Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Hacıbala Abutalıbov mənim təyinatıma görə Ramiz Mehdiyevə üzrxahlıq etdi”
“Hacıbala Abutalıbov mənim təyinatıma görə Ramiz Mehdiyevə üzrxahlıq etdi”

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri, bir müddət icra başçısının müavini səlahiyyətlərini icra etmiş Rasim Quliyevin işi üzrə məhkəmə araşdırmaları başlayıb. Avqustun 23-də məhkəmədə prokuror ittiham aktında yazılanları elan edib, Rasim Quliyev ifadə verib.

Bizimyol.info xəbər verir ki, Rasim Quliyev Bakıda – Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında tarixi-mədəniyyət abidəsi kimi qorunan binanın sökülməsi və yerində yeni yaşayış binasının tikintisi üçün “FF-2011” şirkətinə qanunsuz icazə verməkdə ittiham olunur. Rasim Quliyev 31 may 2018-ci il tarixli bu sərəncamı icra başçısının müavini vəzifəsini icra etdiyi dövrdə imzalayıb. Ona Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3 (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham verilib.

Rasim Quliyev Rasim Quliyev

Lakin Rasim Quliyev özünü təqsirli bilmir. Məhkəməyə ifadəsində fəaliyyəti haqda danışan sabiq Aparat rəhbəri bildirib ki, 2000-ci ildə parlament seçkiləri zamanı 29 saylı Səbail Seçki Dairəsinin sədri olub: “Daha sonra Ulu öndərin tapşırığı ilə Bakı şəhər İcra Hakimiyyətinə işə dəvət olundum. 2001-ci ildən 2018-ci ilə qədər orada müxtəlif vəzifələrdə işləmişəm. 2010-2018-ci illərdə isə Aparat rəhbəri olmuşam. Xidmətlərimə görə Prezidentin 22 iyun 2015-ci il tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşam. 2018-ci ildə öz ərizəm ilə tutduğum vəzifədən azad olunmuşam. Ondan sonra “Səs” İnformasiya Agentliyində direktor vəzifəsində çalışmışam. 2019-cu ilin aprel ayından isə YAP Mərkəzi Aparatında ideoloji sahədə işləyirdim”.

Rasim Quliyevin sözlərinə görə, 2017-ci ilin sentyabrında Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahov vəfat edəndə Hacıbala Abutalıbov müavin səlahiyyətlərinin icrasını müvəqqəti olaraq, Aparat rəhbəri kimi, ona həvalə edib. Bu barədə sərəncam da imzalayıb: “Rauf Pənahov həm də Apelyasiya Şurasının sədri, Dini məsələlər üzrə komissiyanın, Qışa hazırlıq üzrə komissiyalarının sədri idi. Bu vəzifələrin icrası da ayrı-ayrı sərəncamlarla mənə həvalə edilmişdi. 21 aprel 2018-ci ildə Hacıbala Abutalıbov Baş nazirin müavini vəzifəsinə təsdiqləndi. Mən ondan sonra müavin vəzifəsini müvəqqəti icra edən şəxs kimi, zəruri sənədlərə qol çəkmişəm, Bakı şəhər İcra Hakimiyyətinin fəaliyyətinə rəhbərlik etmişəm”.

Rasim Quliyev deyir ki, müavin vəzifəsinin icrası ona həvalə olunanda Hacıbala Abutalıbovdan bu məsələyə Prezident Administrasiyasının rəhbərinin razılıq verib-vermədiyini soruşub. Hacıbala Abutalıbov məsələnin Prezident Administrasiyasının rəhbərliyi ilə şifahi şəkildə razılaşdırıldığını bildirib.

Rasim Quliyevin sözlərinə görə, sonradan məlum olub ki, Hacıbala Abutalıbov onun müavin vəzifəsini icra etməsi məsələsini Prezident Administrasiyasının rəhbərliyilə razılaşdırmayıbmış. Buna görə, hətta sonradan Ramiz Mehdiyevə üzrxahlıq məktubu da yazıb, ondan icazə istəyib: “Hacıbala Abutalıbov Ramiz Mehdiyevə ünvanladığı 25 iyun 2018-ci il tarixli məktubda müavin səlahiyyətlərinin icrasını müvəqqəti mənə həvalə edərkən Prezident Administrasiyası rəhbərliyindən müvafiq qaydada razılıq alınmamasına görə təəssüf hissi keçirməklə, üzrxahlığını bildirmişdi. Mənimlə bağlı məsələyə razılıq verilməsini xahiş etmişdi. Lakin bundan sonra Administrasiya tərəfindən yenə razılıq verilməmişdi”.

Prezident Administrasiyasına o dövrdə rəhbərlik edən Ramiz Mehdiyev Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığı 2/569 saylı məktubda vurğulayıb ki, Aparat rəhbəri Rasim Quliyevin müavin vəzifəsini müvəqqəti icra edən qismində Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamını, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktubu və tikinti obyektinin istismarına icazə imzalaması kobud qanun pozuntusudur. Çünki Prezidentinin 6 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə” var. Əsasnamənin 2.7-ci bəndində yazılıb ki, yerli icra hakimiyyətinin başçısı olmadıqda, onun səlahiyyətlərini Prezident Administrasiyasının rəhbərilə razılaşdırmaqla, icra hakimiyyəti başçısının müəyyən etdiyi müavinlərindən biri həyata keçirir.

Rasim Quliyev əlavə edib ki, bu halda, onun imzaladığı sənədlərin, o cümlədən “FF-2011” şirkətinə söküntüyə və tikintiyə icazə verilməsinə dair sərəncamın hüquqi qüvvəsi də şübhə altına düşür.

Yeri gəlmişkən, Eldar Əzizov Bakı şəhər İcra Hakimiyyətinin başçısı təyin ediləndən sonra “FF-2011” şirkətinə icazə verilməsi barədə sərəncamı ləğv edib.

Rasim Quliyev deyir ki, “FF-2011” şirkətinə sözügedən ərazidə yaşayış kompleksinin tikintisi üçün yer 2012-ci ildə ayrılmışdı: “Faktiki, mənim imzaladığım sərəncama qədər tikinti işlərinin aparılmasıyla bağlı bütün hüquqi prosedurlar başa çatdırılmışdı. Həmin sənədlər icra hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən hazırlanıb, imzalanmaq üçün mənə təqdim edilmişdi. Sərəncamın verilməsi üçün əsas olan sənədlərə icra hakimiyyətinin müvafiq strukturları, eləcə də ekspertiza tərəfindən müsbət rəy verilmişdi. Belə olan halda, həmin sərəncamı imzalamamağım mümkün deyildi”.

Rasim Quliyevin dindirilməsi avqustun 30-da keçiriləcək növbəti məhkəmə iclasında davam etdiriləcək.

50 yaşlı Rasim Quliyev 2018-ci ilin sonunda - Eldar Əzizov Bakı şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini təyin edilib, başçı səlahiyyətlərinin icrasına başlayandan az sonra vəzifəsindən azad edilib. Aparat rəhbəri vəzifəsində onu Elgün Həbibullayev təyin edilib.

Rasim Quliyev “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevin qardaşıdır.

Bizimyol.info

Paylaş »
››› Bakıda klinikada çəplik üçün əməliyyata girdi, görmə qabiliyyətindən oldu
››› Raketi görməyənlər, şəhid ailəsinin daşı ilə özünə tualet tikənlər – Qısası, İcra Hakimiyyətləri
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› İnsanlar beynini qida ilə sıradan çıxarır
››› Pandemiya ilə bağlı vəziyyət daha da ağırlaşır
››› Putinin istəyinə çatması Rusiyaya nəyin bahasına başa gələcək...
››› “30 ildir yaşadığım evin mülkiyyət sənədini almağıma imkan vermirlər”
Son xəbərlər
Bütün xəbərlər »