Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi
qara
Könlüm keçir Qarabağdan,

Gah bu dağdan, gah o dağdan

Axşam üstü qoy uzaqdan,

Havalansın Xanın səsi,

Qarabağın şikəstəsi

Hər axşam gün qürubunda bu misraları qubarla xatırlayıram, gözümün önündən ağır-ağır ellərimiz, başı dumanlı Şuşa dağlarımız, igidlər oylağı Cıdır Düzümüz keçir. Arxasınca da bir sızıltı boylanır - müxənnətin, xainin, illərlə dost bildiyin namərdin fitnəsi ilə itirdiyimiz yurd yerimiz üçün. Və o zaman hələ uşaqlıqda babamın dilindən eşitdiyim bir sözün əsl mənasını dərk edirəm - Düşmənin olanda da mərd düşmən olsun, Allah insanın düşmənini də namərd etməsin.

25 ildən çoxdur Qarabağ yarası var Azərbaycanımızın köksündə. Sözün həqiqi mənasında bir igidin ömrüdür. O torpaqlardan anasının qucağında hələ qundaqdaykən qaçqın düşən körpələr bu gün 25 yaşlı, bəxtinə qaçqın, köçkün yazısı düşən gənclərə çevriliblər. Yüzlərlə belə gəncimiz atalarının yolu ilə gedərək işğal altında olan o torpaqların azad olunması uğrunda can verib, şəhid olub. Dondurulmuş münaqişə qurbanlarının sayı ildən ilə artır. Çünki uğrunda can verilən bu torpaq Vətəndir!

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və gələcək üçün həqiqəti əks etdirən tarixi salnamənin yazılması bu günün zərurətidir. “Bu işi nə dərəcədə yerinə yetirə bilirik, hansı uğurlar qazanmışıq?” sualı ilə ölkə ziyalılarına üz tuturam.

Azərbaycanın Ermənistana qarşı yürütdüyü iqtisadi blokada siyasəti bəhrəsini verir

Qafqaz Tarixi Mərkəzinin direktoru, AMEA-nın İnsan Haqları İnstitutunun elmi əməkdaşı Rizvan Hüseynov: Nəzərə alsaq ki, Rusiya dünyanın ən böyük ölkələrindəndir, BMT TŞ-nin 5 üzvündən biridir və dünyanın taleyini həll edən bir qurumdur, buna görə bu ölkəyə qarşı təsir yolları asan deyil və kompleks tədbirlər tələb edir. Təsir vasitəsi kimi isə əsasən iqtisadi faktorlara diqqət yetirilməlidir. Azərbaycanın son illər həyata keçirdiyi böyük regional layihələr Rusiyanın Qafqazdakı planlarına təsir edə biləcək gücdədir. Bakı-Tbilisi-Ceyhan marşrutunun açılması layihəsinə Rusiya qarşı çıxırdı, buna baxmayaraq bu gün bu layihə reallaşdı və Gürcüstanın, həmçinin Azərbaycanın Rusiyadan asılılığının azalmasında mühüm rol oynadı. Bundan sonra Rusiyanın etiraz edib, lakin ölkəmiz tərəfindən reallaşdırılan layihələrdən biri də Bakı-Tbilisi-Qars layihəsidir. Bu, birbaşa Çindən Avropanın qərbinə qədər uzanan bir yoldur. Bu, birbaşa tranzit iqtisadi layihədir. Hesab edirəm ki, bu layihə Cənubi Qafqazda və Avrasiya məkanında geosiyasi vəziyyəti dəyişdi və Qarabağ probleminin həllinə əlavə dəstək oldu. Azərbaycanın nüfuzu artdıqca, Rusiya bu layihəyə qoşulmadığı üçün bu, onun təsir vasitələrinin zəifləməsinə səbəb oldu. Bilirik ki, Rusiya Gürcüstan və Azərbaycan ərazilərində yaradılmış münaqişə ocaqlarından təzyiq aləti kimi istifadə edir və başqa bir təzyiq aləti olmadığı üçün bu rıcaq get-gedə əhəmiyyətini itirir. Nəyə görə?

Əvvəldən Rusiya Qarabağ aləti vasitəsi ilə Azərbaycanı özünə sərf etməyən layihələrdə iştiraka məcbur etməyə çalışırdı. Lakin son illərdə biz görürük ki, Azərbaycan bütün lazımi layihələri gerçəkləşdirdi. İndi Rusiya başqa qərarlar almağa məcburdur. Ermənistanın Avropa İttifaqı ilə assosiativ saziş bağlaması isə birbaşa Rusiyanın maraqlarına zərbədir.

Biz onu bilməliyik ki, Qarabağ tək bizə yox, həm də Ermənistana qarşı təzyiq məsələsidir və bununla da, Ermənistanı da təsir altında saxlayır. Gələn il Ermənistanda seçkilər ilidir. Ermənistan hakimiyyətində qərbyönümlü insanlar güclənsə, Rusiya Azərbaycanın maraqlarına dəstək verməyə məcbur olacaq. Çünki bu problemin arxasında Azərbaycanı əldə etmək məsələsi var və Qərb də, Rusiya da bu problemin Azərbaycanın xeyrinə həll olunacağını bilirlər, sadəcə bu məsələni ticarət predmetinə çeviriblər. Dünya siyasi diplomatik praktikasında münaqişələrin sülh yoli ilə həlli bu halda baş verir - əvvəl hərbi güc tətbiq edilir, sonra siyasi həll yolu tapılır. Yəni güc göstərmədən siyasi qalibiyyət real görünmür. Buna görə də hesab edirəm ki, hərbi qüdrətimizin artması siyasi gücümüzün də artmasına səbəb olacaq”.

Azərbaycanın Ermənistana elə ermənilər vasitəsi ilə qalib gəlmək taktikası

Rizvan Hüseynovun fikrinə görə, biz əsas yükü siyasətin üzərinə atmışıq, lakin vətəndaş cəmiyyəti, QHT-lər və mətbuat bu yöndə daha çox iş görməlidir. Son 10-12 ildə bu məsələ ilə məşğul olan, həm Azərbaycanda, həm də xaricdə reallaşdırılan layihələrin həmmüəllifi kimi deyə bilərəm ki, Qafqaz Tarixi Mərkəzi böyük nailiyyətlər əldə edib. Xarici ölkələr vasitəsi ilə Ermənistanın QHT nümayəndələri ilə görüşlərimiz keçirilir. Ermənilərin özlərindən istifadə edərək tutduqları mövqenin onlara gələcəkdə ziyan verəcəyini və saxtakarlıqların erməni xalqının gələcək faciələrinə yol açdığını isbat edirik. Yəni Azərbaycan tarixi üçün prinsipial olaraq bir neçə məsələdə fikirləri dəyişə bildik. Nəticə olaraq erməni alimlərin özləri də bəzi məsələlərdə bizim mövqeyimizi dəstəkləməyə başladı. Məsələn, Qarabağ münaqişəsinin necə yaranması məsələsində qarşıdurmanın Sumqayıt hadisələri ilə başlandığını deyirdilər. Biz isə isbat etdik ki, hadisələr Qafandan və digər Ermənistan rayonlarından azərbaycanlıların qovulması ilə başlayıb. Erməni jurnalist Mane Papyan məndən xahiş etdi ki, mən materialları ona verim ki, o araşdırsın. Mən əldə olan materialları Mane Papyana verdim və o, azərbaycanlıları qovan və zülm edən vəzifəli şəxsləri tapıb böyük bir araşdırma yazısı hazırladı. Bu material erməni müxalifət mətbuatında dərc edilmişdi. Canlı şahidlərin dilindən yazılmış bu yazı elə onların öz əli ilə özlərinə vurulmuş zərbə oldu.

Daha sonra biz vətəndaş cəmiyyəti və media fəallarını dəvət etdik, xaricdə müzakirələr apardıq, onlar bizim tarixçi mövqeyimizi dəstəkləməyə, məqalələr yazmağa, beynəlxalq tədbirlərdə bu barədə çıxışlar etməyə başladılar. Onlar öz dilləri ilə ermənilərin bu torpaqlara köçürülüb gəlmə millət olduqlarını, Qarabağın bizim tarixi torpaqlarımız olmasını yazırlar və bu da böyük uğurdur. Bizim 25 ildə dediyimiz həqiqətləri indi ermənistanlı və rusiyalı ictimai fəallar dilə gətirirlər. Bu il, oktyabr ayının sonunda Tbilisidə 15 ölkənin iştirakı ilə tədbir keçirildi. Burada bir sıra erməni fəalları bzim bütün söylədiklərimizi dəstəklədilər və bu, avropalıları heyrətləndirdi, onlara çox güclü təsir bağışladı. Orada beynəlxalq təşkilatların nümayəndələri, Minsk qrupunun nümayəndələri iştirak edirdi və ermənilərin hər kəsin gözü önündə bizi dəstəkləməsi onları şoka salmışdı və bu, bizi xeyli irəli atan bir addımdır. Məhz ermənilərin arasında həmfikirlərimizin artması artıq gələcək qələbənin xəbərçisidir. Qərb QHT sektoruna çox güvənir və bu sahədə artan fəaliyyət bizim işimizə xeyir edəcək”.

Biz deyil, tarix danışır

“Əksər ermənilər tədricən Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinin zəruriliyini anlayır və öz dövlətçiliklərinin saxta tarixinə inanmır. Serj Sarqsyan dünyada yeganə prezidentdir ki, uğrunda döyüşdüyü tarixşünaslıq barədə heç nə bilmir”. Bu fikri Azərbaycan Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov səsləndirib.

“Bir neçə il öncə Ermənistan hakimiyyəti guya qədim İrəvan qalasının bərpası üçün $70 mln. məbləğində vəsait tapdı. Xüsusi ayrılmış ərazidə XIX əsrin sonu – XX əsrin əvvəlinə aid evlər inşa olundu və bəyan edildi ki, bunlar qədimi abidələrdir. Lakin ermənilər bildirirlər ki, İrəvan Romadan da qədimdir. Rusiya alimlərinin Qafqaz, Qara dəniz ətrafı, Don, Krım və digər ərazilərdə Qriqorian məzhəbinə qulluq edən türk-qıpçaqların erməni-haylarına çevrilməsi mövzusuna dair sıx araşdırma ilə məşğul olduqlarını görmək sevindirici haldır. Bu, Ermənistanın guya tarixə əsaslanan Dağlıq Qarabağa olan ərazi iddialarını tamamilə puç edir. Ermənistanın bütün əhalisi erməni-qriqorian məzhəbinə etiqad edən hay xalqıdır ki, Kiçik Asiyadan hazırki yaşadıqları yerə köçürülüb. Burada isə türk-qıpçaqları, udilər və erməni-qriqorian məzhəbinə etiqad edən digər xalqlar yaşayıb. Lakin sonra hay xalqı onları zor gücü ilə erməniləşdirərək, həmin xalqların bütün irsini mənimsəyib. Qarabağ ermənisi Artur Ağacanov da bu yaxınlarda bu barədə söz açıb.

Bu il may ayında Tbilisidə təqdimatı keçirilmiş “Azərbaycan və Ermənistanın alternativ tarixi” filmi ictimaiyyətdə şok effekti yaratdı. Tarixçi, Qafqazın Geotarixi və Geosiyasi Araşdırmaları Beynəlxalq Mərkəzinin (Gürcüstan) prezidenti Quram Marxuliya bildirib ki, filmin nümayişindən sonra hamı müəllifin obyektiv yanaşmasına təəccübləndi, çünki ilk mənbələrin tarixi keçmişindən kadrlar və arxiv sənədləri nümayiş etdirilib. Filmin ünvanlandığı əsas kütlə ölkə rəhbərliyi tərəfindən yalan informasiyalara məruz qoyulan erməni ictimaiyyətidir. Belə filmlər regionun tarixi barədə həqiqəti bilmək istəyən erməni ictimaiyyətinin müəyyən hissəsinin maarifləndirilməsində mühüm rol oynaya bilər. Xatırladım ki, filmin ssenari müəllifləri Fuad Axundov və Rizvan Hüseynovdur.

Politoloq Arzu Nağıyev isə bildirir ki, istər MDB məkanında, istərsə də dünyanın bir çox nöqtələrində qaynar münaqişə ocaqlarının yaranmasında əsas rolu Sovetlər Birliyi oynayıb və bu gün onun varisi kimi Rusiya çıxış edir. Dünyada baş verən münaqişələrin bir çoxunun həllində Rusiya siyasi açar rolunu oynayır. Ukraynada yaranmış son münaqişə ilə bağlı Rusiyaya qarşı istər iqtisadi, istər siyasi, istər insan hüquqları ilə bağlı bir sıra sanksiyalar tətbiq edildi. Amma belə bir fakt Qarabağ məsələsi ilə bağlı ortaya çıxmadı. Dünya təcrübəsində işğal altında olan torpaqların hüquqi yolla geri qaytarılması mümkün olub. Məhz Kosovo təcrübəsində bunun şahidi olmuşuq. Lakin bu ağrılı bir prosesdir. Çünki hər zaman ikili standartlar mövcud olub. Bəzi münaqişələrdə suverenlik, bəzi münaqişələrin həllində isə millətin öz müqəddəratını həll etmək məsələsi irəli çəkilir. İstər Kataloniyada, istər Kürdüstanda keçirilən referendumlar dünya ölkələri tərəfindən qəbul olunmadı. Bu, İspaniya və İraqın dövlətçiliyinin pozulması kimi qiymətləndirildi. Lakin bu hər zaman belə olmur. Böyük dövlətlərin marağı belə məsələlərdə mütləq rol oynayır. Yəni supergüclərin maraqları toqquşarsa, müxtəlif mənzərələr alınır. Böyük beyin mərkəzləri ilə görüşdə Azərbaycanla bağlı mühüm və dünyanın bir çox mərkəzlərində gizlədilən faktların ortaya çıxarılması vacib addımdır. Ermənistan Türkiyəyə qarşı soyqırım faktını istifadə edir. Koçaryan Putinlə görüş zamanı bəzi məsələləri açmaq istəyəndə Putin ona ironiya ilə “arxivlər açılsa, siz uduzarsınız” demişdi. Ermənistanı dəstəkləyən dövlətlərdən birinin keçmiş lideri Nikola Sarkozi bu soyqırımda ölənlərin 500 min olduğunu söyləmişdi. Necə ola bilər ki, Osmanlı dövlətində 6 nazir erməni əsilli ola-ola bu millətə qarşı soyqırımı törədə bilərdi. Təbii ki, ermənilər məhz buna görə tarixi arxivlərin açılmasından qorxurlar”. Azərbaycan isə öz tarixindən qorxmur.

Biz Qərbin ikili standartlarını Xocalı soyqırımına yanaşmada gördük. 100 il əvvəl tarixdə olmayan soyqırım barədə qərar qəbul edənlərin əksəriyyəti modern dünyanın gözləri qarşısında Ermənistanın Xocalıda törətdiyi dəhşətli soyqırımı görmək istəmir. İnsan haqlarından danışan beynəlxalq təşkilatlar Ermənistanın işğalçılığı üzündən öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün haqlarının müdafiəsi istiqamətində heç bir addım atmır. Ümid yalnız özümüzədir. Azərbaycanın uğurlu və məqsədyönlü xarici siyasəti nəticəsində artıq dünya ictimaiyyəti Azərbaycan həqiqətlərini qəbul edir. Bu gün bütün dünyada Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası uğurla həyata keçirilir. Hətta “Qarabağ” futbol klubumuzun Avropa Çempionlar Liqasında çıxışının özü bir idman sevinci ilə yanaşı, həm də bütün dünyaya yenidən “Qarabağ bizimdir” mesajı verdi. Bu uğurda vəzifəsindən, cinsindən, işindən asılı olmayaraq hər birimiz bir əsgər olmalıyıq. Çünki bu qala bizim qala.

İlhamə Rəsulova

"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”

Paylaş »
››› İrana qarşı “tarixin ən böyük sanksiyası” tətbiq olundu
››› Rusiyada azərbaycanlılarla ermənilər arasında kütləvi dava olub - Video
››› Türkiyə bu qızın ölümünə ağlayır - Foto
››› Gülgünü vurub öldürən şəxs bank işçisi imiş - Hadisənin videogörüntüsü yayıldı
››› Zvi Maqen: "Azərbaycanlılar rahat yata bilərlər, Livan heç vaxt İsrail dronlarını vurmayıb"
Son xəbərlər
Bütün xəbərlər »