Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan üçün daha Əfqanıstanda qalmağın adı yoxdur”
“Azərbaycan üçün daha Əfqanıstanda qalmağın adı yoxdur”

Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı ABŞ-a vaxt qoyub.

“Taliban” nümayəndəsi Süheyl Şahin “Sky News” telekanalına müsahibəsində bildirib ki, ABŞ və Böyük Britaniyaya təxliyə həyata keçirmək üçün əlavə vaxt verilməyəcək, əks halda bunun nəticələri olacaq.

“Bu, “qırmızı xətdir”. Prezident Bayden bəyan edib ki, avqustun 31-dək bütün silahlı qüvvələri Əfqanıstandan çıxaracaqlar. Ona görə də əgər onlar qeyd olunan müddəti uzatsalar, bu, işğalın genişləndirilməsi demək olacaq ki, buna da ehtiyac yoxdur”, - deyə S.Şahin qeyd edib.

“Taliban” nümayəndəsi bildirib ki, ABŞ və Böyük Britaniya təxliyə üçün əlavə vaxt istəsə, mənfi cavab veriləcək: “Bu, aramızda etimadsızlıq yaradacaq. Onlar işğalı davam etmək niyyətində olsalar, bu, adekvat reaksiya doğuracaq” (apa.az).

Azərbaycan Müdafiə Nazirliyi isə zaman-zaman verdiyi açıqlamalarda 120 Azərbaycan sülhməramlısının hələ də Kabildə olduğunu və Türkiyə sülhmərmalı kontingenti ilə koordinasiya şəraitində hərəkət etdiyini bildirir. Lakin Müdafiə Nazirliyi Azərbaycan sülhməramlılarının geri qayıtma tarixi ilə bağlı hələ açıqlama vermir.

Elxan Şahinoğlu Elxan Şahinoğlu

Politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Bizimyol.info saytına bildirib ki, taliblər ABŞ-a işğalçı kimi baxır və onların bu qədər sərt bəyanatı, vaxt qoyması anlaşılandır.

“Lakin düşünmürəm ki, “Taliban” tərəfindən Türkiyə ilə bağlı sərt ritorikalar təkrarlansın. Çünki Kabili ələ keçirdikdən sonra, “Taliban” nümayəndəsi qardaş ölkə adlandırdı. Ərdoğan da bildirib ki, müəyyən təmaslar mövcuddur. Yəni, düşünürəm ki, Türkiyə sülhməramlılarının, o cümlədən Azərbaycanın 120 hərbçisinin Kabili tərk etməsi ilə bağlı müəyyən razılığa gələcəklər. Fikrimcə, bu həftə içində bütün detallar məlum olacaq. O cümlədən, Azərbaycan sülhməramlılarının Vətənə qayıtma tarixini də biləcəyik. Lakin hesab edirəm ki, artıq Azərbaycan üçün Əfqanıstanda qalmağın adı yoxdur”, - deyə E.Şahinoğlu qeyd edib.

Mərkəz rəhbəri xatırladıb ki, Türkiyə məhz NATO-nun mandatı əsasında Kabil Beynəlxalq Hava Limanını qoruyur: “Bu mandata görə, Türkiyə və Azərbaycan sülhməramlıları Əfqanıstanda olan xarici vətəndaşlar, diplomatlar və NATO-ya yardım etmiş, əməkdaşlıq etmiş yerli əhalinin təxliyəsi üçün şərait yaratmaq, aeroportu mühafizə etmək üçün qalıblar. Hazırda təxliyə işləri gedir, lakin təəəssüflər olsun ki, ABŞ və Böyük Britaniyanın vaxtilə onlara kömək etmiş Əfqanıstan vətəndaşlarının çoxunu taleyin ümidinə buraxdığını görürük”.

E.Şahinoğlunun sözlərinə görə, ABŞ rəhbərliyi Əfqanıstanı tərk edərkən, yalnış strategiya seçib və ya plansız davranıb: “Amerika özünü biabır etdi. Bayden bildirmişdi ki, 11 sentyabra qədər Amerika əsgərləri Əfqanıstanı tam tərk edəcək. Lakin avqustun ortalarında ABŞ tələm-tələsik çıxmağa başladı. Bu gün taliblərin sürətlə irəliləməsinə görə Amerikanın özündə Bayden administrasiyasını günahlandıranlar da az deyil”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› Bakıda klinikada çəplik üçün əməliyyata girdi, görmə qabiliyyətindən oldu
››› Raketi görməyənlər, şəhid ailəsinin daşı ilə özünə tualet tikənlər – Qısası, İcra Hakimiyyətləri
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› İnsanlar beynini qida ilə sıradan çıxarır
››› Pandemiya ilə bağlı vəziyyət daha da ağırlaşır
››› Putinin istəyinə çatması Rusiyaya nəyin bahasına başa gələcək...
››› “30 ildir yaşadığım evin mülkiyyət sənədini almağıma imkan vermirlər”
Son xəbərlər
Bütün xəbərlər »