Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Rusiya heç vaxt Qarabağda “Abxaziya ssenarisi” edə bilməz”
“Rusiya heç vaxt Qarabağda “Abxaziya ssenarisi” edə bilməz”

Son zamanlar Rusiya sülhməramlılarının gözü önündə Qarabağda Ermənistan silahlı qüvvələrinin artması və separatçı quldur dəstələrinin də fəallaşması müşahidə olunub.

Azərbaycan rəhbərliyi tərəfindən də Ermənistanın Rusiya tərəfindən sürətlə silahlandırılması və sülhməramlıların öz vəzifələrini düzgün icra etməməsi dəfələrlə vurğulanıb.

Bu və digər hallar Azərbaycanın sosial şəbəkə istifadəçiləri tərəfindən də birmənalı qarşılanmır. “Hamının ekspert olduğu” sosial şəbəkələrdə müxtəlif fərziyələr, ssenarilər paylaşılır.

Ən çox diqqəti çəkən iddialar da, tezliklə Qarabağda Rusiya pasportunun paylanılacağı, Qarabağda da “Abxaziya ssenari”sinin təkrarlanacağı haqda fikirlərdir.

“Abxaziya ssenarisi” nədir? Əslində, buna “Abxaziya və Cənubi Osetiya ssenarisi” də demək olar. Rusiyanın Gürcüstan ərazisində yaradılmış separatçı qurumları himayə altına alması, 2008-ci ilin avqustunda Gürcüstan şəhərlərini bombalaması, paralel şəkildə “Abxaziya” və “Cənubi Osetiya” separatçı rejimlərini müstəqil dövlət kimi tanıması yaxın tarixdir.

Kreml bu ssenarini Azərbaycanda da həyata keçirə bilərmi? Ümumiyyətlə, rəsmi Moskvanın Azərbaycanla bağlı siyasətində belə bir ssenarinin yer alması nə dərəcədə realdır?

Zərdüşt Əlizadə Zərdüşt Əlizadə

Bu haqda Bizimyol.info saytına danışan politoloq Zərdüşt Əlizadə bildirib ki, Azərbaycan ərazilərində “Abxaziya ssenarisi”ni ehtimal etmir: “Əgər Rusiya tərəfdən belə bir cəhd olacaqsa da, fiaskoya uğrayacaq. Rusiyanın buna gedəcəyini düşünmürəm”.

O qeyd edib ki, Rusiya sadəcə Azərbaycandan daha çox imtiyazlar qoparmaq üçün son zamanlar Qarabağda vəziyyəti gərginləşdirir: “Bu gərginliyin daha da artmasında Rusiyanın maraqlı olacağını düşünmürəm. Rusiya Azərbaycanda nəsə qoparmaq istəyir. Həmçinin, əsas məqsəd Rusiya sülhməramlılarının Qarabağda daimi qalmasını təmin etməkdir. Amma biz görürük ki, Azərbaycan tərəfi müqavimət göstərir və bu istiqamətdə güzəştə getmir”.

Z.Əlizadə hesab edir ki, Rusiya Azərbaycana qarşı açıq şəkildə güc tətbiq etməyəcək: “Əgər Azərbaycana qarşı Xəzər donanması hərəkətə keçsə, Qara dənizdə Türkiyənin donanması ilə üz-üzə qalacaq. Ərdoğan 44 günlük müharibə zamanı da bildirmişdi ki, əgər Qarabağ müharibəsinə üçüncü tərəf müdaxilə etsə, qarşısında Türkiyəni görəcək. Bunu kimin üçün demişdi? Əlbəttə Rusiya üçün. Və Rusiyanın da belə bir riskə gedəcəyini düşünmürəm”.

Başqa bir politoloq Tofiq Abbasov da hesab edir ki, belə bir ssenarinin Azərbaycan ərazisində həyata keçiriləcəyini düşünmək məntiqsizdir.

Tofiq Abbasov Tofiq Abbasov

“Əvvəla, o münaqişə ilə bu münaqişənin kökləri, seqmentləri ayrıdır. Ermənilər Qarabağda yerli xalq deyillər, son 200 ildə Rusiya tərəfindən yerləşdiriliblər və xalqımızın qonaqpərvərliyindən faydalanıblar. O münaqişədə də, bu münaqişədə də həmişə üçüncü tərəflər olub. Bu “üçüncü tərəf”lər zaman-zaman müəyyən rollar oynayıblar. Amma proseslərin bu qədər inkişaf edəcəyini düşünmürəm. Azərbaycan indinin özündə də bəyan edir ki, ermənilərə bütün konstitusion hüquqları təmin etməyə hazırdır. Və Qarabağda yaşayan əksər sıravi ermənilər də artıq Azərbaycandan ayrı bir gələcək olmadığını anlamağa başlayırlar”,- deyə politoloq bildirib.

T.Abbasov əlavə edib ki, Rusiyanın Azərbaycanla bağlı siyasətində “Abxaziya ssenarisi” ehtimalını görmür.

“Rusiya Azərbaycana regionda mühüm tərəfdaş kimi baxır. Proseslərin Azərbaycan ərazisində yeni bir dövlət yaratmaq və onu tanımağa qədər gedəcəyini istisna edirəm”, - deyə politoloq söyləyib.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› İcra başçısının bacısı oğlu həbsdən buraxıldı
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana gətirilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Məhkəmə Robert Koçaryanı Moskvaya buraxmadı
››› “Artıq Dağlıq Qarabağ yoxdur, Azərbaycan var, başa düşdüz?!..” - Video
Son xəbərlər
Bütün xəbərlər »