Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ögey ana” filminin kadr arxası: Bu film aktyorların öz taleyini əks etdirirdi - Video
“Ögey ana” filminin kadr arxası: Bu film aktyorların öz taleyini əks etdirirdi - Video

Bu gün Azərbaycanda film istehsalı davam etsə də, XX əsrin ortalarında daha az imkanla, daha böyük entuziazm, gözəl aktyor oyunları sayəsində köhnə filmlərimizi heç nə əvəz eləmir.

Bu gün sizə bu filmlərdən birinin kadrarxası barədə bəzi maraqlı məlumatları çatdıracağıq. Öncə 1958-ci ildə ekranlara çıxmış, o illərdə 21 milyon tamaşaçı tərəfindən izlənmiş “Ögey ana” filmi haqqında danışacağıq. Bu filmi yəqin ki, orta nəslin nümayəndələrindən görməyən yoxdur.

Rejissor Həbib İsmayılovun ekranlaşdırdığı film İsmayıllı rayonunun Qalacıq kəndində çəkilmişdi. Dilarənin fırtınalı gecədə üzərindən keçdiyi asma körpü indi İsmayıllıda böyük populyarlıq qazanmış turizm zonasıdır. El arasında hər kəsin “İsmayılın körpüsü” dediyi bu körpüyə turistlər maraqla axın edirlər.

Filmin çəkilişləri zamanı əsas uşaq oyunçulardan əlavə kütləvi səhnələrə Qalacıq kəndinin uşaqları da çəkilib. İsmayılın itburnu yığmaq üçün partladılan qayanın üstünə çıxması səhnəsini yəqin unutmamısınız. Həmin illərdə İsmayıllıda yol çəkilişi üçün həqiqətən qayalar partladlırdı və filmdə istifadə edilən partlama səhnəsi realdır. Qayadan qopan daşlar, qaya parçaları isə kartondan hazırlanmışdı və bu rekvizitlərdən “Qızmar günəş altında “ filminin çəkilişləri zamanı da istifadə olunmuşdu.

Filmdə sevgisi, istiliyi ilə İsmayılın kövrək, sınıq qəlbini ələ almaq üçün çalışan ögey ana rolunun ifaçısı Nəcibə Məlikova öz ailəsində bu vəziyyəti yaşamışdı, bu əsər onun bir növ ailə hekayəsiydi.

Nəcibə Məlikovanın ögey oğlu AFFA-nın keçmiş baş katibi Fuad Əsədov idi. Nəcibə Məlikova onun atası ilə ailə qurduqdan sonra özünün də bir oğlu dünyaya gəlir, lakin qaynana qısqanclığı, ərinin onu səhnədən ayırmaq istəyi ilə ailəsi dağılır. Həbib İsmayılov bu hekayə əsasında film çəkir və Nəcibə Məlikovanın həkim olmaq arzusunu filmdə reallaşdırıb ögey ananı həkim xanım kimi təqdim edir.

Nəcibə xanım boşandıqdan sonra bir daha ailə qurmur. Azərbaycanın ən gözəl aktrisalarından olan Nəcibə Məlikova ömrünün son illərində ağır xəstəliyə düçar olunca daha heç kimlə görüşmək istəməmiş, heç kəsin onu çirkin görməsini arzulamamışdı. Ürəklərdə də gözəl, xanım-xatın Nəcibə Məlikova kimi qalmışdı.

Ceyhun Mirzəyev də İsmayılın taleyini yaşayıb. O, 3 yaşında olanda atası Cəmil Mirzəyev dünyasını dəyişib. O, atasının ikinci dəfə nikahlandığı anası - gürcü xanım Marqarita və onun əvvəlki nikahından olan qızı - ögey bacısı ilə birgə böyüyüb.

Filmdə “Kəndimiz” mahnısını o vaxtkı “Pionerlər evi”ndən gətirilmiş balaca bir qız , İsmayıl rolunun ifaçısı Ceyhun Mirzəyevin sinif yoldaşı Məsumə Atamova ifa etmişdi. Bu Ceyhun Mirzəyevin ilk filmi oldu.

Maraqlıdır ki, illər sonra onun iştirakı ilə çəkilən “Fəryad” filmində Ceyhun Mirzəyev İsmayıl obrazının böyümüş dövrünü canlandırıdı. Fəryad filmindən sonra Ceyhun Mirzəyev ürək tutmasından həyatını itirdi. Dostları deyirdilər ki, o filmdəki ağır səhnələri ağlayaraq izləyirdi və dözə bilmirdi. Ölümünə də elə bu stress səbəb olmuşdu. İsmayıl obrazı Ceyhun Mirzəyevin taleyinə biçilmiş don, həm ilk, həm son filmi oldu.

“Ögey ana” filmi xalq artisti Hacı Murad Yegizarovun da filmdə debütü olub. O, filmə xalq artisti və yaxın qohumu , filmdə Hüseyn kişi rolunu ifa edən Ələsgər Ələkbərovun köməyi ilə epizodik rol alıb. Çoban Ayaz rolunda çəkilib. Filmdə çəkilərkən maraqlı hadisə də yaşanıb və Hacı Murad Ələsgər Ələkbərovdan güclü bir şapalaq “yeyib”.

“Filmin növbəti çəkilişlərinin birində öz atımı dəyişib başqa bir at mindim. Atın üstünə oturan kimi elə götürüldü ki, uçurumun kənarında yüyənini çəkib birtəhər saxlaya bildim. Ələsgər Ələkbərov hadisə yerinə qaranəfəs qaçaraq gəldi. Elə həyəcanlanmış və qorxmuşdu ki, atdan düşən kimi mənə öncə bir şillə çəkdi, sonra həyəcanlanıb ağladı”,- deyə aktyor xatirələrində yazıb.

Filmdə Fatmanisə qarı rolunu oyanayan Nəsibə Zeynalovanın bu ilk film təcrübəsi oldu. Bu filmdə 80-90 yaşlı qarını oynayan aktrisanın o zaman 40 yaşı olduğuna inanarsınızmı? Əslində yaşlı qadın obrazlarını Nəsibə Zeynalova daha böyük ustalıqla oynayırdı. Elə baş rol aldığı “Qaynana” filminin Moskvada nümayişi zamanı heç kim bu qoca qarını oynayanın əslində orta yaşlı Nəsibə olmasına inanmamışdı.

Filmdə İsmayılla ögey bacısı Cəmilənin çaya yıxılması səhnəsi oktyabrda, həm də 4 dubla çəkilib. Nəticə olaraq hər iki balaca aktyor həqiqətən də xəstələnib. Cəmiləni qorxutmaq üçün filmdə həqiqi yarasalardan da istifadə olunub. Cəmilə rolunun ifaçısı Nəcibə Məlikovanın ailə dostunun qızıydı və filmə də bu şəkildə dəvət alıb.

Filmin finalında İsmayılın anasını qucaqlayaraq ona “ana” deməsi səhnəsi ən təsirli səhnədir. Bu epizodu yəqin heç kim həyəcansız, kövrəlmədən izləyə bilmir. Bax, həmin o göz yaşları heç də aktyor oyunu tələb etməyib. Real hisslər, real duyğular idi. Filmin bu səhnəsi çəkilərkən, Nəcibə xanım da, Ceyhun da, çəkiliş aparan bütün qrup üzvləri də gerçəkdən ağlamışdılar. Bəlkə elə real duyğuların film lentinə köçməsidir ki, bu gün də həmin səhnəni emosiyasız izləmək olmur. “Ögey ana” filmi Azərbaycan film tarixinin ən qiymətli incisi olaraq qalır.

İlhamə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »