Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Cənub Qaz Dəhlizinin mövcudluğundan narahatdır
Rusiya Cənub Qaz Dəhlizinin mövcudluğundan narahatdır

Bizimol.info-nun müsahibi siyasi şərhçi Mirzə Rəşad Bakuvidir

- Rəşad bəy, bu günlərdə ukraynalı hərbi siyasi ekspertin paylaşdığı bir videoreportaj sanki əleyhimizə hesablanıb, dəlinin yadına daş salmağa bənzəyir. Videoreportajın məğzi budur ki, Avropanın qaz bazarında özünə rəqib gördüyü Cənub Qaz Dəhlizinə (CQD) Türkmənistan və İranın qoşulması rəsmi Kreml üçün qorxulu röyaya çevrilə bilər. Bunu necə şərh etmək olar?

Mirzə Rəşad Bakuvi Mirzə Rəşad Bakuvi

- Ukraynalı hərbi-siyasi ekspert Yuri Podolyaka bir video paylaşıb və öz aləmində Azərbaycanın təbii qaz potensialına sataşıb. Ona görə sataşıb söyləyirəm ki, adamın təhlili sanki russayağıdır və Kremldən sifarişə oxşayır. Deyir ki, Azərbaycanın əsas təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizinin (CQD/SGC), respublikada kifayət qədər qaz ehtiyatlarının olmaması və bu layihədə digər qaz hasil edən ölkələrin iştirak etməməsi səbəbindən zərərlə işləmək ehtimalı böyükdür. Bütün çıxışı boyu Avropaya qaz satmaq üçün Azərbaycanın Avropa Birliyi ilə birlikdə milyardlarla pul xərcləyib çəkdiyi qaz kəmərlərinə qoşulmaq istəyən bölgə ölkələrini rusların müxtəlif siyasi təzyiq vasitələri ilə necə ələ aldığını, daha çox ekoloji problemləri qabardıb hər səfərində Xəzər dənizindən qaz keçidini əngəlləməsi, beləliklə, "Qazprom"un Avropa qaz bazarında monopolist rolunu azaltmağa yönəlik bütün planları pozduğu təəssüratını yaradır. Yuri Podolyaka məlum video-reportaja qəribə ad da seçib: "Avropa uğrunda döyüş: "Qazprom" Avropa Birliyinin "Cənub Qaz Dəhlizi"ni necə şah-mat edəcək".

Başlıqdan da hiss olunur ki, ukraynalı ekspert qan çıxmayan yerdən qan çıxarmaqda maraqlıdır. Elə təəssürat yaradır ki, sanki Azərbaycan guya bu gün Avropa qitəsini qazla təmin etmək yolunda Rusiya Federasiyasına rəqibdir. Məsələni bu şəkildə qoymaqla Podalyaka Rusiyanın bazarına girirmiş kimi ziyanlı rəy yaratmaqla, Azərbaycanın təbii qaz ehtiyatları barədə yanlış fikirlər yaratmağa cəhd edir. Onu avropalı qaz tədarükçülərinin gözündən salmaq, onlarda inamsızlıq yaratmaq üçün Azərbaycanın bu layihəni icra etməkdə çətinliklə üzləşəcəyi, etibarını itirəcəyi, Qoca qitəyə gedən boruları doldurmağa qaz tapmayacağını deyir.

- Bəs həqiqətdə necədir? Bu kəməri dolduracaq gücümüz varmı?

- Əvvəlcə qeyd edək ki, CQD-ni (SGC) nəhəng korporasiya olan "Qazprom"a rəqib edən bu adamın ya strateji düşüncə sarıdan problemi var, ya da düşünülmüş şəkildə yeni mövzu yaradaraq məsələyə qərəzli yanaşır. Çünki sözügedən Cənub Qaz Dəhlizi "Qazprom"a rəqib ola bilməz o mənada ki, onun qaz ixracetmə həcmi hələ ki, çox aşağıdır. Rusiya qazının Avropaya ixracının təxmini həcmi illik 200 milyard kubmetrdir. Azərbaycanın isə Cənub Qaz Dəhlizi ilə Avropaya ixrac edəcəyi qazın 2022-ci il üçün həcmi cəmi 10 milyard kubmetr olaraq qiymətləndirilir.

Buna baxmayaraq, Azərbaycanın da kifayət qədər qaz ehtiyatlarına malik olduğunu qeyd etməliyik. Cənab Podalyakanın ölkələrarası yersiz siyasi-iqtisadi intriqalar ocağı yaratmağa cəhd etməklə ağlına gələni danışması ilə deyil, Azərbaycanın Rusiyadakı qədər qazı olmasa da, ehtiyatları təsdiq olunmuş qaz yataqlarımız barədə rəsmi məlumatlar gələcək üçün ümid yaradır.

Məsələn, son qiymətləndirmələrə görə, "Şəfəq-Asiman" qaz yatağında 500 milyard kubmetr qaz və 65 milyon ton kondensatın olduğu bildirilir. Yeri gəlmişkən, Azərbaycan Prezidentinin qaz yataqlarımız və ixrac potensialımız barədə müsahibəsindən bir fraqmenti misal gətirə bilərəm: “Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir, lakin bu hələ təxmini rəqəmlərdir, bunun artması ehtimalı çoxdur".

Üstəlik "Azəri-Çıraq-Günəşli" yatağındakı "dərin qaz" layihəsini də nəzərə alsaq, potensialımız daha qabarıq görünür. Onun sözlərinə görə, Azərbaycanın daha bir neçə perspektivli qaz yatağı var. “Xüsusilə, 400 milyard kubmetr ehtiyata malik "Babək" yatağını qeyd etmək istərdim. "Abşeron" qaz-kondensat yatağının ehtiyatları isə 350 milyard kubmetr həcmində qiymətləndirilir və ümid edirəm ki, hasilata yaxın zamanlarda başlanacaq. Ən azı 200 milyard kubmetr ehtiyatı olan "Ümid" yatağını da unutmayaq. Bunlar təsdiq edilmiş ehtiyatlardır və onlar Xəzərin Azərbaycan sektorunda qaz hasilatına töhfə verəcəklər", - deyə Prezident Əliyev vurğulayıb.

- Cənub Qaz Dəhlizini daha perspektiv edəcək hansısa potensial layihələr varmı? Və ya bu kəmər doğrudanmı Rusiyanın Rusiyanın qorxulu röyasına çevrilə bilər?

- Cənub Qaz Dəhlizini daha maraqlı və perspektivli edəcək başqa bir ciddi səbəb var. O da, bir müddət sonra zəngin qaz yataqlarına malik Türkmənistan qazının bu boru vasitəsilə Avropaya nəql olunması ehtimalıdır. Bir müddət əvvəl Türkmənistan və Azərbaycan hökuməti uzun çəkən umuküsüdən sonra Xəzərin mübahisəli qaz yataqları barədə prinsipial razılığa gəldilər və "Dostluq" adı verilən qaz yatağını birgə işləmək barədə qərar qəbul olundu. Beləliklə, Azərbaycan qardaş ölkə Türkmənistanla birgə Avropaya sözügedən "Dostluq" yatağından təbii qaz ixrac edə biləcək (ehtiyatları 100 milyard kubmetr). Bunu "Türkmənqaz" Dövlət Konserninin sədr müavini Quvanç Ağacanov da təsdiqləyib. Əslində, bu hadisə rəsmi Moskvanı daha çox narahat etməyə başlayıb. Çünki, bu, sadəcə bir ilkdir və sınaqdan uğurla çıxacağı halda, zəngin Türkmən qaz yataqlarından çıxarılan qazın CQD (SGC) vasitəsilə Avropaya satılması, Qoca qitəyə qaz satışında haqqında danışdığımız xətti Rusiyanın "Şimal Axını-2" layihəsi və digər ənənəvi boruları üçün ciddi rəqibə çevirə bilər. Düşünəndə ki, Moskva qaz kartından Avropaya müntəzəm yerini göstərmək məqsədi ilə siyasi məqsədlər üçün də istifadə edir, o zaman rusların SGC ilə bağlı əndişəsini anlamaq elə də çətin olmur.

Podolyakanın bu təqdimatında Cənub Qaz Dəhlizini gözdən salmağa çalışmaqla əlinə oynadığı Rusiya isteblişmentinin yuxularını ərşə çəkəcək başqa bir qorxunc proqnoz daha var. Təsəvvür edin ki, dünyada qaz ehtiyatlarına görə ilk üçlükdə yer alan və dünya bazarına çıxmaq üçün lazımi infrastruktura malik olmayan, əvəzində uzun illərdir ağır sanksiyaların yaratdığı iqtisadi böhrandan qurtulmaq üçün ciddi maliyyə qaynaqlarına ehtiyacı olan qonşu İran qazı (həmçinin İraq qazı da istisna deyil) da bu xəttə qoşulsa, Cənub Qaz Dəhlizi ağlasığmaz qlobal əhəmiyyət qazana bilər. O zaman bölgədə tamamən fərqli bir regional siyasi-iqtisadi situasiya yaranacaq. Təbii, bütün bunlar gələcəyin işidir və daha çox bölgəmizdə dövlətlərarası qonşuluq və regional əməkdaşlıqların inkişaf perspektivlərinə və geosiyasi vəziyyətin necə inkişaf edəcəyinə bağlıdır. Əslində, elə Podalyakanın Cənub Qaz Dəhlizini perspektiv vəd etməyən layihə kimi təqdim etməkdə və "Qazprom"un onu Avropa bazarında asanlıqla mat edəcəyini ifadə etməsi, qürurlanmaqdan çox, narahatlığa oxşayır.

Çünki bizim irəli sürdüyümüz proqnozları ruslar da hesablamamış deyillər. Məncə, rəsmi Kreml Podalyakanın diliylə bu istiqamətdə narahatlığını gizlədə bilmir, hər nə qədər də video-reportajın mətni "heç kimi küsdürməyək" modunda yumşaq tərzdə hazırlanmış olsa da.

Ümumiyyətlə isə, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra istər neft, istərsə də qaz ixracı ilə əlaqədar müstəqil siyasət yürütməsi, Qərbin siyasi-iqtisadi planda dəstəyi və Bakının xüsusilə öz təşəbbüskarlığı sayəsində Rusiyadan yan keçməklə bir neçə qlobal layihə həyata keçirməsi və onları uğurla başa çatdırması Moskvanı hər zaman qıcıqlandırıb. Azərbaycan bu gün gerçəkdən Avropanın enerji təhlükəsizliyi baxımından önəmli ölkəyə çevrilməkdədir.

- Rusiya əngəl olmaq üçün addımlar atacaqmı, yoxsa hazır kəmərdən öz kar payını götürmək daha səmərəli olacaq?

- Sirr deyil ki, bütün beynəlxalq siyasi-iqtisadi platformalarda dövlətimizin ifadə etdiyi mövqe bundan ibarət olub ki, Cənub Qaz Dəhlizi təkcə Azərbaycan üçün deyil, qonşuluğumuzda qaz ehtiyatları olan hər bir ölkə üçün hazır işlək infrastruktur kimi faydalı ola bilər və bu xətt hər kəsin üzünə açıqdır. Yəni, istər Türkmənistan, istər Rusiya, istərsə də İran öz mavi yanacağını bu kəmərlə Avropa bazarına çıxarmaqla müştərək faydalı iş çıxara bilərik. Bundan ötrü tələb olunan iqtisadi təşəbbüskarlığı və siyasi iradəni Azərbaycan hökuməti dəfələrlə ifadə edib. Ümumiyyətlə isə, sözügedən ölkələrin SGC-yə qoşulması bu layihənin uğurunun ən vacib hissəsidir. Bununla belə, qürurla söyləyə bilərik ki, hətta bu ölkələr sahib olduqları qazı Cənub Qaz Dəhlizi ilə nəql etməsələr belə, Azərbaycanın öz üzərinə götürdüyü öhdəlikləri tam icra etmək üçün kifayət qədər qazı var və dövlətimiz öz ehtiyatlarına güvənərək bağladığı beynəlxalq müqavilələri problemsiz icra edə biləcək. Rusiyanın hər məsələdə olduğu kimi burada da sərgilədiyi cığallığı, çığır-bağır salması isə özünə qalacaq, necə ki, ondan yan keçməklə ərsəyə gətirilən Bakı-Tiflis-Ceyhan neft kəməri, o cümlədən oxşar qlobal əhəmiyyat daşıyan iqtisadi layihələr bu gün də tam gücü ilə işləyir.

İlhamə Rəsulova

Paylaş »
››› Bakıda klinikada çəplik üçün əməliyyata girdi, görmə qabiliyyətindən oldu
››› Raketi görməyənlər, şəhid ailəsinin daşı ilə özünə tualet tikənlər – Qısası, İcra Hakimiyyətləri
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› İnsanlar beynini qida ilə sıradan çıxarır
››› Pandemiya ilə bağlı vəziyyət daha da ağırlaşır
››› Putinin istəyinə çatması Rusiyaya nəyin bahasına başa gələcək...
››› “30 ildir yaşadığım evin mülkiyyət sənədini almağıma imkan vermirlər”
Son xəbərlər
Bütün xəbərlər »