Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İqtisadçı: “Azərbaycan bu trenddən geri qalmamalıdır”
İqtisadçı: “Azərbaycan bu trenddən geri qalmamalıdır”

BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən Azərbaycanın yaşıl iqtisadiyyata keçmək təşəbbüsünün BMT tərəfindən dəstəkləndiyini deyib.

Bizimyol.info rəsmi mətbuata istinadən bildirir ki, BMT rəsmisi həmçinin işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsində, COVİD-19 pandemiyası ilə mübarizədə BMT-nin daim Azərbaycana dəstək göstərəcəyini qeyd edib: “Biz əvvəlki təmas xətti boyu 6 rayonda minaların təmizlənməsi üçün ANAMA-ya yardım məqsədilə dərhal 1 milyon dollar topladıq. Biz minaların təmizlənməsi işində milli mütəxəssislərə dəstəyi davam etdirəcəyik, çünki anlayırıq ki, bu, prioritetdir. Eyni zamanda, BMT Dünya Bankı, Avropa İttifaqı və digər beynəlxalq tərəfdaşlar ilə fond yaradaraq, əlaqələndirmə işini aparır ki, ANAMA üçün təlimlər davam etsin və minaların təmizlənməsi prosesi ən yüksək standartlara uyğun aparılsın. Biz məcburi köçkünlərin həmin bölgəyə təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı üçün göstərilən səylərin dəstəklənməsinə tam sadiq qalırıq. İrəliyə doğru addım ataraq, martın 1-də biz BMT ilə Azərbaycan arasında əməkdaşlığa dair yeni Çərçivə sənədini, yeni paktı imzalamışıq. Növbəti beş il ərzində qarşımızda çox böyük vəzifələr qoymuşuq. Əslində, biz inklüziv artıma dəstək vermək və gənclərlə iş aparmağı arzulayırıq ki, onların əmək bazarlarına aid bacarıqları formalaşsın. Biz, həmçinin daha yaşıl iqtisadiyyatın qurulmasında və səhiyyə, sosial müdafiə, təhsil və ədliyyə sahələrində xidmət göstərən təsisatların imkanlarının gücləndirilməsində hökumətin təşəbbüslərinə dəstək vermək istərdik”.

“Yaşıl iqtisadiyyat” anlayışı bir çox sadə oxucular üçün hələ də yeni səslənə bilər, lakin Avropa ölkələrinin sürətlə yaşıl iqtisadiyyata keçməsi maraq doğurur. Azərbaycanın “yaşıl iqtisadiyyat” istiqamətində hansı addımlar atdığı və ölkəmizi hansı perspektivlərin gözlədiyi kimi suallar da meydana çıxır.

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisadçı Elşad Məmmədov Bizimyol.info saytına bildirib ki, “yaşıl iqtisadiyyat” iqtisadi məsələrlə yanaşı, siyasi amillərlə sıx bağlıdır.

Elşad Məmmədov Elşad Məmmədov

“Yaşıl iqtisadiyyata keçid məsələsi ətrafında bir sıra spekulyasiyalar da mövcuddur. Bu məfhum dünyada pul kütləsinin artıqlığına görə ortaya atıldı və yeni investisiyalar üçün mövzuya çevrildi. ABŞ və Qərbi Avropa ölkələrində bir müddət bu istiqamətdə böyük investisiyalar yatırıldı. Dünya iqtisadiyyatı yeni quruluşa keçir və enerji sektorunda alternativ mənbələrə diqqət yönəlir. Xüsusilə son illərdə Qərbi Avropada karbon vergisinin tətbiq edilməsi, daxili yanma mühərriklərindən imtina kimi addımlar görürürük. Hazırda ABŞ və Qərbi Avropa ölkələri neft ölkələrinin üzərinə bir növ öhdəlik qoyublar. Lakin düşünürəm ki, bu bir trenddir və biz bundan kənarda qala bilmərik. Gələcəkdə bu istiqamətdə müxtəlif ölkələrdə investisiyalar artacaq. Əgər biz bunu etməsək, sonra daha çətin olacaq”, - deyə E.Məmmədov vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan alternativ enerji mənbələri istiqamətində də müəyyən irəliləyişlər əldə edib, lakin bu, hələ yaşıl iqtisadiyyata keçid demək deyil: “Yaşıl iqtisadiyyat əsasən özündə xammal istismarına qənaət və ətraf mühitin mühafizəsinə uyğun şəkildə qurulmuş, yüksək texnologiyalara əsaslanan iqtisadiyyatı ehtiva edir. Azərbaycanda bunun üçün həm potensial, həm də perspektivlər var. Lakin yaşıl iqtisadiyyatın da öz çağırışları var və bu çağırışları düzgün qiymətləndirmək, investisiyaları doğru istiqamətə yönəltmək lazımdır”.

E.Məmmədov əlavə edib ki, Azərbaycanda iri enerji şirkətləri, hasilatçılar, o cümlədən SOCAR hər il ekoloji fonda müəyyən vəsait köçürə bilərlər və bu, Azərbaycanda yaşıl iqtisadiyyata keçidi sürətləndirmək üçün faydalı olacaq.

Azərbaycanda tullantıların təkrar emalı müəssisələri ilə bağlı da sualı şərh edən iqtisadçı-alim bildirib ki, ölkəmizdə bu tip müəssisələr var, lakin çox azdır: “Bu texnologiyaların qiyməti çox bahadır. Əgər ölkə iqtisadiyyatına mühüm gəlir qazandırmaq istəyiriksə, gərək bu sahəyə böyük vəsait qoyaq və bir neçə iri müəssisə yaradaq. Həmçinin, qonşu ölkələri də bu istiqamətdə əməkdaşlığa cəlb etmək lazım gələcək. İsveç tullantıların təkrar emalı ilə böyük gəlir əldə edir, lakin bu istiqamətdə müxtəlif ölkələrlə əməkdaşlıq edir”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
Son xəbərlər
Bütün xəbərlər »