Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan sahibkarları milyonlarla dəyəri olan malları Allah ümidinə daşıtdırır
Azərbaycan sahibkarları milyonlarla dəyəri olan malları Allah ümidinə daşıtdırır

“Azərbaycanda logistika və beynəlxalq yükdaşımaları sahəsində müşahidə olunan ən ciddi problem sığortadır,  müştərilərin əksəriyyətinin daşınan mallarını sığortalamaması narahatedici faktordur. Yerli sahibkarlar bu planda çox səhlənkardırlar, mallarının, xərclədikləri pulların sanki qədrini bilmirlər, çölə atırmış kimi çox rahat davranırlar. Daşınan malların sığortalanmaması çox ciddi problemdir”.

Bu fikirləri bizimyol.info-ya “Rimex Logistics and Trade” MMC şirkətinin həmtəsisçisi və direktoru Rəşad Babayev səsləndirib.

Mirzə Rəşad Bakuvi Rəşad Babayev

Onun sözlərinə görə, çoxları bunu daşıma qiymətinin bir qədər də şişməsi ilə əlaqələndirsə də, bu, ciddi bir səbəb sayıla bilməz, çünki yükün sığortalanması malın ümumi dəyərinin və daşınma qiymətinin birlikdə 0.3-0.5 faizi qədər olur ki, bu rəqəmlər də çox kiçik olurlar.

“Bəlkə də dünyada çox nadir ölkələrdənik ki, Azərbaycanda müəssisələr on minlərlə, yüz minlərlə, hətta milyonlarla dəyəri olan mallarını bir Allah ümidinə, bir də CMR-sığorta sənədinin kəramətinə daşıtdırır. Ümumiyyətlə, ölkəmizdə hələ də yükün sığortalanması ilə, CMR-sığortasının məna fərqinə varmaqda çətinliklə üzləşirlər. Hamı elə bilir ki, sabah yükün daşındığı maşın qəzaya uğrasa və içindəki mallar ciddi zərər görərsə, CMR-sığorta ilə malının toplam dəyəri məbləğində kompensasiya alacaq. Ancaq belə deyil. Məsələ burasındadır ki, avtomobildə yükü müşaiyətedici sənədlər arasında olan CMR-sığorta ilə yükün ayrıca sığortalanması tamam fərqli hadisələrdir”,- deyə o bildirib.

İstisnasız olaraq daşınan bütün yüklərin üzərində gələn sığortalı CMR barədə ətraflı danışan ekspert bildirib:

“Əvvəlcə deyək ki, CMR - Avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalar müqaviləsi haqqında konvensiya olmaqla yanaşı, özündə həm də onunla daşınan malların sığortasını ifadə edir. Ancaq müəyyən vacib istisnalarla. Başqa sözlə, CMR-sığortası beynəlxalq nəqliyyat fəaliyyəti üçün daşıyıcının könüllü mülki məsuliyyət sığortasıdır. CMR-ə görə, sığorta polisi daşıyıcının xətasından dolayı karqo sahibinə dəyən zərərin kompensasiya edilməsi mexanizmidir, yalnız o halda ki, daşıyıcının günahı sübut olunsun, əks halda, daşıyıcıdan heç nə tələb edə bilməzsiniz. Baş vermiş hadisədə daşıyıcının günahı mütləq məhkəmə tərəfindən isbat edilməlidir, çünki daşıyıcının özünü öz xoşuyla günahkar hesab etmək hüququ yoxdur. Daha aydın olması üçün deyim ki, CMR sığortası daşıyıcıya maliyyə öhdəliklərindən müdafiə olunmaq imkanı verir o halda ki, avtoqəza nəticəsində yük zədələnir və ya oğurlanır, yaxud yük nəm çəkir, yanğın baş verir, nəqliyyat vasitəsi aşır, yük aşırı istiyə məruz qalır və yaxud donur, maşın yüklə bərabər oğurlanır, qarət, soyğunçuluq baş verir, habelə yükün çatdırılmasının gecikdirilməsi və ya daşınan yükün üçüncü şəxslərə zərər vurması (məsələn, yükün kiminsə/nəyinsə üstünə aşması və ya kimyəvi maddənin yerə tökülməsi) səbəbindən yaranan maliyyə itkilərindən qaçmaq mümkün olmur və s.  Qəti şəkildə sözügedən sığorta formasını yükün ayrıca sığortalanması ilə eyniləşdirmək və ya səhv salmaq olmaz o mənada ki, yükün sığortalanması sırf karqo sahibinin və alıcının maraq və mənafelərini müdafiə edir, daşıyıcının yox. CMR-sığortasında isə TİR sürücüsünün yaxud avtomobil sahibinin işin içindən çıxmaq imkamları mövcuddur. Elə buna görə də, məsləhətim odur ki, işini idxal-ixrac fəaliyyəti üzərində quran müəssisələr, fabrik-zavodlar, şirkətlər, firmalar, dövlət və özəl idarələr beynəlxalq yükdaşımaları zamanı xərc çəkib yüklərini ayrıca sığortalatsınlar, CMR-sığortaya etibar edib mallarını riskə atmasınlar, çünki pis hadisə bir dəfə, özü də qəfil baş verir və dəymiş zərərin altından çıxmaq asan olmur. Bir də ki, dövlət ölkənin logistika sektorunda elə bir nəzarət sistemi tətbiq etməlidir ki, ayrıca sığorta olunmamış heç bir yük nə ölkəyə idxal oluna bilir, nə də respublika ərazisindən ixrac oluna bilir.  Yüklərin sığortalanması məcburi xarakter daşımalıdır. Bu halda ölkədə sığorta bazarı üçün də yeni fürsətlər və fərqli imkanlar açılmış olacaq”.

Rəşad Babayev yeni imkanlardan danışarkən TRASECA çərçivəsində əməkdaşlıq imkanlarından da bəhs edib.

“Bir önəmli faktı da qeyd edim ki, Azərbaycanın da tərkibində yer aldığı önəmli nəqliyyat dəhlizlərindən biri məhz TRASECA-dır, hansı ki, Avropa-Qafqaz-Asiya nәqliyyat dәhlizini özündə ehtiva edir. Azərbaycan, Türkiyə, Ermənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanı əhatə edən bu dəhliz Avropa İttifaqının TRACECA - “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” proqramı adı altında 1993-cü ilin may ayında Qafqaz və Mərkəzi Asiya ölkələrinin ticarət və nəqliyyat nazirlərinin iştirakı ilə Brüsseldə keçirilmiş konfransda irəli sürülüb. Ardınca konfrans iştirakçıları tərəfindən TRACECA texniki yardım proqramının icrasını nəzərdə tutan Brüssel Bəyannaməsi qəbul edilib. TRACECA Proqramı Cənubi Qafqaz və Mərkəzi Asiyanın yeni müstəqillik qazanmış dövlətlərinin nəqliyyat infrastrukturunun bərpasına yardım göstərilməsi, Avropa və Asiyanı birləşdirən ən qısa nəqliyyat dəhlizinin yaradılması və bununla regionun Qərbə inteqrasiyası, həmçinin bu dövlətlərin iqtisadiyyatlarının dirçəldilməsinə və inkişafına yönəldilmiş Avropa İttifaqı proqramlarının reallaşdırılmasına xidmət edən etibarlı nəqliyyat sisteminin qurulması məqsədini daşıyır. Bu yaxınlarda məlum oldu ki, TRACECA Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov mətbuata verdiyi açıqlamasında avtomobil nəqliyyatı vasitəsilə yükdaşımalar üzrə yeni təkliflər planı hazırladıqlarını bildirib. Bunu eşitmək xoş oldu o mənada ki, gerçəkdə bu qurumun bu sektorda problem kimi üzə çıxan bir sıra məsələlərin həllində önəmli rıçaqları var.

Məsələn, yenidən baxılmasına ehtiyac gördükləri əsas məsələlərdən biri - oxa düşən yük avtomobillərinin çəkisi ilə bağlıdır. Çünki fərqli ölkələrdə çəki məsələlərindəki məhdudiyyətlə bağlı fərqli rəqəmlər mövcuddur. Məsələn, bəzi ölkələrdə məhdudiyyət 38 ton, bəzisində 40 tondur. Digər önəmli məsələ bayaq da vurğuladığımız kimi, icazə sənədləri məsələləridir ki, bu sahədə də dəyişikliklərin olacağını səbirsizliklə gözləyirik. Həm Avropa, həm də MDB ölkələrində müxtəlif sistemlər tətbiq olunduğu hər kəsə məlumdur. Bu da əlavə sənədləşmə işlərinin uzanmasına gətirib çıxardır. Rüfət Bayramovun sözlərindən belə anlaşılır ki, TRACECA çərçivəsində “vahid tranzit sazişi” hazırlanıb və sevindirici haldır ki, bütün ölkələr tərəfindən bu saziş qəbul olunub. Sözügedən sazişin əhəmiyyəti ondan ibarət olacaq ki, sazişin imzalanması ilə daşınma zamanı yükü müşayiət edən bütün sənədlər elektron formada təmin ediləcək. Başqa yandan, yükdaşıyıcı hər bir ölkədə keçid üçün ayrıca bir icazə almalı olmayacaq. Məsələn, bu gün bir daşıyıcı Türkiyə ilə Qazaxıstan arasında yükdaşıma həyata keçirirsə, o, həm Azərbaycandan, həm də Gürcüstandan ayrıca icazə sənədi almalıdır. Bu sazişin imzalanmasından sonra isə daşıyıcı həmin ölkələrdən vahid bir sənədlə keçə biləcək. Bu, həm maliyyə cəhətdən daşımanın qiymətini aşağı salacaq, həm də daşıyıcının vaxt udmasına səbəb olacaq”.

Sonda onu da vurğulayım ki, əslində, yuxarıda sadaladığımız problemlər öz həllini taparsa, bu sahənin inkişaf perspektivləri çox böyükdür. Azərbaycanda logistika sahəsi tədricən inkişaf edən, gələcək vəd edən sektorlar arasında yer almaqda və bölgədə yaranan yeni geosiyasi və geoiqtisadi reallıqlar fonunda hər gün daha fərqli formada əhəmiyyət qazanmaqdadır. Xüsusilə Azərbaycanın coğrafi mövqeyi və ölkə əhalisinin tərkibində gənclərin çoxluq təşkil etməsi logistika sektoru üçün əhəmiyyətli bir üstünlük olaraq meydana çıxır. Bununla belə, bilikli kadr çatışmazlığı, logistik bünövrəyə dair problemlər, sektora zamanında lazımi konseptual əhəmiyyətin verilməməsi kimi problemlər, Azərbaycanın logistika və beynəlxalq yükdaşıma sahəsində lazım olan uğuru əldə etməkdə bir qədər geri qalmasına, eyni zamanda sahib olduğu bu üstünlükləri logistik mərkzə olma yolunda kifayət qədər istifadə edə bilməməsinə gətirib çıxarıb. Ancaq hələ gec deyil və atalar demiş, ziyanın yarısında dönməkdə də fayda var. Keçmişdə fövtə verilmiş zaman, buraxılmış nöqsanlar və digər obyektiv səbəblərdən yaranan neqativ nüansların nəticələri tədqiq olunduqda, logistika sektorunun problemləri ilə bağlı aparılan tədqiqatların ortaya çıxardığı real mənzərə onu deməyə əsas verir ki, logistikanın inkişafı ilə əlaqədar strategiya düzgün müəyyənləşməli, müəyyən logistik siyasət üzrə qərarlar verilərkən, proseslər hüquqi aktlarla dəstəklənərkən sektorun bütün vacib həlqələri nəzərə alınmalıdır. Eyni zamanda dövlət tərəfindən veriləcək dəstək və həyata keçirilməsi nəzərdə tutulan stimullaşdırıcı kampaniyaların son hədəfi kiçik şirkətlərdən tutmuş böyük şirkətlərə qədər hər kəsin müntəzəm qaydada peşəkar məsləhətçilər tərəfindən təlimlərin verildiyi proseslərə cəlb edilməsi olmalıdır. Azərbaycanın logistik potensialı korporotivləşmə prosesinə daxil edilməli və xaricdəki logistik sistemlər araşdırılaraq alınan məlumatların təhlilindan çıxan nəticə ilə, o sistemlərin yerli sistemə nə dərəcədə uyğunlaşdırılıb tətbiq edilməsinin yolları tapılmalıdır. Qısacası problemlərin analizi və çözüm yollarının tapılması praktikasının əsası qoyulmalı, logistika sektorunda mövcud olan sıxıntıların arxa fonundakı səbəblər müəyyən edilərkən, paralel olaraq, mövcud iriçaplı problemləri qabardan xırda detallı üstüörtülü problemlər də aradan qaldırılmalı ki, yeni problemlər meydana çıxmadan, dərhal həll olunsunlar”.

İlhamə Rəsulova

Paylaş »
››› İki oğlu şəhid olan ananın şikayətinə cavab gəldi
››› "Region dünyanın barıt çəlləyinə çevrilib, partlayış bir qığılcıma bənddir"
››› “Yardımlının axundunu rayonda tapmaq olmur”
››› FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› Ərdoğan: "İğdırdan Azərbaycana yol çəkəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »