Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Böyük dayaq” filminin kadr arxası: Bütün yeməklərə neft vurublarmış...
“Böyük dayaq” filminin kadr arxası: Bütün yeməklərə neft vurublarmış...

Azərbaycan kinosunun incilərindən danışanda 1962-ci ildə kinorejissor Həbib İsmayılovun çəkdiyi “Böyük dayaq” filmini xatırlamamaq mümkün deyil.

Maraqlı süjet xətti, ekran işi, güclü aktyor oyunu bu filmə dəfələrlə baxmağa məcbur edir, qəhrəmanlarla birlikdə onların taleyini yaşayırsan.

Filmdə baş rolları Ələsgər Ələkbərov, Tamilla Rüstəmova, Həsən Məmmədov, Leyla Rzayeva, Zemfira Əliyeva, Nəsibə Zeynalova, Məmmədrza Şeyxzamanov və Hacımurad Yegizarov ifa edirlər.

Filmin ssenari müəllifi olan Mirzə İbrahimov öz qəhrəmanını Sabirabadda tapıb. Kolxoz həyatından yazmaq üçün bir müddət Sabirabada, Suqovuşan kəndindəki Həzi Aslanov adına kolxozun sədrinin evində qonaq qalıb. Rüstəm kişinin evində...

Film Tovuz rayonunda çəkilsə də, bir neçə epizod Sabirabad rayonunda lentə alınıb. Ekran əsərinin sonundakı mənzərə Arazla Kür çayının qovuşduğu yerdir. Yəni Suqovuşan. Maraqlıdır ki, filmin əsas səhnələrinin çəkildiyi Tovuz rayonunun “Nizami” kolxozunda bu film çox illər sonra gerçəkləşib. Öz eqosuna yenik düşən kolxoz sədri fermada qoyunların sayı az olduğuna görə həbs edilibmiş.

Filmdə öz gözəlliyi ilə tamaşaçıları heyran edən Maya obrazını Tamella Rüstəmova canlandırırdı. Maya rejissorun təsadüfü tapıntısı olub. Rol üçün heç kimi bəyənməyən Həbib İsmayılov bir dəfə Tamella Rüstəmovanı tədbirlərdən birində görür və deyir ki, Maya bu xanım olmalıdır. Tamella o zamana qədər aktyor kimi fəaliyyət göstərməmişdi və Litva vətəndaşı ilə evli idi. Filmdə çəkilməyə onu birtəhər razı salırlar. Bu filmdən sonra Tamella Rüstəmova “Ulduz” filmində baş rola çəkilib, 1971-ci ildə isə “Axırıncı aşırım” filmində epizodik rola dəvət alıb.

"Böyük dayaq" filmindən kadr "Böyük dayaq" filmindən kadr

Filmdə Qaraşdan ayrıldıqdan sonra Mayanın ağlamaq səhnəsi var. Bu kədər, aktrisanın üzündəki hüzn süni deyildi. O həmin ərəfədə azyaşlı övladını itirmişdi.

Qaraş rolu Həsən Məmmədovun kinoda debütü idi. Filmdə atasının ona çəkdiyi şapalağı yəqin ki, xatırlayırsınız. Təbii alınsın deyə Həbib İsmayılov Ələsgər Ələkbərova (Rüstəm kişi) tapşırır ki, Qaraşa həqiqətən şillə vursun. Rüstəm kişi kimi zəhmli və boylu-buxunlu bir adamın şapalağı tapança kimi açılır və Həsən Məmmədov gözləmədiyi üçün bu səhnə həddən artıq real alınır. Kadrdan sonra Ələsgər Ələkbərov Həsən Məmmədovu qucaqlayıb gülərək üzr istəyir.

Filmdəki Yastı Salman obrazını ifa edən aktyor Opera və Balet Teatrının solisti Firudin Mehdiyev idi.

Naznaz roluna çəkilən Elmira Yadigarova da rejissorun təsadüfi tapıntısıdır. Maraqlıdır ki, həmin zaman aktrisanın 17 yaşı varmış, rola uyğun gəlsin deyə o az müddətdə 20 kilo kökəlməli olub. Filmdə bu aktrisanı Xalq artisti Sofa Bəsirzadə səsləndirsə də, adı titrlərdə getməyib.

Qaraşın Naznaza dediyi “Sən mənim arvadımın bir dırnağına da dəyməzsən” ifadəsi onu çox pərişan edib və aktrisa traktordan yıxılaraq üz- gözünü əzib. Yaşı az olduğu üçün bunu obraza yox, özünə təhqir kimi başa düşüb.

Filmin toy səhnəsinin çəkilişləri də maraqlıdır. Toyda aktyorlarla yanaşı, “Nizami” kolxozunun sakinləri də çəkiliblər. Kənd camaatı naşı olduğuna görə bir kadr 10 dubla çəkilirmiş. Süfrəyə düzülmüş yeməkləri yeyib qurtarmasınlar deyə (toy səhnəsinin çəkiişləri 2 gün zaman alıb) bütün yeməklərə neft vurulub. Kabab bir dəfə bişib 2 gün stollara verilib, aş isə altına taxta yonqarı tökülmüş yalançı aş idi. Yalnız bir buludda real aş olub ki, onu da sonra Kərəmoğlunun aş yemə səhnəsində istifadə ediblər.

Bu filmdən danışarkən onun əsas ulduzu Rüstəm kişi obrazının yaradıcısı Ələsgər Ələkbərovdan danışmamaq olmaz. Filmin final səhlərindən birində kolxoz sədrinin başına Lal Hüseyn dəyənəklə vurub onu çaya atmalı olur.

Elə bu səhnədə aktyor yanlışlıqla rekvizitdən deyil, gerçək ağac parçasından istifadə edib və Ələsgər Ələkbərovu yaralayıb.

"Böyük dayaq" filmi çəkilərkən aktyor böyrəklərindəki xəstəlikdən əziyyət çəkirdi. Ələsgər Ələkbərovun böyrəkləri xəstə olduğu üçün at minə bilmir. Filmin operatoru çəkiliş meydançasına gətirilən yük maşınında yəhər quraşdırıb, çəkilişi orda aparır. Yəni Rüstəm kişi əslində atın belində deyil, yük maşınının “kuzovunda” oturur.

Ömrünü sənətə, səhnəyə vermiş aktyor başından ilk belə zərbəni teatrda Otello rolunu oynayarkən almış, ölüm səhnəsində başını yerə çırparaq əzmişdi. Bu travmaların acısını o, ömrünün sonuna qədər yaşadı.

O ilk evliliyini aktrisa Hökümə Qurbanova ilə qurub. Lakin sonralar qısqanclıq səbəbilə ayrılıblar. Bu səbəblə də uzun illər iki böyük aktyor küsülü qalıb. Ələsgər Ələkbərovun ikinci evliliyi Zoya adlı qadınla, üçüncü evliliyi isə Janna adlı qadınla baş tutur. İkinci evlilikdən aktyorun Ramiz adlı övladı doğulub.

Əlsəgərin sərt xarakteri onu uzun illər dostluq etdiyi rejissor Ədil İsgəndərovdan da ayrı salıb. Lakin hər ikisi bir-birləri haqda hətta küsülü vaxtlarında belə söz düşəndə gözəl fikirlər səsləndiriblər. Ədil ona möhtəşəm aktyor deyirmiş, o da Ədil üçün “Məni Ədil kəşf etdi” deyə səslənirmiş. Ələsgər Ələkbərov 53 yaşında vəfat edərkən küsülü olduğu Ədil də, Hökumə xanım da onunla vidalaşmağa gəlib. Aktyor ürək çatışmazlığı səbəbilə vəfat edib.

İlhamə, Bizimyol.info

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› MN: "Rusiya Müdafiə Nazirliyinin 2 erməni silahlısının yaralanması məlumatı təəssüf doğurur"
Son xəbərlər
Bütün xəbərlər »