Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zəhər qatılmış bal kimi...
Zəhər qatılmış bal kimi...

İnsanlar doğulur, yaşayır, yaşlanır və ölür. Ancaq Söz doğulur, yaşayır, "yaşlanır". Ancaq ölmür! Əlbəttə, söhbət yalandan, uydurmadan, iftiradan... getmir. Zatən yalan ayaq tutsa da, yerimir. Hər halda atalarımızın sözüdür. Və əgər ataların bu sözü də əsrlərdən keçib bu günümüzə çatıbsa, deməli, doğrunun özüdür.

Məhəmməd Füzuli ilə eyni vaxtda Kərbəlada özünə şair deyən, şeir yazan 900-dən də çox Osmanlı təbəəsi vardı. Ancaq tək Füzuli, Üç Qitəyə hökm edən Sultanın ən yüksək təqdirini qazana bilmişdi və o minə yaxın şeir yazanın içindən gəlib bu günümüzə çatan tək şairdir. Yəni İlahidən gələn Söz, İlahinin özü qədər müqəddəs və əbədidir. Ancaq ona ki, zəhər qatdınsa, səni cəzalandırar...

Zəhərdən söz düşmüşkən. Bəli, insanlar ölür, doğru Söz qalır. Hətta bütöv bir xalq - latınlar ölüb gedib. Sözləri isə qalıb. O kəlamlardan biri də belədir: "Yaltağın sözü zəhər qatılmış bal kimidir".

Anladığınız kimi; sözə, ədəbi sözə, MƏTBU sözə zəhər qatılmasından söhbət gedəcək.

Həmin o zəhərsiz, tərtəmiz sözlərdən - atalar sözlərindən birində isə deyilir ki, əlində bıçaq olan uşaq, əlində hakimiyyət olan axmaq və dilində tərif olan yaltaq ən təhlükəlisidir. Yəni yaltağın dilindəki tərif uşağın əlindəki bıçaq qədər qorxuludur, ziyanlıdır. Hələ əlində hakimiyyət olan axmağı heç demirəm; sonuncuların öz ölkələrini hansı duruma gətirib çıxardığını öz gözlərimizlə dəfələrlə gördük. Yaxın Şərqdən tutmuş uzaq Qərbə qədər hər yerdə nümunələr var. Elə biri də ən yaxın qərbimizdə - qonşuluğumuzdadır...

Qərəz, Sözün, mətbuat azadlığının, Söz azadlığının, fikir azadlığının, hətta məlumat azadlığının belə (əslində bütün azadlıqların) ən böyük düşmənlərindən biri də yaltaqlıqdır. Ədəbiyyata, mədəniyyətə, mediaya yaltaqlıq gətirmək, Sözü, fikri, reallığı - gerçəyi təhrif etmək millətə və təbii ki, bu millətin dövlətinə vurulan ən böyük zərbədir.

İstənilən çağda, bəli, saray ədəbiyyatı da var idi. Saray musiqiçiləri də, rəssamları da... Sənətin və sözün müxtəlif çalarları ilə məddahlıq edənlər "ordu"su vardı, yenə var. Ancaq... Hətta ən istedadlı və ən böyük Saray sevimlisi olmuş Xaqani Şirvani belə, vicdanını ağrıdan bu yükdən qurtulmaq üçün:

"İstəmirəm, adımı çağırsınlar Xaqani,

Mən yoxsullar şairiyəm, Xəlqaniyəm, Xəlqani".- deyə sanki tövbə qılırdı. Çünki Xaqani yaxşı bilirdi və həm də görürdü ki, ən yüksək istedadla yazılmış, deyilmiş yersiz mədhiyyə də, o "yoxsullar" dediyi xalqa necə böyük mənəvi yaralar vurur! Klassik şairimiz 12-ci əsrdə bunu görə bilirdi və bir növ tövbə qılar kimi şeirində də ifadə etmişdi. Ancaq üstündən 9 əsr keçib, bizim dövrümüzün məddahları Xaqanidən dərs almaq, əməllərindən sakınmaq yerinə, hələ, əksinə, ən azı 9 qatını da üstünə qoyublar.

Yaxşı, tutaq ki, Xaqanini anlamadınız, Molyeri də dinləmədiniz?! O axı deyirdi: “Sevdiyinə və hörmət etdiyinə heç vaxt yaltaqlanma”. Bəs biz nə görürük?! Xalqını, dövlətini, dövlət rəhbərini sevdiyini, hörmət etdiyini deyən xeyli... yaltaq görürük.

Gerçək sevgi falşı sevməz; “xaric notlarda” izharı yoxdur. Sevginin, ehtiramın özünəxas izhar etiketi – öz ifadə manerası, deyiliş tərzi, yazılış üslubu var axı. Ancaq bu izhar nəzakətinin pozulması mediada daha qabarıq göründüyündən media azadlığına və peşəkarlığına, yumşaq desək, kölgə salır. Bir roman, bir opera, bir teatr tamaşası, hətta bir rəsm tablosu... yaratmaq aylarla, hətta illərlə vaxt ala bilir. “İosif və qardaşları”, məsələn. Tomas Mann bu romanı 16 ilə yazıb.

Böyük ədəbiyyatın, yüksək sənətin hədəfində çox hallarda heç Zamanla yarışmaq yoxdur. İllərin müşahidələri, hətta bəlkə də əsrlərin hikmətləri üstündə qurulur. Ancaq media hətta publisistikası ilə belə yenə də günün şəklidir; “gündəm ədəbiyyatı”dır. Ona görə də mediada sərgilənən məddahlıq, yaltaqlıq antitelləri çox qısa zamanda ictimai qan-damar sistemimizə sorulur və bu zəhər çox sürətlə və ağır-ağrılı fəsadlar verir. Ən böyük fəsadı da elə medianın özünə və obyekti olan xalqa, subyekti olan fərdlərədir. Bəzən mediada dövlət rəhbərliyi, siyasətçilər, məmurlar... haqqında elə şişirdilmiş epitetlərlə, elə ibtidai üslubda mədhiyyələr yazılır, deyilir ki, bunlar həmin təriflənənlərin özlərinə zərər vurur. Bir vaxt həmin şəxslər və ya qurumlar haqqında kimsə, gerçəyi olduğu kimi yazanda, deyəndə, effekt dəfələrlə az olur. Yəni həqiqi tərif belə əttökən ibarələrin kölgəsində sönük, solğun qalır. İnandırıcılıq dərəcəsi aşağı düşür. Axı, medianın hədəflədiyi hər cür məlumatlandırmanın məqsədində ilk növbədə inandırma motivi dayanır. Sən gerçəyi də o mədhiyyə dərəcəsinə qədər şişirdib az qala yalana çevirəcəksənsə, buna insanlar inanmayacaqsa, hansı məqsədə çatmış olursan?!

Elə günün bu günündə, Qarabağda əldə olunmuş qələbələr haqqında mediada gerçəyi yazmaq da kifayətdir. Ən başlıcası, həqiqətdir axı. Yaxud düşmənin bu 30 ildə ölkəmizə, millətimizə, dövlətimizə vurduğu zərəri – həqiqəti anlatmaq, ölkəni, dünyanı bu gerçəklərlə aydınlatmaq üçün rəsmi mənbələrin açıqlamaları nə qədər mühüm olsa da, yeganə və yetərli deyil. O dağıdılmış şəhərlər, o bombalanmış evlər, o qırılmış talelər, o minalanmış ərazilər... bunlar hamısı həqiqətə ən tutarlı və təəssüf ki, ən gerçəkçi - kədərli illüstrasiyadır.

Biz “Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq” hədəfləri haqqında tez-tez, həm də çox danışırıq. Bu həqiqətləri əvvəlcə peşəkarcasına diqqətlə və yaradıcı səmimiyyətlə axtarmaq, tapmaq, seçmək, çeşidləmək – hamımızın və hamının inanacağı həqiqət formatları formalaşdırmaq lazımdır. Ondan sonra bu həqiqətləri öz ictimaiyyətimizə və daha sonra dünya ictimaiyyətinə çatdırmaq gərəkdir. Çünki bizim öz dilimizdə öz xalqımızı doğruluğuna inandıra bilmədiyimiz bir sözə başqa dillərdə başqa millətləri necə inandıra bilərik axı?!

Bəzi şeyləri, bəli, hətta qanunən gizlətməli oluruq ki, bunlar dövlət və hərbi sirrlərdir. Bir də son illərin məlum kommersiya sirrləri də var. Şəxsi sirrlər də həmçinin. Hə, o, başqa məsələ ki, bu “sirr pərdəsi” altında bəzən cəmiyyətin bilməli olduqları da gizlədilir. Bəyənsək də, bəyənməsək də, bu qadağalar qanuna, hətta Konstitusiyaya yazılıb. “Ən pis qanun qanunsuzluqdan yaxşıdır” deyiminə inanmaqdan başqa çarə yoxmuş kimi hiss ediriksə (ki, hərçənd, fikrimcə, bu deyim siyasi-hüquqi arxaizmin zərərli qalığıdır: dünya yaxşı qanunların bitməz-tükənməz modelləri, örnəkləri ilə doludur), hər halda əgər dövlətin sirr qanunvericiliyi varsa və bizim də bu sirrlər qarşısında qələmimiz, sözün bütün mənalarında, tükdən incə qalırsa, onda heç olmasa, qanunun qadağan etmədiyi həqiqətlərə işıq tutmaq imkanımızı və öhdəliyimizi xatırlayaq. “Qanunla qadağan olunmayan hər şey icazəlidir” kazusunu. Və bu zaman da nə “sevginin gözü kordur” misallı idbar şişirtmələrlə primitiv mədhiyyəçiliyə yuvarlanarıq, nə də “babam mənə kor deyib, gəlib-gedəni vur deyib” patologiyalı ifratçı (hətta iftiraçı) tənqidçiliyə...

Bahəddin Həzi, Bizimyol.info

Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyini onlayn media subyektlərinin (veb-saytların) inkişafına maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.2. Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

Paylaş »
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
Son xəbərlər
Bütün xəbərlər »