Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
21 il qulağımızın dibində "əlahəzrət" yaşayıb, xəbərsiz olmuşuq
21 il qulağımızın dibində "əlahəzrət" yaşayıb, xəbərsiz olmuşuq

Deyirəm, yatmışam fil qulağında. Bakıda “Mehdi” varmış, mən də Türkiyədəki “Mehdi” Adnan Oktarın həbsindən narahat olmuşam?!

Bir də ki, bu polislərin “Mehdi”lərlə alıb-verə bilmədiyi nədir? Niyə ancaq “Mehdi”lər həbs olunur. İşin mizah yönü bir tərəfə, həqiqətən Bakıda illər uzunu qapısına nəzirlər aparılan, bir təriqət yaradan, özünü Allah adlandıracaq qədər cəsarətli bir fırıldaqçı olub və bu barədə hamı xəbərsiz imiş? Düz 21 il e... 2000-ci ildən 2021-ci ilə qədər. Nəsə qəribə gəldi.

DİN-in rəsmi məlumatına əsasən, özünü 12-ci İmam Mehdi kimi təqdim edən Aqil Babayev saxlanılıb. Əldə etdiyimiz məlumata görə, Aqil Babayev indi yox, bir neçə müddət öncə saxlanılıbmış. O, özünü günahsız bildiyi, haqqında səsləndirilən ittihamları doğru hesab etmədiyi üçün apellyasiya şikayəti verib və avqust ayının 13-də Bakı Apellyasiya Məhkəməsində onun işinə baxılıb. Hakim isə onun əleyhinə qərar çıxararaq yenidən Kürdəxanıya göndərib. Şikayətçilər onun işsiz, gücsüz, heç bir obyektinin olmamasına baxmayaraq lüks həyat yaşadığını deyirlər. Amma əldə edilən bir sıra məlumatlara görə, onun şaurma dükanlar şəbəkəsi və ortaqları olub.

Haqqında 200-dən çox şikayətçi olsa da, istintaqa 50 nəfər zərərçəkmiş ifadə verib. Ayın 13-də saxta Mehdidən şikayətçi olan yüzdən çox insan məhkəmə qarşısında toplaşıb. Onun təriqət qurması, bacılar günü keçirərək onlarla ünsiyyətin halal olması üçün şəri qanunlardan istifadə etməsi, ona inanan şəxslərə müxtəlif qadağalar qoyması barədə məlumatlar da var (məktəbə getməyin və s.). Hətta ona inananları “bu, şeytan müharibəsidir” deyib dövlət siyasətinə qarşı çıxararq müharibəyə getməyə də qoymayıb.

Aqil Babayev 20 ildir Bakıda dini icmasında hökmranlıq edir və bir çox sadə vətəndaşlar onu hələ indi tanıyır. Polis indi tutur. Adam bəlkə psixopatdır. Araşdırılırmı?

Əldə etdiyimiz digər məlumatlara görə, artıq “Mehdi” olmaqdan da çıxıb Allahlıq iddiasında olan bu iş adamının tutulmasında ortaqları maraqlı olub və xəbər saytlarından birinin məsələyə “qələm çalması” ilə “Mehdi” gündəmə gəlib. Bəlkə onun gündəmdə olmasının başqa gündəmləri unutdurmaq istəyi ilə də əlaqəsi var. Şikayətçilərin bildirdiyinə görə, hətta bəzi ailələrin dağılmasına, eləcə də öz istəklərinə uyğun “boşandırdığı” qadınlara qarşı əxlaqsız hərəkətlərə qədər cəsarət edib. Şikayətçilərin bildirdiyinə görə, özünü Allah, yanına gələnləri isə elçiləri və qulları kimi təqdim edən Aqil Babayev insanların taleyi ilə istədiyi şəkildə oynayıb. Hamı da başını aşağı salıb əməl edib.

Zərəçəkən Xəyal Mustafayev ifadəsində bildirib ki, ustadır, “Mehdi”nin evində görüləcək hər hansı bir işi gecikdirəndə şəxsən özü şallaqla döyürmüş, o da həftələrlə bel ağrısı içərisində gəzirmiş.

Şəhid və qazi ailələri üçün toplanmış vəsaitin hara getdiyini soruşanda Aqil Babayev pulları özünün “ yediyini” etiraf edib və müridləri axır ki, “yuxudan oyanıblar”.

Keçmiş hərbçi, saxtakara görə karyerasını yarım qoymuş, lakin gec də olsa, ayılmış polkovnik Azər İslamov bildirib ki, “Adnan Oktar bunun yanında kişi adam idi”...

Polisi də bildik, fırıldaqçını da. Bəs insanların bu qədər kor-koranə inancına nə deyəsən? “Mehdi” öldür desə, öldürəsiydilər? Din təbii ki, sorğulamağı qadağan edir – həqiqi mömin dinin hökmlərini sorğulamadan və şübhə etmədən qəbul etməlidir. Amma bu “Mehdi”nin əməlləri aşkar şəkildə dindən uzaqdır və görəsən, niyə heç kim “nə üçün” sualını verib ona ağılla vicdanın qəbul etdiyi cavabı tapmağa çalışmayıb? İnsanların dini duyğuları təmiz olur, saf olur. Bunu bilirəm. Amma elə məhz bu saflıqlarından yaxalanır, bu saflıqlarından vurulurlar. Həm də ən ağlasığmaz, inanılmaz şəkildə.

Bir neçə ay öncə Bakıda müridləri vasitəsilə möminlərdən pul yığılması və bu nəzir-niyazın İrana aparılması barədə yazmışdıq. “Mehdi” də pulu köməkçiləri vasitəsilə yığıb. Amma o başqalarından bir başmaq irəli olub, bir barmaq ağıllı çıxıb. Pulu İrana aparmayıb, Bakıda bəy kefində yaşayıb. Əhmədli qəsəbəsində özünə mansardlı 5 mərtəbəli villa tikdirib. Hər kişinin qazancının qırxda birinə göz dikərək, aylıq hər kəsin maaşının 2 faizini tələb edərək... İnsanlara dövlət cərimələr yazır, məcburiyyət tətbiq edir, maskanı, peyvəndi könüllüləşdirə bilmir, ona inananlar könüllü şəkildə ailələrini dağıdıblar, özlərindən, mallarından keçiblər.

DİN-in məlumatında mənə maraqlı gələn məqam isə bu idi: “Mehdi”nin öz videogörüntüləri niyə yoxdur, nə üçün köhnə şəkillərindən istifadə edilir. Şikayətçilərin üzü göstərilir, onun yox. Bəlkə “zühur” etdiyi kimi də qeybə çəkilib?

İlhamə, Bizimyol.info

Paylaş »
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› İstanbul səmasında qəribə görüntü: Tesla, yoxsa Voldemort - Video
››› “Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”
››› Rusiyada universitetdə silahlı basqın olub, ölən və yaralılar var - Video
Son xəbərlər
Bütün xəbərlər »