Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rəşad Məcidlə ciddi zarafat
Rəşad Məcidlə ciddi zarafat

Yazıçıya yazılı dostluq şarjı və ya publisitik təbrik əvəzi

Ramiz Rövşən özünün və başqa bir Ramizin (Həsənoğlunun) 50 illiyinə bir şeir yazmışdı. Maestro Cavanşir Quliyev də o şeirə bir mahnı bəstələmişdi. Çox sadə, səmimi bir mahnıydı. Orda deyir:

Ay adaş, yavaş-yavaş

Gəlib çatdıq əlliyə.

Nə tərifə möhtacıq,

nə də ki təsəlliyə...

Bir azca da "dostluq şarjı" olan bu mahnının sözləri nə qədər duzlu-məzəli də olsa, yadıma düşəndə həmişə fikrə gedirəm. O insan necə də xoşbəxtdir; nə tərifə ehtiyacı var, nə təsəlliyə. Dostum Rəşad isə əllilik rubikonunu 7 il oldu ki, adlayıb. Ramiz Rövşən deyən kimi, nə tərifə möhtacdır, nə də ki təsəlliyə. Olsa-olsa, tənqidə ehtiyacı olar. O da ədəbi tənqidə. Çünki yazıçıdır.

Hətta o qədər yazıçıdır ki, bu yaxınlarda onu Yazıçılar Birliyinin sədr müavini elədilər ("Sədri niyə ola bilmir?" desəniz, Anardan başqa kim ola bilir ki, hələ?!) Hə... Üç ildən sonra Rəşadın 60 yaşı tamamlanacaq. Kim bilir, bəlkə ona qədər Yazıçılar Birliyinin sədri olacaq və biz də qarşıdakı 32 ildə (ən azı!) bu postda oturacaq adamdan müsahibə almaq istəyəcəyik. Ədəbiyyatımıza komandanlıqdan boş vaxtı qalanda o sıx qrafikindən bizə bir pəncərə açıb müsahibə verəcək. Və bəlkə də "Yazıçılar Birliyi var, amma yazıçıların birliyi niyə yoxdur?!" sualımız o zamana qədər artıq aktuallığını itirəcək...

Onu tanıyanların içində... onu tanımayanlar yoxdur. Olur axı, bəzən insanla uzun onilliklər tonlarla çörək yeyib, dekalirtlərlə içərsən... Amma yenə tanımaya bilərsən. Rəşadı isə necə varsa, elə də tanıyır hamı.

Bəzən belə də deyirlər ki, adamı tanımaq üçün yol yoldaşı olmaq lazımdır. Sanki insanlar bir-birini tanımaqdan ötrü mütləq birlikdə harasa uzağa getməlidirlər. O söz, bilirsiniz nə vaxt deyillib?! Adamlar bir ölkədən başqa bir ölkəyə saatlarla deyil, günlərlə, həftələrlə, aylarla pay-piyada, yaxud karvanla yol gedəndə. Birində su olub, o birində çörək. Bu ona su verib, o buna çörək. Yaxud da birində su olub, yoldaşından suyu gizlədib. Çörəyi olub, çörəyini gizlədib. Onda deyiblər ki, filankəsi yolda tanıdım. Ancaq indi burda təyyarəyə minirsən, 3 saatdan sonra İstanbuldasan, məsələn. Bu qısa müddətdə insanı tanımaq mümkün olsaydı, Həsən Səbbah Səlcuqlu sarayında kəşfiyyatı niyə yaradırdı ki?!

Ancaq Rəşadla istər uzağa get, istər yaxına, istərsə də heç yerə getmə - bilirsən ki, maraqlı adamdır. Günümüzdə zəngin adam var, kasıb adam var, istedadlısı var, istedadsızı var, ağıllısı var, dəlisi var... Bu qədərinin arasında maraqlı (məzmunlu) adam çox azdır.

Mən bir dəfə də o haqda yazmışam ki, adam var bir neçə dil bilir, ancaq öz doğmaları ilə belə dil tapıb yaşaya bilmir; öz doğmalarının dilini bilməyənin ispancası nəyə yarayar?! Rəşad isə, deyəsən, hamının dilini bilir; səksənindən səksənən qocanın da, qanı qaynayan cavanın, beşiyindən boylanan balacanın da. Qadın şarmının estetik energetikasından başlamış təbiətin kontrastlı simmetriyasına qədər - hər şeydən anlayır.

Mixail Jvanetski yumorla deyirdi: "Müdriklik yaşla birlikdə gəlir, ancaq bəzən görürsən ki, yaş tək gəlib". Rəşada gələn yaş tək deyil, müdrikliyi də özü ilə gətirib. Hətta bəlkə özündən də qabaq göndərib. Ola bilsin, Rəşad haqqında yazdığı bu sözlərlə razılaşmayanlar da çox olacaq (ən azı onu deyim ki, Yazıçılar Birliyində və kənarda yazıçı çoxdur). Kişinin dostu da olar, düşməni də. Rəşadın yaxşı dostları da var, yaxşı... "düşmənləri də". Əli Əbu İbn Talibin deyirdi: "Düşmənin yoxdursa, deməli, ömründə bir dəfə də olsun, haqqı deməmisən". Kişi sadiq dostu ilə, mərd düşməni ilə bəxtəvərdir.

Hə, üç il gözləyib bu sözləri onun yubileyində yazmaq olardımı?! Bəlkə onda daha yerinə düşərdi deyə düşünənlər olacaq. Ancaq mən yubileylərin 0 və 5 rəqəmlərindən asılılığını çox, həm də çox şərti sayıram. Mütləq gərək əsas rəqəmin yanında ya sıfır olsun, ya da beş?! Niyə ki?! Sıfırla beş arasında yaşananlar həyat deyil ki?! Mənim öz fikrimdir: insan hansı yaşda daha uğurlu, daha məzmunlu, daha yaradıcı, daha faydalıdırsa, yubiley də o yaşlara aiddir. Qalanı bioxronologiya! Yaxud avtobioqrafiya! Necə adlandırırsınızsa, adlandırın.

Rəşadın 57-si, sadəcə, avtobioqrafiya deyil. Çox dərinə gedib sarı simə toxunmaq da istəmirəm.

Bəli, Rəşad 57 il bundan qabaq dünyaya gəlib. 57 il sonra gəlsəydi, mən onu tanımayacaqdım və bu sətirləri də yazmayacaqdım. Bizim bir çoxumuz Rəşaddan sonra doğulmuşuq. Məsələn, mən bir neçə ay sonra. Kim bilir, bəlkə dedik, Rəşad getsin, baxsın, görək, yaxşı dünyadırsa, biz də gələk?! Yaxud düşünmüşük ki, belə yaxşı adamlar gedən yer pis olmaz yəqin. İndi gəlib aldanmışıq, aldanmamışıq - o başqa. Bu Dünya onsuz da bütün zamanlarda hərənin pəncərəsindən bir cür görünüb...

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
Son xəbərlər
Bütün xəbərlər »