Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Taliban” Türkiyəni Əfqanıstana qaytarmaq istəyir
“Taliban” Türkiyəni Əfqanıstana qaytarmaq istəyir

Türkiyə ilə “Taliban” hərəkatı arasında danışıqlar aparılıb.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinaya səfərindən öncə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, “Taliban”la danışıqlar Türkiyənin Kabildəki səfirliyində baş tutub və danışıqlar 3,5 saat davam edib.

“Bizim kiminlə, harada və nə zaman danışıqlar aparmaq üçün kimsədən icazə almaq kimi bir öhdəliyimiz yoxdur. Hazırda Əfqanıstanda ciddi idarəçilik boşluğu var. Lazım gələrsə, danışıqlar apararıq. “Taliban”la Kabildəki səfirliyimizdə 3,5 saat davam edən danışıqlar aparılıb. “Taliban”ın bizə Kabil hava limanı ilə bağlı təklifləri var. Bu məsələdə hələlik qəbul edilmiş bir qərar yoxdur”, - deyə Türkiyə dövlət başçısı vurğulayıb.

Türkiyə “Taliban”la hansı mövzuda danışıqlar apara bilər və bu dialoq hansı məcrada inkişaf edə bilər?

Bu mövzuda Bizimyol.info saytına danışan politoloq, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Türkiyənin Əfqanıstanda NATO çərçivəsindəki fəaliyyəti bitib.

Tofiq Zülfüqarov Tofiq Zülfüqarov

“Əgər hər hansı dialoq baş verirsə, bu, Türkiyənin öz xarici siyasətinin çərçivəsindədir. Artıq NATO səhifəsi bağlanıb və yeni səhifə açılmalıdır. Türkiyə bu “yeni səhifə”də özünün Əfqanıstanla və “Talibanla” münasibətlərini öz diktəsi ilə formalaşdıracaq. Türkiyənin oturuşmuş bir diplomatiyası var. Və bu diplomatiya Əfqanıstanla münasibətlərdə bir çox amilləri irəli sürərək, qarşı tərəfin nə dərəcədə ciddi olduğunu müəyyənləşdirəcək”, - deyə T.Zülfüqarov qeyd edib.

Onun sözlərinə görə, Türkiyə-“Taliban” dialoqunda hər şey ikinci tərəfin özünün nə dərəcədə “terror təşkilatı” imicindən uzaqlaşmaq istəyindən asılıdır: “Türkiyə rəhbərliyi bəyan edib ki, əfqan xalqına kömək etmək niyyətindədir. Əgər “Taliban” da terror təşkilatı kimi yox, siyasi qüvvə kimi özünü göstərmək istəyirsə, müxtəlif terror təşkilatları, o cümlədən İŞİD-lə münasibətlərində konkret mövqe sərgiləməlidir. Kabildə son baş verən partlayışların da məhz İŞİD-lə əlaqəli olduğunu düşünürəm. Fikrimcə, bu partlayışlar həm də “Taliban”ın özünə qarşıdır. Ona görə də, “Taliban”ın İŞİD-lə mübarizədə Türkiyə ilə yaxınlaşmağa maraqlı olduğunu düşünürəm. “Taliban” dünyada mühüm siyasi və hərbi güc kimi çıxış edən Türkiyə ilə münasibətlərin pisləşməsini istəməyəcək”.

Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, “Taliban” Əfqanıstanda başqa ölkələrin silahlı qüvvələrini görmək istəmədiyini dəfələrlə bəyan edib: “Türkiyə və Azərbaycan sülhməramlıları da öz missiyalarını başa çatdırıblar. Sonrakı prosesdə Türkiyənin yenidən Əfqanıstana qayıtmaq və orda hərbçilərini yerləşdirmək fikrində olduğunu düşünmürəm”.

Ədalət Verdiyev Ədalət Verdiyev

O qeyd edib ki, “Taliban”ın Kabil Beynəlxalq Aeroportu barədə təklifi sadəcə təhlükəsizlik deyil, eyni zamanda aeroportu işlədə bilmək məsələsi ilə bağlıdır.

“Türkiyənin bu istiqamətdə böyük təcrübəsi var. Türkiyəni “Turkish Airlines” şirkəti də dünyada ən böyük şirkətlərdən biridir və türk mütəxəssisləri Əfqanıstana fayda verə bilər. Düşünürəm ki, sözügedən təklif də məhz bununla bağlıdır. Görünür ki, “Taliban” ölkəsini dünyadan təcrid etmək niyyətində deyil və bir müddət beynəlxalq hava nəqliyyatını tənzimləmək üçün Türkiyənin köməyinə ehtiyac olacaq. Mən bu təklifi məhz “kömək istəyi” kimi dəyərləndirərdim”, - deyə ekspert əlavə edib.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› Ölüləri diriltmək mümkündürmü: Elm və din bu barədə nə deyir...
››› "Putinlə Ərdoğan heç vaxt sadəcə, əl sıxmaq üçün görüşmürlər"
››› “ABŞ Ermənistanı Əfqanıstanın gününə salacaq”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “İcra başçısı 5000 manata bələdiyyə torpaqlarını satır”
››› Azərbaycanda təhsil müəssisəsində növbəli iş rejimi tələbi ləğv edilib
››› "Region dünyanın barıt çəlləyinə çevrilib, partlayış bir qığılcıma bənddir"
Son xəbərlər
Bütün xəbərlər »