Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əfqanıstanda qadınlar üçün yeni qaranlıq: burkanın qiyməti 10 dəfə artıb
Əfqanıstanda qadınlar üçün yeni qaranlıq: burkanın qiyməti 10 dəfə artıb

“Taliban”ın hakimiyyəti ələ keçirməsi Əfqanıstanda böyük qorxu dalğası yaradıb. Xüsusilə qadınlar terror hərəkatının dövründə yaşamağı böyük dəhşət sayırlar. Çünki “Taliban”ın əvvəlki hakimiyyəti dönəmində həyatlarına yalnız təhlükə görmüşdülər.

Bizimyol.info xarici mətbuata istinadən xəbər verir ki, təkcə 1996-cı ilin dekabrında hərəkat üzvləri evdən ərinin icazəsi olmadan çıxan, tam örtünmək üçün nəzərdə tutulmuş burka geyinməyən 225 qadın cəzalandırılmışdı. Daha böyük “səhvlərə” görə bu cinsin nümayəndələrinin lap daşlanması da mümkün idi.

“Taliban”da hesab edirlər ki, qadının üzünü yalnız ailə üzvləri görə bilər. İçəridə qadın varsa, evlərin pəncərələrinin pərdəsi açılmamalıdır. Təşkilat üzvlərindən biri tələbi izah etmişdi: “Qadın üzü kişinin yoldan çıxmasının mənbəyidir”.

Qadağalar başqa müstəvilərdə də çətinlik yaradırdı. Məsələn, əfqan qadınları kişi həkimlər müayinə edə bilməzdi. Həkim qaydanı pozurdusa, onu ən azı döyürdülər. Həbs də gözlənilən idi. Qadın həkimlər xüsusi xəstəxanalarda işləyirdi. Burada yüksəksəviyyəli mütəxəssislərə, demək olar, rast gəlmək mümkün deyildi.

“Taliban” beş illik hakimiyyəti dövründə əfqan qızları təhsildən məhrum etmişdi. Qızların erkən yaşlarında, hətta 8-ə çatmadan ərə verilməsi məqbul hesab olunmuşdu. Onlar “Taliban”ın devrilməsindən sonra məktəblərdə daha çox görünməyə başlamışdı. Qızların məktəblərdəki payı 2007-ci ildə 41.7 faizə çatmışdı. Bu, “Taliban” dövrü ilə müqayisədə 40 dəfə çox idi. 2011-ci ildə məktəbdəki qızların sayı oğlanları ötmüşdü. Müəllimlərin 14 faizini qadınlar təşkil etməyə başlamışdı.

1996-cı ilə qədər orduda qadınlar gözə dəyirdi. Onların hərbi qüvvələrdə görünməsi bir də 2014-cü ilə təsadüf etdi. NATO-nun dəstəyi əfqan qadın döyüşçülərin yaranmasına səbəb oldu.

2020-ci ildə Əfqanıstan parlamentindəki deputatların 27 faizi qadınlar idi. Halbuki ABŞ Konqresində onların payı 23 faizdən çox deyil.

İnsafən, Əfqanıstanda qadınların vəziyyəti “Taliban”sız da yaxşı deyildi. Ucqar kəndlərdə onlar istənilən halda kölə həyatı yaşayır. Bir çox yaşayış məntəqələrində qızlar məktəbə gedə bilmir, heç vaxt işləmirlər.

Kabilin ələ keçirilməsindən sonra paytaxtda burkanın qiyməti azı 10 dəfə yüksəlib. Əvvəl 2.3 dollara alınan geyim bəzən 34 dollara satılır. “Taliban” üzvləri qadınları inandırmağa çalışır ki, onlar üçün yeni həyat pis olmayacaq. “Biz istəmirik ki, qadınlar qurban olsun”,- bunu mədəniyyət məsələləri üzrə yeni komissiyanın üzvü Enamulla Samanqani deyib.

Əfqan qadınlar “Taliban”a heç inanmaq istəmir. Jurnalistlərlə söhbətləşən gənc qızların reaksiyası belə deməyə əsas verir. Kaşima adlı qız deyib ki, indi ən yaxşı yol qaçmaqdır: “Bir çox rəfiqələrim də belə düşünür”.

Əfqanıstanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar ümidləri dəfn etməyə tələsmir. Jurnalistlərlə danışan təşkilat üzvləri heç də bütün qadınların burka geyinməyə razı olmayacağına inandığını bildirib.

Bizimyol.info

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
Son xəbərlər
Bütün xəbərlər »