Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fərqanə Qasımovadan həyat yoldaşı barədə açıqlama: "Geri dönüşü olmayan bir yolu tutdu"
Fərqanə Qasımovadan həyat yoldaşı barədə açıqlama: "Geri dönüşü olmayan bir yolu tutdu"

Xalq artisti Alim Qasımovun qızı, xanəndə Fərqanə Qasımova həyat yoldaşı Elnur Mövlanovla bağlı mediada yayılan xəbərlərə görə həm təəssüfləndiyini, həm də təəccübləndiyini deyir. Söhbət Elnur Mövlanovun həyat yoldaşının valideynlərinə məxsus evdən qızıl-zinət əşyalarının oğurlanmasına görə məhkəmə qarşısına çıxarılmasından gedir.

Bizimyol.info xəbər verir ki, Əməkdar artist Fərqanə Qasımova “İnstagram” hesabında sözügedən olayla bağlı fikirlərini bölüşüb. Baş verən hadisənin ailə problemi olduğunu vurğulayan xanəndə bu xəbərlərdə atasının – Alim Qasımovun adının hallandırılmasını da gərəksiz sayır.

Fərqanə Qasımova və Elnur Mövlanovun birgə nikahdan 4 övladı var. Əməkdar artist həyat yoldaşının “geri dönüşü olmayan bir yol” tutduğunu, çox çalışsalar da, onu xilas edə bilmədiklərini vurğulayıb. O, baş verənləri özü və övladları üçün sınaq kimi qiymətləndirib və bu imtahandan ədəblə çıxacaqlarına inamını ifadə edib.

“Bəzi saytlarda və sosial mediada yayılmış məlum xəbərlə bağlı fərqli yorumları oxuduqca həm təəssüfləndim, həm də təəccübləndim. Əvvəla, bu həyatda hər kəsin bir sınağı olur. Tanımadan, bilmədən özgə bir ailəni müzakirəyə çıxarmaq kimsəyə başucalığı gətirməz. Taleyin öz hökmü var.

Həyat yoldaşımla tanış olarkən hər ikimiz çox gənc idik. Valideynlərimizin xeyir-duası ilə evləndik. Allah bizə dörd gözəl bala nəsib etdi. Böyük ailə böyük məsuliyyətdir. Çox heyf ki, hər şey arzuladığımız kimi olmur. Elnur geri dönüşü olmayan bir yolu tutdu. Nə qədər çalışsaq da, onu xilas edə bilmədik. Çünki bəzi məqamlarda seçim insanın öz öhdəsinə qalır. Mən və övladlarım bu ağır imtahandan da imanımız, ədəbimizlə çıxacağıq. Bu, hər kəsin başına gələ bilər, yaxşı olar, kimsə başqasına rişxənd etməsin. Alim Qasımov sənəti, adı ilə mədəniyyətimizi zirvələrə qaldırıb. Onun adını lazımsız yerə hallandırmağa gərək yoxdur. Bunun özü də bir mədəniyyətdir. Hər kəsin diqqətini çəkmiş hadisə sadəcə, bizim ailə problemimizdir.

Onu da qeyd edim ki, bu hadisə 1 ilə yaxındır baş verib. Buna baxmayaraq, eşitdiyi məlumatları yalan və yanlış yayanlara ayıb olsun. Lütfən müzakirə mövzusu etməyin”, - Fərqanə Qasımova belə münasibət bildirib.

42 yaşlı Elnur Mövlanov Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Ona qarşı Cinayət Məcəlləsinin 177.3.2 (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsilə ittiham irəli sürülüb. Bu maddədə 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Alim Qasımovun həyat yoldaşı Tamilla Aslanova cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb. Bir müddət əvvəl Alim Qasımov özü də bu cinayət işinin araşdırıldığı Bakı Ağır Cinayətlər Məhkəməsinə gəlib.

Fərqanə Qasımovanın xeyli vaxtdır uşaqları ilə birlikdə həyat yoldaşından ayrı yaşadığı, lakin ayrılıqlarının rəsmiləşdirilmədiyi bildirilir.

Bizimyol.info

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »