Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnformasiya əsrinin tərs damarı
İnformasiya əsrinin tərs damarı

Kriminalın xəbərindən xəbərin kriminalına qədər

İllər öncə dünyaca məşhur GALLUP Mərkəzinin bir tədqiqatı yayılmışdı. O tədqiqatın iştirakçıları, müəllifləri insanların - oxucuların, tamaşaçıların, dinləyicilərin gündəlik daha çox hansı xəbərlərə maraq göstərdiyini araşdırmışdılar. Məlum olmuşdu ki, insanlar ən çox cinayət xronikasını izləyirlər. Hətta cinayətlərin statistikası adamları vergilərin (elə qiymətlərin də!) dinamikasından daha çox maraqlandırırmış.

O tədqiqat aparıldığı və nəticələri açıqlandığı zaman hələ internet belə yayğın deyildi. Hər halda sosial şəbəkələr Yer kürəsi əhalisinin ixtiyarına verilməmişdi (daha doğrusu, Yer sakinlərinin ixtiyarı öz əlindən belə miqyasda alınmamışdı). O zamanlar, şairin dediyi kimi, canavarın da... "gözəl" olduğu o "Dünyanın gözəl vaxtında" belə, insanların xəbər "əyləncəsi" kriminal statistikaya - daha doğrusu, kriminalın dinamikasına köklənmişdi. Və də getdikcə kriminalitetin "erotika" seqmentinə doğru yuvarlanırdı. Bu o vaxtlardı ki, kənd kitabxanasından "Min bir gecə nağıllarını" soruşanda ağıllara "ayrı şeylər" gəlirdi. Hələ də yeniyetməlikdən gəncliyə doğru yolda yürüyənlər Covanni Bokaççonun "Dekomeron"unu böyük qardaş-bacılarından belə gizlədərək oxuyurdular (ata-ana görsə, tam bir fəlakət!).

Korifey yazıçı Çingiz Aytmatovun ironik təbirincə desək, hətta təbii fəlakətlərin də gözəl olduğu bir superdövlətin vətəndaşının erotik təxəyyülündə erroziya başlamışdı (ya da əvvəldən vardı, üzə çıxmasına şərait olmamışdı). Hər halda izlənən tendensiya belə idi. Və sonrakı dövrdə - o superdövlət dağılanda nə baş verdi?! İmperiya mərkəzi olan Rusiya 1910-cu illərin vəhşi kapitalizminə, Mərkəzi Asiya, Qafqaz kimi periferiyalar da 19-cu yüzilin feodalizminə geri qayıtmağa “qərar verdi”. Aramsız, amansız, ən başlıcası, anlamsız münaqişələr, müharibələr dövrü gəldi. Bunlar ölüm, dağıntı, qan xəbərlərini ön plana çıxardı. Bir də metropoliyanın geri dönüş etdiyi kapitalizmin vəhşətləri və keçmiş müstəmləkələrdəki “müstəqil feodal arxaizmi”nin dəhşətləri ilə üz-üzə qalmaq vardı.

Və o zamanlar kitabdan soyuyan, qəzetdən uzaqlaşan, teatrın qapısını çırpıb gedən hər kəsin dilində və ya dilinin ucunda “sevimli” bir əqlinəticə vardı: “İnsanların zövqü pozulub”.

Kitabxanadan yan qaçan, kitab mağazalarını paltar butiklərinə çevirən zehniyyət: “İndiki yazıçılarda oxumalı bir şey yoxdur”, “qəzetlərdə təkcə ayın tarixi düz olur, o da həmişə yox” kimi idbar təkəbbürlü “özünəbəraət ədəbiyyat”ı formalaşdırdı. Elə özü ara müğənnilərinə on minlər verib toyunda oxudanlar: “Camaatın musiqi zövqü korlanıb” tipli doqquldanma janrı yaratdılar. Və nə yazıq ki, bu donquldanmalar da doğrulardan qaynaqlanırdı. Ancaq korlanan təkcə ədəbi-bədii zövqlər deyildi, ictimai-siyasi, informativ zövqlər onlardan da beşbetər günə düşürdü.

O aralar birdən-birə xəbər bəndi yıxılmış, cəmiyyətlər informasiya selinin yıxıcı-dağıdıcı axarında qalmışdı. Bütün müqəddəslikləri qabağına qatıb aparan, Hüseyn Cavidin təbirincə, “bu həyasızca axın” özündən sonra həqiqət quraqlığı, düşüncə qısırlığı, ictimai diqqət dağınıqlığı, ruhi-emosional xarabalıqlar qoyub gedirdi.

Hələ bir az qabağa qaçıb onu da demirik ki, “Dekameron”u xəlvətdə oxuyanların törəmələri öz erotik, az qala, pornoqrafik təsəvvürlərinin, sapıq təxəyyüllərinin meyvələrini Instagram küçələrinin görünümlərinə, Tik-Tok dənizinin vəhşi çimərliklərinə buraxdı artıq.

Qəfildən önümüzə sərilmiş, “göydəndüşmə” azadlıq, öz sərhədlərini bu azadlığa hazır olmayan cəmiyyətləri (elə eyni dərəcədə hazırlıqsız və səbatsız hökumətləri də) özbaşınalıq uçurumuna doğru qovaraq genişlədirdi. Əslində ictimai fikrin sərhədlərinin delimitasiyasına ehtiyac da bu “ifrat azadlıq” sindromunun: “Eşitdiyin hər şey xəbərdir” kimi eybəcər “əsaslandırma”sından doğulurdu. Və sonradan bu ifrat azadlığı cilovlayacaq “informasiya sərhədləri”nin elə o dərəcədə də sərt “demarkasiyası” ilə üz-üzə qaldıq. Senzura, özünüsenzura bu bəlanın bic doğulmuş xələfləri idi.

Xəbərlə özünü təhlükələrdən qoruyacaq cəmiyyət xəbərin özünün təhlükəsindən qorunmağa məcbur qaldı. Ən çox da hakimiyyətlər. Və ifrat sərt reqlamentasiyalar da burdan doğdu. Bəlkə uğurla başa çatdıra bilərdilər. Olmadı. Sosial şəbəkələr özünü yetirdi. Burdakı azadlıqları ifrata sürükləyib ictimai ovqatı zəhərləyən yarım-yanlış xəbərçilik (sözün hər cür mənasında xəbərçilik) meydan sulamağa başladı. Bir dövr ölkəsinin “xəbər maşını” məşhur hekayələr ustası Gi de Mopassan adlı fransızın əsərindəki həmin acgöz-şorgöz qadını xatırlatdı: O amansız-acımasız qadını ki, tez-tez hamilə qalır və... fərqi yoxdur kimdən. Hamillik dövründə belini bərk-bərk sıxır ki, uşaq şikəst doğulsun. Belə fiziki bədheybətləri diləndirərək daha çox sədəqə yığmaq asan idi axı...

Kriminal xəbərçiliyin tablosu da, bax, budur.

Bəli, başlanğıcda kriminal xəbərçilikdən danışmışdıq. Daha doğrusu, kriminal xəbərçiliyə tələb-təklif nisbətindən. O var ha, nə yeyirsən, ona da bənzəyirsən! Eynisi. Nə oxuyursansa, elə osan. Və ya əvvəl-axır oxuduğuna, izlədiyinə çevrilirsən. Səndən qıraqdakı kriminalın “informativ-emosional əyləncəsi” qalmadı artıq, əvəzində faciəsi var. O kriminal gəlib-gəlib ailənin içərisinə çatdı. İndi kriminal xəbəri hardasa uzaqda axtarmırsan. Seksual manyak da daxil hər cür cinayətkar ocaq başında! Oğru oğurluğa, qatil öldürməyə, quldur talamağa... daha qıraqdan gəlmir; o Bədheybət evin öz içindən çıxdı. Ana qızını öldürdü, oğul anasını, qardaş bacısını, ata da hamısını... Bu olan yerdə kürəkən, əlbəttə ki, evdə qızıl oğurlayacaqdı.

Qərəz... Yalançı mətbuatçılığın abort vaxtı salamat qalmış övladı - “şikəst xəbərçilik” bəlkə ilk başda artıq sədəqə toplayar. Ancaq sonra qayıdıb gəlib o sədəqəni keçirdiyin boğazından da yapışar. Hər cür azadlığın– illah da ki söz azadlığının ondan məsuliyyətli istifadə edəndə anlamı və faydası var. Barıtını çox eləyəndə o xəbərlər elə öz əlində partlayacaq. Bu isə təkcə və sadəcə, kriminalın xəbəri deyil, xəbərin kriminalıdır... Qısası, informasiya əsrinin tərs damarı...

Bahəddin Həzi

Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyini onlayn media subyektlərinin (veb-saytların) inkişafına maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.2. Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

Paylaş »
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Yuxarı Qarabağda əhali Rusiyanın girovluğundadır"
››› Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana gətirilib
››› “Artıq Dağlıq Qarabağ yoxdur, Azərbaycan var, başa düşdüz?!..” - Video
››› ÜST: Həkimlər və tibb bacıları xəstəxanaları tərk edirlər
Son xəbərlər
Bütün xəbərlər »