Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gün taleyindən xəbərsiz olduqlarımızın - itkin və əsirlərimizin günüdür
Bu gün taleyindən xəbərsiz olduqlarımızın - itkin və əsirlərimizin günüdür

30 avqust Beynəlxalq İtkinlər Günüdür.Azərbaycanın taleyinə Qarabağ boyda bir  dərd yazılan gündən ölümlərimiz , itkinlərimiz və əsirlərimizlə bağlı saysız hesabsız problemlərimiz də yarandı

1993-cü ildə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yaradıldı. Dövlət Komissiyası beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsi ilə (BQXK) sıx əməkdaşlıq edir. BQXK bizimlə Ermənistanın analoji qurumu arasında vasitəçi rolunu oynayır, Komissiyanın rəsmi sorğularını rəhbər tutaraq Ermənistan ərazisində itkin düşmüş Azərbaycan vətəndaşlarının axtarışını həyata keçirir.

1996-cı ildə Azərbaycan Prezidenti bütün əsir-girovların hamının-hamıya prinsipi ilə dəyişdirilməsini təklif etmişdi. Azərbaycan tərəfi bütün əsirləri azad etdi, üstəlik həbsxanada cəza çəkən ermənilər də buraxıldı. Ermənistan tərəfi analoji addımla cavab vermədi. Bu gün də Ermənistan  yüzlərlə azərbaycanlının taleyi barədə məlumatları gizlədir. 30 ildə erməni siyasəti müharibə qanunlarını, beynəlxalq hüququ tanımadı, barbarcasına yürüdüldü.

Azərbaycanın itkin düşmüş vətəndaşlarının sayı ümumilikdə  4016 nəfər təşkil edib. Münaqişənin ilk illərində bu rəqəm fərqli idi. 27 il  ərzində gərgin iş aparılıb, hər il 50-60 nəfərin taleyi barədə məlumat əldə edilib.

2007-ci il ərzində aparılmış araşdırma zamanı məlum olmuşdur ki, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4354 nəfər təşkil edir. Onlardan 3503 nəfəri hərbçi, 841 nəfəri mülki şəxslərdir (9 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil). Mülki şəxslərdən 47 nəfəri uşaq (16 nəfər azyaşlı qız), 268 nəfəri qadın, 371 nəfəri yaşlılardır. Əsir, itkin düşmüş 4354 nəfərdən 783 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olub. Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 550 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblrdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104-ü qadın, 446-ı kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir.

Münaqişənin başlanmasından  2014- cü ilə qədər 1428 nəfər əsirlikdən  azad edilib və adları qeydiyyatdan çıxarılıb.Statistikada tez-tez dəyişiklik edilməsinə bir səbəb də budur ki, mülki və hərbi vətəndaşların axtarışı zamanı başqa itkin düşmüş insanlar barədə faktlar əldə olunur.

Dövlət Komissiyasında 01.08.2021-ci il tarixə olan məlumata əsasən, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində, Birinci Qarabağ müharibəsində 3 890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Ermənistan bu şəxslərin saxlanılması faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə indiyədək məlumat vermir. Bunu bizimyol.info-ya  Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib. İsmayıl Axundov qeyd edib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən əsir və girov götürülmüş 54 nəfərə baş çəkilib.O bildirib ki, onlardan 17-si saxlanıldığı yerdə öldürülüb, cəsədləri təhvil verilib, qalanlarının taleyi bu günə qədər də naməlumdur.

Hələ atəşkəs illərində BQXC xətti ilə Ermənistan tərəfindən  877 nəfər azərbaycanlının əsir götürüldüyü məlum olsa da qarşı tərəf bunu etiraf etməmişdi. BQXC bu əsirlərlə görüşsə də onların yeri sonradan gizlədilmiş, haqlarında heç bir məlumat verilməmişdi. Uzun illər əsirlikdə qalan  sadə azərbaycanlıları ermənilər öz təsərrüfatlarında yemək və su qarşılığında qul kimi işlədiblər. Əsir hərbiçiləri isə adətən işkəncə  altında ölüm gözləyirdi. Qadınların taleyi naməlumdur.

İnsan Hüquqları üzrə Müvəkkilimiz  Səbinə Əliyeva deyib ki, Ermənistan indiyədək Vətən müharibəsində itkin düşmüş 7 nəfərin taleyi barədə məlumat vermir. Ermənistan girov götürdüyü yeniyetmələrdən böyük ehtimalla donor kimi, yaxud orqanlarını çıxarıb satmaq üçün istifadə edib.

Deyirlər torpağın üzü soyuqdur. Ölüm haqdır, Allahın əmridir. Bir gün hər yaşayan ölümü dadır.Lakin itkini olmaq ömrü boyu intizarda yaamaq, gözü yolda olmaq, atəşdən köynək geyməkdir.Bu gün ömründən müharibə keçmiş  minlərlə insanımızın taleyindən hələ də xəbər yoxdur. Minlərlə, ata- ana, bacı qardaş  hər gün  "bir xəbər gəlsin"  deyə dua edir. Bu ölkədə 30 ilə yaxındır "Oğlum gələr" deyə, qapısına qıfıl vurmadan bazara, dükana gedən, ümidləri tikan kimi əlinə ayağına,ürəyinə batan analar var.  Həsrət yaman şeydir. 29 ildir oğlunun sevdiyi turşu balonunu "bir gün gəlib özü açacaq" düşüncəsilə saxlayan ana var. 44 günlük müharibəmizdə oğlunun şəhid   cənazəsi qabağında qurban kəsən ata gördüm. Şəhid anaları tanıyıram ki, itkin anasına baxıb, öz gününə şükr edir. Qeyri-müəyyənlik ölümdən də betərdir

Ömrü boyu itkin nişanlısını gözləyə- gözləyə qarıyan qızlar, saçının birini ağ, birini qara hörən gəlinlər var,Əsirlikdə olan atasının həsrəti ilə böyüyüb bu gün özü ata olan, amma gözləri yollardan çəkilməyən balalar var və bir də...

Və bir də haqqında ah çəkərək susduqlarımız- əsir qadınlarımız var. İllər  öncə bilmirəm kimdən eşitmişdim bunu,  ermənilərin əlində əsir olmuş bir qadını  xaricilər geri almaq istəyiblər , gəlməyib. Deyib ki, mən onlar  üçün artıq ölmüşəm, elə ölü kimi bilsələr yaxşıdır, mən onsuz da yaşamıram ki,Burda ermənilərin təcavüzü nəticəsində övladlarım dünyaya gəlib. Nə gedə bilirəm, nə qala bilirəm. Bir insanın başına bundan da böyük hansı bəla gələ bilərdi? Təcavüz nəticəsində düşməndən  övlad dünyaya gətir, onlar da qul kölə kimi işlədilsin, nə atıb gedə bil, nə sahib çıxa bil. Ölüm ən gözəl qurtuluş deyilmi onun üçün? Bu hələ bildiyimiz bir hekayədir. Kim bilir daha nələr var. Ölüləri qəbirdən çıxarıb təhqir edən  cəllad erməni xisləti türk qadınına hansı işgəncələri verməz?

Bütün müharibələr belədir. Onlar başa çatsa da insanların  taleyinə vurduğu yaralar illərlə sağalmır. Müharibənin dərdini elliklə, kütləvi şəkildə yaşayırıqsa əsirin, itkinin acısını fərdlər tək çəkir, bu fərdlərin boynuna, ömrünə biçilmiş  qandal olur, zindan olur.

İlhamə Rəsulova

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› MN: "Rusiya Müdafiə Nazirliyinin 2 erməni silahlısının yaralanması məlumatı təəssüf doğurur"
Son xəbərlər
Bütün xəbərlər »