Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Öz torpağımızda rusa əsir düşmək?..
Öz torpağımızda rusa əsir düşmək?..

Bu gün Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirildi ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib. “Əsgər C.Babayev haqqında cinayət işi başlanılıb, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib", - məlumatda bildirilib.

Birinci, “Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazi” cümləsinin önünə “müvəqqəti” sözü əlavə olunmalı idi. Müdafiə Nazirliyinin açıqlamasında hərbçimizin qeyd-şərtsiz geri qaytarılması tələb olunmalıydı. Onu azad edilmiş torpağında terrorçular həbs ediblər. Nazirlik ilk növbədə öz əsgərinə sahib çıxmalıdır. “Psixatriya bölməsini tərk edib” cümləsindən aydın görünür ki, bu cinayət işinin özü bir qədər şübhə altında qalmalıdır. Biz öz torpağımızda niyə rusa, həm də “sülhməramlı” rusa, erməniyə əsir düşməliyik?

Ümumiyyətlə, son zamanlar əsgərlərə niyə laqeyd münasibət göstərilməlidir? Əlil və şəhid ailələri özlərinə göstərilən qayğıdan narazılıq edirlər. Hərbi xidmətə getmiş əsgər xidmət zamanı həlak olursa ona heç bir status verilmir. Adı olur “qeyri- döyüş şəraitində həlak olma”. Bir əsgərin qeyri-döyüş şəraitində həlak olması nə deməkdir? Qeyri-döyüş şəraiti sözünün açması tam olaraq nədir? Əsgər hərbi xidmətə gedib, gəzməyə getməyib, əylənməyə getməyib. Hərbi xidməti, hərbi tapşırıqları yerinə yetirərkən dünyasını dəyişibsə bu müəyyən statusa tabe edilməlidir. Şəhid statusu verilmir. Şəhid deyilsə, ailə bütün kompensasiyalardan, liqotlardan məhrum edilir. Başqa sözlə, əsgərin qanı üzərindən dövlət qənaət edir.

Əsgər ailələrinin böyük əksəriyyəti kasıb ailələrdir. Cəbhə bölgəsində xidmət edənlərin demək olar ki, hamısı ən kasıb təbəqənin nümayəndələridir. "Qeyri-döyüş şəraitində" həlak olanların hamısı övladlarını zülümlə böyüdənlərdir. Yəni oğul gedib xidmətdə həlak olmasaydı ailənin güman yeri, ümid yeri olacaqdı. Bu oğullaramı qalmışdı dövlətin “ekonomiyası”?

Zərdabın Alcanlı kəndində yaşayan bir ailənin övladı bir neçə il öncə hərbi xidmətdə həlak olub. Murovda qulluq edərkən. Nazirlik onun ölümünü "qeyri-döyüş şəraitində ölüm" kimi qiymətləndirib və bildirib ki, oğul Murovda olmayıb. Halbuki əsgərin atası dəfələrlə Murova oğlunun yanına gedib. 30 il ərzində Murovda məhz döyüş şəraiti olub, düşmən təxribat edir, atəş açırsa, bunun başqa adı yoxdur.

Bu gün Qarabağda minlərlə mina var və bircə addımını səhv ataraq mina qurbanına çevrilən əsgərə niyə qeyri-döyüş şəraitində həlak oldu deyilməlidir? Nə qədər ki, o torpaqlar qan çanağıdır, minalardan tam təmizlənməyib hərbi şəraitdə ölümdür bu. Əsgər o torpaqlara bal arısı, qoyun sürüsü becərməyə getməyib. Məcburi hərbi xidmətə gedib, bir addımını da komandirlərindən xəbərsiz ata bilmir.

Rus erməniyə sahib çıxır, erməni rusa. Barı biz də özümüz – özümüzə sahib çıxaq. Yüzlərlə insanın taleyini kompyuterdə görünən quru qaydalara, qanunlara, məmur soyuqqanlılığına həvalə edib, insanları narazı salmaq olmaz. Bir amerikalı, kanadalı, almaniyalı, fransalı, yaponiyalı dünyanın harasında olursa olsun, bilir ki, başına bir iş gəlsə vətəni ona sahib çıxacaq, axtaracaq, tapacaq. Vətənin qayğısını görən vətəndaş vətəninə sevgiylə bağlanır. Vətən varlılardan çox kasıblarındır. Gedəcək başqa yerləri yoxdur deyə. Bu vətən bu insanların çiyinləri üzərində var olur. Onları diz çökdürməyin. Vətən ayaqda qala bilsin deyə.

İlhamə, Bizimyol.info

Paylaş »
››› Bakıda klinikada çəplik üçün əməliyyata girdi, görmə qabiliyyətindən oldu
››› Raketi görməyənlər, şəhid ailəsinin daşı ilə özünə tualet tikənlər – Qısası, İcra Hakimiyyətləri
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› İnsanlar beynini qida ilə sıradan çıxarır
››› Pandemiya ilə bağlı vəziyyət daha da ağırlaşır
››› Putinin istəyinə çatması Rusiyaya nəyin bahasına başa gələcək...
››› “30 ildir yaşadığım evin mülkiyyət sənədini almağıma imkan vermirlər”
Son xəbərlər
Bütün xəbərlər »