərinin Azərbaycana, xüsusən Qarabağa dair dəstək fikirləri yer alıb. Onlar müsəlman dövləti olaraq yanımızda olduqlarını, 1-ci Qarabağ müharibəsində əfqanların Azərbaycana dəstək verdiyini və yenidən yanımızda olmaq istəklərini bəyan ediblər. “Türkiyə, Pakistan bayraqları ilə yanaşı, Əfqanıstanın da bayrağını görmək istərdik. Niyə bizdən yardım istəmədiniz. Biz Azərbayana qarşı addım atanlara qarşı yanınızda yer almağa hazırıq…”- deyə videoda bildirilib. Əgər bu görüntülər realdırsa, görünən odur ki, söhbət Ermənistan və havadarlarının xoşuna gəlməyəcək, Taliban məsələsi Qarabağa da “daşacaq”. Yanacağıqmı, isinəcəyikmi məsələsi artıq xarici diplomatiyamızın çevik və peşəkar yanaşmasından asılı olacaq.

İlhamə

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
Son xəbərlər
Bütün xəbərlər »