Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xəzər Süleymanlı: "Əks halda, nə için, nə çölün kiməsə maraqlı olar"
Xəzər Süleymanlı: "Əks halda, nə için, nə çölün kiməsə maraqlı olar"

Bir neçə il əvvəl bədii-qiarətə yeni bir səs qatıldı. Sakit, təmkinli, insanın ürəyindən vuran bir səs. Hamı Xəzər dedi, hamı Xəzəri dinləməyə başladı.

Xəzərin qiraətə gəlişi, bu sahədə boşluqların olduğu bir dönəmə təsadüf etdiyi üçün, hamı şeirin, qiraətin acı olduğu üçün Xəzər daha çox sevildi. Bu gün Xəzər Süleymanlının minlərlə dinləyicisi var. Özü də ara-sıra şeirlər yazır. Özü haqqında çox danışmağı sevmir, tutulur. Bizimyol.info, Xəzər Süleymanlı ilə kiçik bir söhbət edib:

- Xəzər kimdir? Özünü oxucuya necə tanıdar?

- Şair, bədii qiraət ustası Xəzər Süleymanlı.

- Bu sənətə gələndə özünüzə yer tapmağınız çətin olmadı ki?

- Bədii qiraət sənətiylə məşğul olmağa başlayarkən, açığı, bu sahə uzun illər sönük idi. Müxtəlif qiraətçilər var idi, ancaq sanki yeni rəqabət, nəfəs və fərqli nəsə lazım idi. Yadıma gəlir, mən ilk dəfə şeirlər səsləndirib paylaşanda insanların reaksiyası çox maraqlı idi. Mənə qədər dəfələrlə başqa-başqa qiraətçilərin ifasında şeir dinləyən insanlar da təəccüblə fikir bildirirdilər. Bu, məni çox sevindirirdi. Həmkarlarla aramızda yaranan sənət rəqabəti və sonralar iş birliyi bu sənətin inkişafına, eyni zamanda yenidən populyarlaşmasına, sevilməsinə səbəb oldu. Elə yozulmasın ki, mənə qədər bədii qiraət sənətini çiyinində daşıyan sənətkarların əməyini qiymətləndirmirəm. Qətiyyən. Sadəcə, dediyim kimi: yeni nəfəs lazım idi. Nəfəslə bərabər yeni səs də.

Xəzərin özünün də dediyi kimi yeni nəfəs, yeni səsə olan maraqla Xəzər tez bir zamanda populyarlıq qazandı. Özü etiraf etməsə də, onunla eyni zamanda qiraətə başlayanların çoxunu geridə qoya bildi. "Balaca xanımım", "Necəsən zalım", "Darıxıram"... söylədiyi şeirlərin sayı artdıqca sevənlərinin də sayı artdı.

- "Qiraət" - çox adam bu sözü başa düşmür? Siz necə izah edərdiniz?

- Bədii qiraət sənəti qiraətçinin səsinin sözlərlə, şeirlərlə, ümumilikdə, mətnlərlə bir neçə dəqiqəlik səlis, qüsursuz, aydın tələffüzlə ecazkar tandemidir. Hansı ki, bu bir neçə dəqiqəni mono tamaşa da adlandırmaq olar.

- Şeirləri bu qədər içdən demək xüsusi istedad tələb edirmi?

- Bədii qiraət incəsənətin bir qoludur. İncəsənətin isə istənilən qolu xüsusi istedad tələb edir. Əks halda, nə için, nə çölün kiməsə maraqlı olar.

- İfa etdiyiniz şeirlər həyatınızı əks etdirirmi?

- Ümumilikdə, şeirlər həyatı əks etdirir. Mən də həyatdayamsa, hansısa məqamların üst-üstə düşməsi mümkündür. Amma bu vaxta qədər bir şeir həyatımı əks etdirir deyə, məxsusi olaraq səsləndirməmişəm.

Xəzər Süleymanlı bədii-qiraətə başlamışdan əvvəl özü də şeirlər yazırmış. Elə indi də yazır. Ürəyindən keçənləri, qarşılaşdığı hadisələri, sevincini-kədərini misralara tökə bilir. Bəlkə elə buna görədir ki, ifa etdiyi şeirlərin hamısı insanın duyğularına toxuna bilir.

- İndi də şeirlər yazıram. Elə mən əvvəlcə şeir yazmaqla başlamışam. Sonra öz şeirlərimi və müxtəlif müəlliflərin şeirlərini səsləndirməyə yönəldim.

- Sifarişlə şeirlər ifa edirsinizmi?

- Bəli. Bədii qiraət artıq mənim işimdir. Necə ki, bütün bəşəriyyət öz işindən gəlir əldə etməyə çalışır, mən də həmçinin.

- Bədii qiraətin qazancı nədir?

- Bu işdə ən böyük qazanc insanların diqqətidir. Amma təbii ki, digər qazanca da ehtiyac var. Odur ki, çalışıram. Ümid edirəm ki, əziyyətim qarşılığında hər iki qazancı əldə edəcəm.

Xəzərin danışığı da şeir kimidir. Ahənglə süzülüb gəlir. Deyir ki, mənim səndən uzaqlarda yamandır halım,necəsən?...

İlahin, Bizimyol.info

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
Son xəbərlər
Bütün xəbərlər »