Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yerli peyvəndimiz, yoxsa sil-süpür kampaniyası?
Yerli peyvəndimiz, yoxsa sil-süpür kampaniyası?

Dünən sosial şəbəkələr Azərbaycanın kornavirus vaksini istehsal edəcəyinə dair xəbərlə çalxalandı. Sonuncu dəfə belə rezonans müharibə başlayanda yaşanmışdı desəm, yanılmaram. Bu ona görə belə qarşılandı ki, insanlarımızın Azərbaycan səhiyyəsinə inamı yoxdur.

Bu günə qədər başımızı yalan-gerçək xəbərlərlə o qədər aldadıblar ki, vaksin istehsal edəcəyimizə inanmaq bir yana, bu sözün özü belə ironiya yaratdı. Hətta, bir çoxlarının gedib tələsik vaksin vurdurmasına səbəb oldu. “Nə bilmək olar, sonra öz vaksinimizə möhtac duruma düşərik, üstəlik, onu da pulla satarlar bizə” fikirləri ilə. Başımıza gələnlərdən sonra haqsız da deyillər. Pandemiyaya qədər apteklərdə 5-10 qəpiyə satılan Çin istehsalı maskalar pandemiyadan sonra ölkəmizdə buraxılmağa başladı və 30 qəpiyə satılmadımı? Onu da böyük elmi nailiyyət əldə etmişikmiş kimi təqdim eləmədikmi cəmiyyətə? Ölkədə adi diş çöpü, kibrit belə istehsal olunmur, dərman preparatlarının istehsalı üçün açılmış zavodun fəaliyyəti yarım-yamalaq, Bakıda istehsal edilən şprislə iynə vurduran adam bir həftə ayağını darta-darta yeriyir, hansı vaksindən danışırıq. Vaksin hazırlamaq bəyəm bu qədər asan işdirmi? Bu da dönməsin İsmayıllıda açılan velosiped zavoduna. Pullar tökdülər, tikdilər, açılış elan elədilər. Vəssalam. “Azərbaycanski velosiped” görənə Nobel mükafatı düşür. Avtomobil zavodu açırıq. Havasından, təkər rezinlərindən başqa hər şeyi xaricdən alırıq, ad olur bizim? (Necə ki, Olimpiadada Afrikadan gəlmiş idmançılara yalandan milli ad taxaraq milliləşdirmişdik, sağ olmuşlar üzümüzü də qara elədilər). Ölkədə sanki sil- süpür kampaniyası aparılır. Kimin gücü hara yetir, ordan pul silir, yerini də elə süpürür ki, fələk də gəlsə baş açmaz.Koronaviris vaksinlərinin istehsalına dair xəbərlər yayılanda Səhiyyə Nazirliyimiz təəccübə səbəb olan və sonra hər yerdən sildirilən bir xəbər yaymışdı. Azərbaycanda 10 il sonra koronavirus vaksini hazırlanacaq. Bu nə demək idi? Demək ki, buu illət hələ 10 il bizimlə olacaq? Bunu nazirlik hardan və necə proqnozlaşdırmışdı? Nə baş verdi ki, 1 il sonra vaksin hazırlayacağıq deyib elan verdilər?

Ölkədə hansısa elmi nailiyyətin olması əlbəttə pis hadisə deyil. Nə gözəl olardı ki, hətta biz dünyaya öz vaksinimizi təqdim edək, bundan kimlərinsə cibləri yox, dünya faydalansın.Adımız təkcə neft yox, elm, texnologiya ölkəsi kimi də tanınsın.

Milli vaksin proqramı şəffaf və layiqincə aparılarsa ölkədə biologiya, tibb və kimya kimi fundamental elm sahələrinin inkişafına böyük töhfə verər, ayrı-ayrı elmi elmi tədqiqat mərkəzlərini hərəkətə keçirmiş, onların inkişafına stimul vermiş ola bilər.

Lakin vaksinimiz var deyib tələm- tələsik qərarla insanları aldatmasalar.

Həkim-farmakoloq, Uluslararası Complete-Pharma Europe əczaçılıq şirkətinin export departamentinin direktoru Müşfiq Hüseynovun ölkədə vaksin istehsalı məsələsinə münasibətini bilmək istədik.

Müşfiq Hüseynov Müşfiq Hüseynov

“Azərbaycanda son 70 ildə elementar qanəvəzedici fiziki məhlul istehsal etməyib. Vaksin istehsalatı fabrikini qurmaq üçün neçə yüz milyon dollar bir yana, hansı elmi baza, hansı mütəxəssis var? 44 günlük Vətən Savaşı zamanı təmamilə import qan əvəzedici sistemlərdən asılı idik, o da qala ki, çox ciddi iş olan peyvənd industruyası. Turkiyə kimi çox güclü farm industriyası olan ölkə hələ indi vaksin istehsalına başlamaq istəyir. O adamlarla şəxsi münasibətim var və elmi baza olmadan nə çətinliklərlə qarşılaşdıqlarını yaxşı bilirəm. Bunu Azərbaycan üçün demək poplizm də deyil, başqa temadır. Sovet dönəmində Rusiyada (indiki Piterdə məsələn) vaksin istehsalı olub. Çox güclü sənayesi də olub. Amma indi Rusiyayanın heç vodkası da fərli deyil. Sputnik V klassik - az qala 20 ildir mövcud olan koronavirus peyvəndidir. Covid19-a təbii ki, yaramır və bunu istehsalçı gözəl bilir. Yəni, Sputnik dünyanın bəyənmədiyi Sinovac qədər də deyil”,- deyə o bildirib.

İllər öncə ölkədə quş qripi yayılanda indiki kimi efirlər gündəlik qorxulu-qorxulu statistik xəbərlər yayırdılar. Sonra yəqin tapşırıq gəldi ki, uğurlarımızdan da bəhs edin. Hələ dünyada quş qripinə əlac tapılmamış, Ucarda elan edildi ki, 6 virus xəstəsini sağaldıb evə göndəriblər. Yarandığı gündən bəri qarın ağrısının səbəbini düzgün diaqnoz edə bilməmiş bir xəstəxana böyük “elmi yeniliyə imza atdı”. Təbii ki, nə inanan oldu, nə də sevinən.

Bu gün insanlarımızın səhiyyə sisteminə olan bu ironik yanaşmasının səbəbi biz deyilik, dəfələrlə eşitdiyimiz yalanlardır. İnam isə gözyaşı kimidir - düşdüsə, bir də geri qayıtmır.

İlhamə

Paylaş »
››› “Əgər Ermənistan bizə dəhliz vermirsə, o zaman biz də Laçın dəhlizini nəzarətə götürməliyik”
››› Boşanmanın qadağan olunduğu ölkə: Cütlüklərin yarısı evlənmir
››› Azərbaycanın peyvənd pasportu Türkiyədə qəbul olunmadı
››› Yur dövrünün qayıdışı reallığa çevrilir: Mamontları canlı şəkildə görə bilərik
››› İcra başçısının bacısı oğlu həbsdən buraxıldı
››› TƏBİB-in "gizli" dərman paketi
››› "Prostat xəçənginin yaranma səbəbləri daha ağrılıdır"
Son xəbərlər
Bütün xəbərlər »